Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.12.2022 21:47
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabat iclasında iştirak edib

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabat iclasında iştirak edib

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) AMEA-nın Yer Elmləri Bölməsi və RSXM-nin Elmi-Texniki Şurasının birgə iclası keçirilib.

İclasda RSXM-nin 2022-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair illik hesabatı təqdim olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Yer Elmləri Bölməsinin, eləcə də RSXM-nin Elmi-Texniki Şurasının üzvləri və mərkəzin əməkdaşları iştirak ediblər. 

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi Akademiyanın tərkibində olan dövlət əhəmiyyətli strateji qurumlardan biridir. “Hesab edirəm ki, mərkəz əməkdaşları həm dövlət maraqları baxımından, həm də bu sahədə elmin inkişaf etdirilməsi baxımından öz vəzifələrini daha ciddi və məsuliyyətlə yerinə yetirməlidirlər. Mərkəzlə bağlı indiyə qədər aldığım məlumatlar və tanış olduğum işlərdən belə qənaətdəyəm ki, burada çox müsbət işlər görülür. Burada həm respublika ərazisində aparılan seysmoloji tədqiqatlarla bağlı istehsalat işləri var. Həm də elmi sahədə də inkişaf gedir”.

Sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mərkəzin illik hesabatını təqdim edib. Əvvəlcə 2022-ci il ərzində təşkilat daxilində həyata keçirilən tədbirlər, mərkəzin Dövlət proqramları çərçivəsində gördüyü işlər, eləcə də normativ-hüquqi aktların icrası, ictimaiyyətlə əlaqələr, beynəlxalq əməkdaşlıq, təhsil və elmin inteqrasiyası istiqamətində həm yerli, həm də xarici universitetlərlə əməkdaşlıq sahəsində əldə olunan nəticələrdən danışıb. Professor Qurban Yetirmişli bildirib ki, 2022-ci ildə Azərbaycanda ilk dəfə olaraq, Böyük Britaniyanın Oksford Universiteti ilə birgə paleseysmoloji tədqiqatlara başlanılıb. Bu tədqiqatlar tarixi zəlzələlərin öyrənilməsi, həmin zəlzələlərin relyefdə yaratdığı dəyişikliklərlə bağlı elmi araşdırmalar aparılması baxımından olduqca vacib və əhəmiyyətlidir.

Daha sonra baş direktor mərkəzdə il ərzində aparılan kompleks seysmoloji, geofiziki, geokimyəvi tədqiqatlar və alınmış nəticələr haqqında ətraflı məlumat verib. Məruzəçi 2022-ci il ərzində mərkəzin seysmik stansiyaları tərəfindən qeydə alınan yerli, regional və uzaq zəlzələlər, eləcə də yeraltı partlayışlar haqqında statistik  məlumatları da açıqlayıb. Onun sözlərinə görə,  il ərzində hazırki vaxta qədər ümumi olaraq 12 min 762 yeraltı təkan qeydə alınıb. Onlardan 2949-u yerli, 4645-i regional, 3776-ı uzaq zəlzələlərdir. Bundan başqa, 1391 yeraltı partlayış qeydə alınıb. Hiss olunan zəlzələlərin sayı isə 17 olub. Maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub. 

Mərkəz rəhbəri çıxışı zamanı beynəlxalq qrant layihələrində RSXM-nin iştirakı haqqında danışarkən bildirib ki, bu çərçivədə ölkəmizə gətirilmiş 22 ədəd yeni seysmik stansiyaların quraşdırılması işləri başa çatdırılıb. Həmin stansiyalardan 12 ədədi dünyada ilk dəfə Abşeron yarımadasında olan palçıq vulkanları ətrafında quraşdırılıb ki, bu stansiyalar vasitəsi ilə palçıq vulkanlarının dinamikasını və orda gedən prosesləri izləmək mümkündür. Hesabat iclasında il ərzində RSXM-də informasiya təminatı, kadr potensialının artırılması məqsədi ilə həyata keçirilən ixtisas fənləri və xarici dil kursları, eləcə də zəlzələ zamanı davranış qaydaları ilə bağlı orta məktəblərdə və tikinti şirkətlərində aparılan maarifləndirmə tədbirləri diqqətə çatdırılıb, suallar cavablandırılıb.

Təqdim olunmuş hesabatla bağlı akademiklər İbrahim Quliyev, Fəxrəddin Qədirov və Pərviz Məmmədov çıxış edərək görülən işləri yüksək qiymətləndiriblər. Həmçinin gələcəkdə aparılacaq elmi tədqiqatlar və elmi kadrların hazırlanması sahəsində prosesin daha da sürətləndirilməsinə dair öz təkliflərini irəli sürüblər.

Təqdim olunan hesabatı yüksək qiymətləndirən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, hazırda Akademiyanın qarşısında duran əsas məsələlərdən biri gənc elmi kadr potensialının artırılması, ən əsası elmlər doktoru hazırlığı sahəsinə xüsusi diqqətin yetirilməsidir. Akademik İsa Həbibbəyli gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi və beynəlxalq elmi tədbirlərdə iştirakının vacib olduğunu diqqətə çatdırıb. Həmçinin Akademiyanın elmi təşkilatları arasında birgə əməkdaşlığın və işlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bu baxımdan Seysmoloji Mərkəzlə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun qədim kurqanlar ətrafında seysmik kəşfiyyat işləri aparmasının maraq doğurduğunu və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

AMEA rəhbəri bildirib ki, gənclərdə elmə marağın artırılması məqsədilə növbəti ildən Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalının dövriliyi ildə iki dəfədən dörd dəfəyə qədər artırılacaq. Həmçinin xarici impakt faktorlu jurnallarda dərc olunan məqalələrin müəlliflərinin AMEA tərəfindən mükafatlandırılması da nəzərdə tutulur.  

Sonda AMEA prezidenti mərkəz əməkdaşlarını qarşıdan gələn Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, akademik İsa Həbibbəyli mərkəzin iş şəraiti ilə də yaxından tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: