Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov və müəssisənin əməkdaşları iştirak ediblər.
İclasda institutun əməkdaşı, t.e.d. Mahir Rəsulov “Neftin su və kimyəvi reagentlərin köməyi ilə sıxışdırılması prosesinin kəsilən funksiyalar sinfində ədədi modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, vahid metodologiya əsasında neft və qaz yataqlarının işlənilməsi proseslərinin hiperbolik və parabolik tipli qeyri-xətti xüsusi törəməli differensial tənliklər vasitəsi ilə təsvir olunan riyazi modellərinin fiziki xassələrini düzgün ifadə edən effektiv ədədi və analitik həllərinin əldə edilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən bir üsul yaradılıb. Tədqiqat çərçivəsində ikifazalı sistemlərin məsaməli mühitdə süzülmə prosesini təsvir edən qeyri-xətti xüsusi törəməli diferensial tənliklərin zəif həllinin tapılması üçün yeni üsul təklif edilib və bir neçə laboratoriya eksperimentləri modelləşdirilib.
Neftin su ilə sıxışdırılıb çıxarılması prosesində (Buckley-Leverett modeli) başlanğıcda qalıq suyun kəsilməz paylanması şərti daxilində doyma funksiyasındakı yaranan sıçrayışının yerinin və əmələ gəlmə zamanının təyin edilməsi üçün üsul və çoxfazalı fluidlərin süzülməsini ifadə edən tənliklər sisteminin fiziki parametrlərə görə parçalanması üçün metod təklif edilib.
Müəllifin tədqiqatlarının əsas nəticələri “Web of Science” SCIE bazasında indekləşən jurnallarda dərc edilib.
T.e.d. Mahir Rəsulovun “Neftin su və kimyəvi reagentlərin köməyi ilə sıxışdırılması prosesinin kəsilən funksiyalar sinfində ədədi modelləşdirilməsi” mövzusunda məruzəsinin aktuallığı qeyd edilib və mövzu üzrə tədqiqatların davam etdirilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.