Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.11.2022 09:52
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda qazaxıstanlı alimlərlə görüş keçirilib

Coğrafiya İnstitutunda qazaxıstanlı alimlərlə görüş keçirilib

AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Abay adına Qazaxıstan Pedaqoji Universitetinin coğrafiyaçı alimləri ilə görüş keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov qazax həmkarlarını Bakıda salamlamaqdan məmnunluğunu bildirib və onları tədbirdə iştirak edən alimlərlə tanış edib. Qeyd edilib ki, Qazaxıstan və Azərbaycanın coğrafiya institutları arasında imzalanmış memoranduma əsasən tərəflərin qarşılıqlı elmi yaradıcılıq fəaliyyəti uzun illərdir ki, uğurla davam edir.

Baş direktor institut barədə qonaqlara qısaca məlumat verdikdən sonra Bakıda olduğuna və həmkarları ilə görüşə görə sevincini bildirib Qazaxıstan Milli Pedaqoji Universitetinin (QMPU) Təbiət Elmləri və Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, professor Kulyaş Kaymuldinova qazax həmkarlarını iclas iştirakçılarına təqdim edib. Azərbaycana gəlməklərinin səbəbini açıqlayan Kulyaş Kaymuldinova bildirib ki, əsas səbəb elm-təhsil xətti ilə “Davamlı inkişaf aspektləri üzrə təlim və yenidən hazırlıq” layihəsi çərçivəsində görülən işlərlə əlaqədardır. Universitet barədə məlumat verən direktor işlədiyi müəssisənin reytinqli dünya universitetləri sırasında yer aldığını, hazırda institut əməkdaşlarının 7 qrant layihəsi üzərində işlədiyini, müəssisənin lazım olan avadanlıqlarla tam təmin olunduqlarını diqqətə çatdırıb.

Vaxtilə doktorluq dissertasiyasını Azərbaycan Coğrafiya İnstitutunda müdafiə edən QMPU-nun professoru Bahadurxan Abdumanapov institutun doktoranturasına qəbul qaydaları, təhsil proqramları, Tələbələrə Xidmət Rəqəmsal Mərkəzinin fəaliyyəti, universitetdə müəllim və tələbələrə yaradılan imkanlar, məktəblərdə coğrafiya fənninin tədrisi, dərsliklərin hazırlanması, ali məktəbə hazırlıq və müəllimlərin işə qəbulu, distant və onlayn formatda aparılan təhsil, Xəzər dənizinin öyrənilməsi, Türkdilli  universitetin yaradılması və s. haqqında geniş məlumat verib.

QMPU-nun elmi işlər və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini, dosent Karlıqaş Muzdıbayeva institutun müəllimi, dosent Nurjanat Şakirova ilə birlikdə noyabrın 24-də Almatıda “Davamlı İnkişafın təbiət elmləri, təhsil və elm paradiqmaları” mövzusunda onlayn formatda keçiriləcək Beynəlxalq Elmi Gənclik Forumu haqqında danışıb, azərbaycanlı həmkarlarını tədbirdə fəal iştirak etməyə dəvət edib.

Sonra Coğrafiya İnstitutunun əməkdaşları c.e.d. Sitarə Tarixazər, elmi katib, c.ü.f.d. Zərnurə Həmidova, mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev çıxış edərək Coğrafiya İnstitutu ilə QMPU-nun Təbiət Elmləri və Coğrafiya İnstitutu arasındakı əməkdaşlıq əlaqələrinin hər iki müəssisə üçün müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə kitab mübadiləsi aparılıb. Qazax coğrafiyaçılarına “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilinə tərcümə olunmuş 2 cildi hədiyyə edilib. Qonaqlar öz növbəsində gətirdikləri coğrafiya dərsliklərini institut rəhbərinə təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: