Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2022 15:45
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Anım günü ilə bağlı tədbir keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Anım günü ilə bağlı tədbir keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev yığıncaqda iştirak edən Vətən müharibəsi qazilərini salamlayaraq bildirib ki, şəhidlərimiz və qazilərimiz bizim qürur mənbəyimizdir. Akademik qeyd edib ki, ölkə başçısı İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Azərbaycan xalqı bu gün şərəf dolu bir tarixin Anım Gününü qeyd edir. Əsrlər boyu xalqımızın taleyində çoxsaylı faciələr yaşanıb, zəngin qəhrəmanlıq səhifələri bir-birini əvəzləyib. 2020-ci ilin 27 sentyabrı isə müasir Azərbaycanın tarixində qürurla anılacaq bir gündür. Həmin gün başlanan savaşda Azərbaycanın igid övladları qanları, canları bahasına 30 il işğalda olan Qarabağı azad etdi, xalqımızın tapdalanan qürurunu geri qaytardı. Erməni vandallarının  xalqımıza qarşı iki əsrdən çox həyata keçirdikləri işğalçılıq əməllərinə 44 gün ərzində son qoyuldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq ermənilərin arzusunu ürəyində qoydu. Rəhbər, ordu və xalq birliyi Vətən müharibəsində qələbəni təmin edən ən başlıca amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbələr endirdi. Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Gününün qeyd edilməsi qələbənin müəlliflərinə olan dərin hörmət və ehtiramın nümunəsidir. Şəhidlərin hər birinin qarşısında baş əyirik, onlar sayəsində Qarabağ azad olundu və vətənimiz bütövləşdi.

Sonra Vətən müharibəsi qaziləri  Elnur Məmmədov,  Pərvin Həbibli,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədr müavinləri Zakif Abbasov və  Qorxmaz Nəsirov 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin şücaətindən, dövlətimizin və xalqımızın qazilərə qayğısından danışıb və belə bir tədbirin keçirilməsinə görə institut rəhbərliyinə minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Eyni zamanda Z.Abbasov institutun əməkdaşı Vilayət Məmmədova gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, işğaldan azad olunan ərazilərdə səngərlərin bərkidilməsi işində fəal iştirakına görə təmsil etdiyi ictimai birliyin təşəkkürnaməsini təqdim edib.

Daha sonra tədbirdə çıxış edən professor Arif Əfəndi, gənc alim Günel Əzimova və başqaları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun  44 günlük müharibədə göstərdiyi şücaətdən danışaraq bildiriblər ki, şəhidlərin və qazilərin  hesabına biz artıq alnıaçıq və üzüağ gəzirik, onların hesabına vətənimiz bütövləşdi. Eyni zamanda natiqlər şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıblar.

Sonda akademik Dilqəm Tağıyev tədbirdə iştirak edən hər bir qaziyə 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adından Təşəkkürnamələri təqdim edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

Tədbirin sonunda qazilərlə xatirə şəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: