Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2022 09:49
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində YAP-ın 30 illiyinə həsr olunan dəyirmi masa keçirilib

AMEA-nın Gəncə Bölməsində YAP-ın 30 illiyinə həsr olunan dəyirmi masa keçirilib

Vətənimizin taleyində müstəsna rol oynamış mühüm bir tarixi hadisənin – Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də silsilə tədbirlərlə qeyd olunur. AMEA-nın Gəncə Bölməsində də bu əlamətdar tarixə həsr edilmiş dəyirmi masa keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər Təşkilatının, elmi ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, Gəncə Ziyalılar Cəmiyyətinin rəhbəri, akademik Fuad Əliyev çıxışında ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan danışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmizin əldə etdiyi möhtəşəm hərbi və siyasi qələbələrin dövlətçiliyimizin və milli həmrəyliyimizin daha yüksək məqamlara yüksəlməsində mühüm rol oynadığını vurğulayıb. Akademik F.Əliyev onu da qeyd edib ki, partiyanın sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın millətimizin mənəvi dəyərlərinin qorunması və inkişafı üzrə həyata keçirdiyi böyük işlər, eləcə də onun bəşəri ideallara xidmət edən beynəlxalq miqyaslı fəaliyyəti dünya  üçün yüksək siyasi mədəniyyət və insanpərvərlik örnəyidir.

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nurəddin İbrahimov çıxışında Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı olan bu partiyanın 30 illik inkişaf yoluna bir daha nəzər salıb. O bildirib ki, Azərbaycan xalqı və onun milli təfəkkürlü ziyalıları 20-ci əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlindəki dərin siyasi böhrandan  çıxış yolunu zəmanənin böyük lideri Heydər Əliyevin rəhbərliyi altında  milli xilas və tərəqqi naminə fəaliyyət göstərə bilən yeni bir siyasi təşkilatın yaradılmasında görürdü və tarixin gedişi bunun həqiqətən də yeganə  düzgün seçim olduğunu sübut etdi.

N.İbrahimov hazırda YAP-ın 774 min nəfərədək üzvü olduğunu və  partiyanın həmişə fəallığı ilə ön mövqelərdə olan Gəncə təşkilatının da öz sıralarında 45 min nəfərdən çox insanı birləşdirdiyini xatırladıb.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov öz çıxışında Gəncə və gəncəlilərin dövlətə, dövlətçiliyə daim sədaqət nümayiş etdirdiklərini qeyd edərək, partiya üzvlərinin ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisinin təmin edilməsi yönündə tutduqları fəal mövqeyə diqqət çəkib.

AMEA-nın Gəncə Bölməsinin YAP ərazi təşkilatının sədri, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxışında partiya üzvü olan alimlərin, eləcə də gənc tədqiqatçıların öz fəaliyyətlərində Azərbaycan həqiqətlərinin və dövlətimizin haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi məsələsindən bəhs etib. O, həmçinin vurğulayıb ki, AMEA-nın Gəncə Bölməsinin kollektivi Yeni Azərbaycan Partiyasının tərəqqipərvər amallarına uyğun olaraq, səmərəli elmi fəliyyətilə yanaşı, yüksək vətəndaşlıq mövqeyi ilə şəhərin ictimai həyatında fəal rol oynayır, ölkəmizin tərəqqisinə öz töhfələrini verir. Bu elm ocağının rəhbərliyi və əməkdaşları arasında “Vətənə xidmətə görə”, “Şöhrət” ordenləri, “Tərəqqi” medalı, həmçinin  “Əməkdar müəllim”, “Əməkdar mühəndis” adlarının daşıyıcılarının olması bunun sübutlarındandır. E.Həsənov millətimizin şanlı zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki döyüşlərdə Gəncə Bölməsinin bir nəfər əməkdaşının da iştirak edərək, təltif olunduğunu diqqətə çatdırıb.

Bölmənin elmi kitabxanasının müdiri Vüsalə Hüseynova isə Azərbaycan qadınlarının, o cümlədən zərif cinsin alim və tədqiqatçı nümayəndələrinin partiyanın fəaliyyətində əhəmiyyətli mövqeyə  malik qüvvə olduğuna diqqət çəkərək, AMEA-nın Gəncə Bölməsinin kollektivinin 70 faizinin qadınlardan ibarət olduğunu, onlardan təkcə cari il ərzində 3 nəfərinin müdafiə edərək, elmi ad aldıqlarını bildirib. O, həmçinin kollektivdə çalışan qadınlardan 3 nəfərinin Vətən müharibəsi iştirakçısının anası, 4 nəfərinin isə həyat yoldaşı olduğunu qeyd edib.

Tədbir öz elmi və ictimai fəaliyyətlərində nümunəvi mövqeyi ilə seçilən bir qrup alim və tədqiqatçıların YAP Gəncə şəhər Təşkilatının və AMEA-nın Gəncə Bölməsinin Fəxri fərmanları ilə təltif edilməsiylə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: