Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yüksək Texnologiyalar Parkında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
19.01.2023 17:45
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Yüksək Texnologiyalar Parkında (YT Park) Azərbaycan xalqının əzm və iradəsinin rəmzi olan 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YT Parkın baş direktoru, i.ü.f.d. Vasif Abbasov açaraq 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib. O, 33 il əvvəl baş vermiş siyasi proseslərdən danışaraq faciənin əsas səbəblərinə diqqət çəkib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilən bu cinayəti qətiyyətlə pisləməsi və bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın və dərin sədaqətin tarixi nümunəsidir.

Ulu Öndər Heydər Əliyevin öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqillik ideyalarını reallığa çevirdiyini vurğulayan Vasif Abbasov bu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra ərazi bütövlüyünün təmin olunduğunu vurğulayıb. Əlavə edib ki, bu şanlı zəfər ilə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübut etdi.

Baş direktor Qanlı Yanvar faciəsi qurbanlarına və şəhid ailələrinə Azərbaycan rəhbərliyi tərəfindən hər zaman qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, ölkəmizdə aparılan uğurlu siyasət sayəsində bu gün Azərbaycanın dünyada stabil inkişaf edən, öz mövqeyini ortaya qoyan, nüfuz sahibi olan bir dövlət kimi tanındığını qeyd edib. Bildirib ki, bu inkişaf, dayanıqlılıq və davamlılığın təmin olunması məsələləri Yüksək Texnologiyalar Parkının qarşısına da müəyyən vəzifələr qoyur.

Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: