Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.02.2023 11:34
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının Məclisinin növbəti iclası keçirilib

AMEA Azad Həmkarlar İttifaqının Məclisinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, AHİ-nin aparat rəhbəri Şəhla Əmirova, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, AMEA institutlarının və Akademiyanın əhatə etdiyi elmi müəssisələrin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan professor Habil Qurbanov iclasın gündəliyi haqqında məlumat verib.

Gündəlikdə duran əsas məsələ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30-illik yubileyi ilə əlaqədar olub. Mövzu ilə bağlı çıxış edən Habil Qurbanov bildirib ki, əsas məqsədinin həmkarlar ittifaqları üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsinin təmin edilməsindən ibarət olan AHİK 1993-cü il fevralın 5-də təsis edilib, 2000-ci ildən isə təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üzvüdür.

AHİK-in fəaliyyəti barədə ətraflı məlumat verən sədr AMEA AHİ-nin bu təşkilatın tərkibində fəaliyyət göstərdiyini, Konfederasiyanın hər zaman elm adamlarının sosial problemlərinin həlli, onların müayinə və müalicəsi, habelə istirahəti üçün əlverişli şəraitin yaradılması məsələlərini daima diqqətdə saxladığını vurğulayıb. AHİK tərəfindən 44-günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə göstərilən diqqətdən bəhs edən Habil Qurbanov qeyd edib ki, Konfederasiya tərəfindən təkcə son iki il ərzində 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımı verilib.

Sonra ATİAHİ-nin Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. “Həmkarlar ittifaqları haqqında” Qanunun MDB məkanında ilk dəfə məhz Azərbaycanda qəbul olunduğunu bildirən Mirzə Cəfərzadə sözügedən sənədin illər boyu bu sahədə fəaliyyəti tənzimlədiyini əlavə edib, AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilməsini təşkilatın nüfuzunun bariz göstəricisi olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Fizika, İqtisadiyyat, Kataliz və Qeyri-Üzvi Kimya, Coğrafiya, Genetik Ehtiyatlar institutlarının həmkarlar təşkilatlarının sədrləri bütün sahələrdə çalışan şəxslər kimi, elm adamlarının da məqsədinin Azərbaycanın inkişafı və daha böyük uğurlara imza atması olduğunu qeyd edərək iclas iştirakçılarını AHİK-in 30-illik yubileyilə təbrik ediblər.

Sonda cari məsələlər müzakirə edilib. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması və cari ildə Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyi ilə bağlı müxtəlif tədbirlərin, həmçinin Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım günlərinin keçirilməsi tövsiyə olunub. Bundan əlavə, yeni seçilmiş AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Həmkarlar Təşkilatının sədri Samirə Əliyeva və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının sədri Pərvanə Əliyeva vəzifələrinə təsdiq edilib və AHİ-nin Məclisinin üzvlüyünə seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: