Tarix üzrə fəlsəfə doktoru Şöhrət İbadovun “Lənkəran şəhəri XIX-XX əsrin əvvəllərində (tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada Lənkəranın qısa tarixi-coğrafi təsviri ilə yanaşı, bəhs edilən dövrdə əhali etnoqrafiyası (etnik və etnodemoqrafik vəziyyət, sosial struktur, konfessional şərait), şəhərin maddi və mənəvi mədəniyyəti ilə bağlı məsələlər, elmi dəlillər, zəngin çöl, mənbə və ədəbiyyat məlumatları əsasında hərtərəfli tədqiq olunub.
Ortaya qoyulan faktların çoxu haqqında məlumatların ilk dəfə təqdim edilməsi əsərin elmi dəyərini artırır. Səlis və axıcı dili, tarixi məlumatların çöl-etnoqrafik materialları ilə bacarıqla uzlaşdırıldığı, sanballı nəticələrin ortaya qoyulduğu monoqrafiya gənc alimin uzun və gərgin əməyinin bəhrəsidir. Yüksək elmi dəyəri olan bu monoqrafiya Lənkəranın tarixi etnoqrafiyasına həsr olunmuş ilk fundamental əsərdir.
Müəllif araşdırmalar zamanı sovet tarixşünaslığında və etnoqrafiyasında Lənkəranın tarixi və maddi-mədəni irsi ilə bağlı irəli sürülmüş tezislərin yenidən nəzərdən keçirilməsinə, şəhərin Azərbaycanın siyasi, iqtisadi, ticarət əlaqələrində, eləcə də nəqliyyat-kommunikasiya sistemində yerinin və rolunun doğru-düzgün müəyyənləşdirilməsinə cəhd edib.
Mənbə, arxiv sənədləri, ədəbiyyat və çöl-etnoqrafik materialları əsasında yazılmış kitabın elmi redaktoru mərhum akademik Teymur Bünyatov, rəyçiləri, tarix elmləri doktoru, professor Fəzail Vəliyev və tarix üzrə fəlsəfə doktoru, dosent Tahir Şahbazovdur.
Monoqrafiya Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının 14 aprel 2021-ci il tarixli iclasında müzakirə olunub və çapa məsləhət görülüb.
“Lənkəran şəhəri XIX-XX əsrin əvvəllərində (tarixi-etnoqrafik tədqiqat)” monoqrafiyası Lənkəranın tarixi və etnoqrafiyası ilə maraqlanan tədqiqatçılar, tələbələr, bütövlükdə geniş oxucu kütləsi üçün qiymətli elmi əsərdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.