Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.09.2022 16:28
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Şərqşünaslıq İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Vətən müharibəsi şəhidlərinin anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini və nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini deyib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən Gövhər Baxşəliyeva xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduğunu, ölkənin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlərin bizim qürur mənbəyimiz olduğunu, sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyini deyən akademik G.Baxşəliyeva, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu, torpaqlarımızı öz qanı-canı bahasına azad edən qəhrəman şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini deyib.

Tədbirdə Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Elnur Mustafayev və başqaları çıxış edərək, Vətən müharibəsində Azərbaycan xalqının sözün həqiqi mənasında birlik  nümayiş etdirərək böyük zəfərə nail olduğunu, bu qələbədə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu deyiblər, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirələrinin həmişə uca tutulacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: