Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.09.2015 13:19
  • A-
  • A
  • A+

"Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri" mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb

"Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri" mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb

Sentyabrın 9-da Azərbaycan, Türkiyə və Ukraynanın birgə layihəsi olan "Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri" (Madea-7) mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb.

AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mərsin Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA-nın Y.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzi tərəfindən təşkil olunan beynəlxalq konfransda 24 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Ukrayna, ABŞ, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, Böyük Britaniya, İran və digər ölkələrdən tanınmış alimlər iştirak edirlər.

Tədbiri giriş nitqi ilə açan Madea-7 konfransının həmsədri, Türkiyənin Mərsin Universitetinin professoru Fəxrəddin Abdullayev konfransın məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, 150-dək alimin qatıldığı beynəlxalq tədbirdə tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələr aparılacaq.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev müasir dünyada elmin mühüm rolundan, Azərbaycanda bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb.

Tədbirdə çıxış edən Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, Ukrayna MEA-nın Riyaziyyat İnstitutunun direktoru, akademik Anatoli Samoylenko, Türkiyənin İstanbul Ticarət Universitetinin professoru Əkrəm Savaş və başqaları konfransın riyaziyyat elminə töhfələr verəcəyinə əminliklərini vurğulayıb, tədbirin işinə uğurlar arzulayıblar.

Konfrans bölmə iclasları üzrə öz işini davam etdirib. Bölmə iclaslarında müxtəlif mövzuları əhatə edən məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, tədbir sentyabrın 13-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: