Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2023 14:45
  • A-
  • A
  • A+

“20 Yanvar: tarixçi baxışı” mövzusunda anım tədbiri keçirilib

“20 Yanvar: tarixçi baxışı” mövzusunda anım tədbiri keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda 20 Yanvar faciəsinin 33-cü  ildönümünə həsr edilən “20 Yanvar: tarixçi baxışı” mövzusunda anım tədbiri keçirilib.

Anım mərasimində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev anım mərasimini giriş sözü ilə açaraq bildirib ki, xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olub. Vurğulayıb ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı törədilən cinayətdir: “Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı”.

Sonra  professorlar Mais Əmrahov, İradə Bağırova, tarix üzrə fəlsəfə doktorları, dosentlər Cəbi Bəhramov, Hacı Həsənov və Mübariz Ağalarlı 20 Yanvar hadisələrinin canlı şahidləri kimi öz xatirələrini bölüşüblər. 20 Yanvarda ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu, şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayıblar.

Sonda tarix elmləri doktoru, şair Şahin Fərzəliyev 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi şeiri səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: