Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.01.2023 11:31
  • A-
  • A
  • A+

MEK-də “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” adlı lektoriya keçirilib

MEK-də “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” adlı lektoriya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” adlı lektoriya keçirilib.

Lektoriya YAP Yasamal rayon təşkilatı, AMEA Azad Həmkarlar İttifaqı və MEK-in birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən öncə MEK-in foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxana işçilərinin, yazarların, elm adamlarının, magistrant, doktorant və dissertantların iştirakı ilə keçirilən lektoriyanı giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev ölkə başçısının 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı Sərəncamı xatırladaraq lektoriyanın məhz bu ilin çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hər sahəyə olduğu kimi, elmə, təhsilə, kitabxanaya, kitaba qayğısı heç zaman diqqətdən kənarda qalmamışdır. “Mərkəzi Elmi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilmişdir. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həmin sahəyə olan qayğısının nəticəsidir. Azərbaycan var olduqca bu tarixi şəxsiyyətin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi daim yaşayacaq və həyat fəlsəfəsi hər zaman diqqət mərkəzində olacaqdır” – deyə baş direktor qeyd edib. Məmməd Əliyev çıxışında MEK-də Heydər Əliyev irsi haqqında nəşrlərin də getdikcə artdığını vurğulayıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin siyasi fəaliyyəti ilə bağlı geniş məruzəsi zamanı ölkənin bugünkü inkişafının təməlinin məhz 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən qoyulduğunu, Ümummilli Liderin parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı gələcəyə aparan yolları müəyyən etdiyini vurğulayıb. “Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin, sarsılmaz iradəsinin və ciddi səylərinin nəticəsi olaraq 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edilmişdir” - deyə  Bəxtiyar Nəbiyev qeyd edib. YAP Yasamal rayon təşkilatının sədri, həmçinin MEK-in ərazi partiya təşkilatları arasında ilk sıralarda olduğunu, bunun əyani nəticəsi kimi son günlərdə daha bir qrup əməkdaşın partiya sıralarına qoşulmaq üçün ərizə ilə müraciət etdiyini də diqqətə çatdırıb.

AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdıraraq tədbir iştirakçılarına uğurlar arzulayıb. O, Ulu Öndərin qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşdığını, bir şəhid qardaşı olaraq Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın da fəaliyyətlərində bu diqqəti gördüyünü xüsusi vurğulayıb.

AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, BDU İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və digər çıxış edənlər kitabxanaçılıq fondlarının genişləndirilməsinin, nəşriyyatların inkişaf etdirilməsi və maddi təchizat baxımından gücləndirilməsinin Ulu Öndər siyasətinin əsas nəticəsi olduğunu vurğulayıblar.

Tədbirdə MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova - Hüseynovanın “Ulu Öndər Heydər Əliyevin irsində kitab mədəniyyəti” adlı məruzəsi dinlənib.

Sonda Ulu Öndərin zəngin siyasi irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: