Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.07.2015 16:29
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA-nın İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

İyulun 8-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti iclası keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, həmçinin bölmənin büro üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verib.

Sonra Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov çıxış edərək son zamanlar AMEA-da elm və təhsil sahəsində mühüm məsələlərin müzakirə olunduğunu və vacib qərarların qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, AMEA prezidenti, akademik Akif Əlizadə 9 iyun 2015-ci il tarixdə “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar olaraq iyulun 3-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş işgüzar seminar-müşavirədə bu istiqamətdə geniş müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarını xatırladan idarə rəisi  AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin qiymətləndirilməsi üçün yeni tələblərin müəyyən edildiyini bildirib. Qeyd edib ki, oktyabrın 1-dək ixtisas imtahanları üzrə test tapşırıqları tərtib olunmalı, eyni zamanda fəlsəfə və xarici dillər üzrə informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə xüsusi proqramlar hazırlanmalıdır.

Daha sonra Ə.Sadıqov bölmə üzvlərinin suallarını cavablandırıb.

İclasda Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimovanın “İnsani resurslar və zamanında onun üzə çıxarılması insan kapitalının formalaşmasında bünövrə kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, məruzənin əsas ideyası sosiologiya və sosial psixologiya predmetindən çıxış edərək fənnlərarası inteqrasiya əsasında insan resursları ilə bağlı bir sıra mühüm məsələlərin irəli sürülməsidir.

Tədbirdə, həmçinin Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya və sosial psixologiya şöbəsinin nəzdində İnsanşünaslıq laboratoriyasının yaradılması, AMEA-nın müxbir üzvü Şahin Mustafayevin Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiq edilməsi, İqtisadiyyat İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: