Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Romantik ədəbiyyatımızın unudulmaz tədqiqatçısı
03.03.2023 09:34
  • A-
  • A
  • A+

Romantik ədəbiyyatımızın unudulmaz tədqiqatçısı

Tanınmış ədəbiyyatşünas-alim, tənqidçi, folklorşünas Kamran Əliyevin yaradıcılığı bütövlükdə bədii söz, ədəbi axtarışlarda formalaşıb yaranan zəngin bir irsdir. Onun çoxşaxəli yaradıcılıq yolu bu baxımdan şifahi söz sənətini öyrənən folklorşünaslıq, yazılı ədəbiyyat araşdırmalarında - tənqidçilik, şeir və nəsrin imkanlarında sözünü deyən yazıçı mövqeyi, həmçinin bu fəaliyyət sahələrinin ilkin laboratoriyası və təbliğat məkanı olan tələbə auditoriyalarındakı pedaqoji işini əhatə etməkdədir. Professor Kamran Əliyev, hər şeydən əvvəl, zamanın səs-küyündə sənətin dəyəri, ruhu və ecazkarlığına bağlanıb, sözü sevib, sözlə yaşayan, sözün varlığı, müqəddəsliyində özünü təsdiq edən ziyalıdır.

Kamran Əliyev ilk elmi araşdırmalarını Azərbaycan romantizminin öyrənilməsi məsələlərindən başlamış-romantizmin mahiyyəti, yaranması, nəzəri əsasları, başlıca ədəbi simaları, ayrıca poetik əsasları və s. üzərindən çoxsaylı tədqiqatlar aparmışdır. Onun “XX əsrin Azərbaycan roman­tiklərinin ədəbi-nəzəri-görüşləri” (1985), “Hüseyn Cavidin şəxsiyyəti və poetikası” (1997), “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” (1998), “Cavid möcüzəsi” (2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (2006), “Hüseyn Cavid: həyatı və yaradıcılığı” (2008) və s. tədqiqatlarında romantizmin öyrənilməsi, bütövlükdə, konseptual araşdırma mövzusuna çevrilmişdir. Xüsusilə, romantizmin poetikası məsələləri - romantik qəhrəman konsepsiyası, əsərlərdə mövqe və xarakter, təbiət və mifoloji obraz səciyyəviliyi və s. problemlər XX əsr Azərbaycan romantiklərinin bədii yaradıcılıq və ədəbi-nəzəri görüşləri ilə birlikdə araşdır­malara cəlb olunmuşdur.

Professor Kamran Əliyev romantizmin elmi-nəzəri əsaslarının öyrənilməsində, xüsusilə Hüseyn Cavid və Məhəmməd Hadi irsinə ayrı-ayrılıqda müraciət edərək romantiklərin həyat həqiqətlərinə yanaşma şərtlərini, əsərlərində mətnaltı kodlarla fikir təlqinini xüsusi olaraq tədqiqat mövzusuna çevirmişdir. Bəşəri mövzular, bəşəri hisslərlə romantik düşüncə təcrübəsinə gətirilən insan talelərinin sonrakı ədəbi proses, gələcək perspektivdəki uyğun modeli də alimin bu araşdırmalarında həm də maraqlı müqayisələrin aparılmasına yol açmışdır. K.Əliyev üçün H.Cavid irsi bu baxımdan pafosu, rəngli poetik dünyası ilə seçilən irsdən çox, insanın ağrılı həqiqətlər dünyasından zamana, gələcəyə baxışının fəlsəfəsi idi. K.Əliyev Hüseyn Cavidi dramaturq, publisist, ictimai fəal olmaqla yanaşı, əqidəli, dürüst bir ziyalılığı ilə qəbul edirdi. H.Cavid, M.Hadi kimi romantik sənətkarların bədii irsi bütün hallarda insanlıq, müha­ribə, gələcəyin qurulması birliyində bəşəriyyətin taleyindən keçirdi.

Kamran Əliyev tənqidçi kimi yazıçı, şair, ümumiyyətlə, sənət adamında istedad və yaradıcı ruhun sərbəstliyini qiymətləndirir, yazıçı dürüstlüyünü, şəxsiyyət bütövlüyünü vacib məsələ kimi irəli sürürdü. O, klassik və müasir ədəbi irsdə ayrı-ayrı ədiblərin yaradıcılığına müraciət edərək burada süjet, ədəbi forma və üsulların fərqləndirilməsini araşdırır, eyni zamanda, onların bədii irsindəki oxşarlıqların sabitləşmiş forma-xüsusiyyətlərini irəli sürürdü. İkinci halda alimin təklif etdiyi mövzu, ideya, poetik əlvanlıq və s. bağlı konkret struktur elementlər bütünlüklə yazıçı, ədiblərin yaradıcılıq özünəməxsusluqlarına qarşı dayanır, ümumi sənət görüşləri baxımından bir meyar-mərkəzdə birləşirdi. Bu baxımdan M.F.Axundov, A.Bakıxanov, M.Şaxtaxtlı, M.Ə.Sabir, M.S.Ordubadi, C.Məmmədquluzadə, C.Cabbarlı, R.Behrudi yaradıcılığına tənqidi münasibətində Kamran Əliyev ədəbiyyatımızın silsiləvi sxemini təklif etməklə, eyni zamanda, bu sxem üzərindən söz sənətinin təşəkkülü prosesində oxşar qabaqlayıcı strukturu və modusları fərqləndirirdi.

Elmi araşdırmalarına yazılı ədəbiyyat problemləri sahəsindən başlayan Kamran Əliyev sonrakı tədqiqatlarını Azərbaycan folkloru məsələlərinin öyrənilməsi istiqamətində daha da genişləndirir. Folklorun zəngin obrazlar sistemi, mətn özəllikləri, arxaik kodların öyrənilməsini ön planda saxlayan tənqidçi ardıcıl olaraq “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” (2011), “Çağdaş folklorşünaslıq problemləri” (2017), “Açıq kitab - “Dədə Qorqud” (2015) kimi tədqiqatlarını elmi ictimaiyyətə təqdim edir. Xüsusilə, “Dədə-Qorqud” dastanı üzərində geniş araşdırma aparan Kamran Əliyev folklor mətnlərinin yaranması təcrübəsində etnopoetikanın problemlərinə toxunur, müxtəlif məzmun, misrada şeir şəkillərinin yeni konkret bayatı, gəraylı, qoşma formullarına keçidinin tarixi mexanizmini müəyyənləşdirir. Humanitar fikrin daim diqqət mərkəzində olan yazılı ədəbiyyat və folklor məsələləri də Kamran Əliyevin elmi araşdrımalarının başlıca istiqamətlərindən biri idi. O, ayrı-ayrı romantik sənətkarların irsindən başlayaraq, klassik və müasir söz ustalarının yaradıcılığında şifahi ənənənin rolu, başqa sözlə desək, poetik mətndə bədii konstruksiyanın başlıca şərtlərini məhz folklor təməlləri üzərindən qiymətləndirirdi (“Hüseyn Cavid və folklor”, “Şeyx Sənan” faciəsi və “Əsli-Kərəm”, “H.Cavid və xalq dramları”, “H.Cavid və mifoloji obrazlar”, “Romantik qəhrəman və dastan qəhrə­manları” və s.). Uzun illər “Folklor və yazılı ədəbiyyat” şöbəsinə rəhbərlik edən alim tədqiqat mövzularının diqqətlə seçilməsi, folklor və yazılı ədəbiyyat məsələləri mif, folklor mətnlərinin yazılı ədəbiyyata trans­formasiya zənginliyi, obraz köçürmələri, motiv formalarını nəzərə alaraq oxşar tədqiqatlardan qaçır, daha problematik məsələlərin araşdırılmasını irəli sürürdü. Folklorun ədəbiyyata təsiri ilə yanaşı, Kamran Əliyev ədəbiyyatın postfolklor dönəmində şifahi ədəbiyyata təsirinin də forma və şəkillərini nəzəri düşüncəyə gətirirdi.

Qeyd edək ki, Kamran Əliyevin ictimai fəaliyyətinin bir istiqamətini də alimin pedaqoji sahədə həyata keçirdiyi vəzifələri təşkil etməkdədir. Respublikanın müxtəlif ali məktəblərində onlarca mütəxəssis hazırlayan Kamran Əliyev pedaqoji fəaliyyətini heç zaman qarşısına qoyduğu ümumi vəzifələrdən ayırmamışdır. Alimin fikrincə, ən mükəmməl elmi mülahizələr təkcə adı kitablara salınan ziyalılar arasında deyil, həm də tələbə auditoriyalarında səslənməli, yeri gəldikcə yeni problemlər məhz auditoriyalardan araşdırma masalarına daşınmalıdır. O, “Azərbaycan uşaq ədəbiyyatı”, “Ədəbi tənqid”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Müasir ədəbi proses” və s. fənlərdən təşkil etdiyi dərslərdə tələbənin elmi düşüncə potensialının seçilməsinə diqqət yetirmiş və onların istiqamətləndirilməsində həmişə ziyalı mövqeyini nümayiş etdirmişdir.

Professor Kamran Əliyevin fəaliyyətində onun yaradıcılıq irsi də bu kontekstdə ayrıca yer tutur. Ədibin ayrı-ayrı dövrlərdə yazdığı şeirləri, hekayə və povestləri də Kamran müəllimin sənətə, sözə olan marağının, istəyinin ifadəsi idi. “Dağlı məhəlləsi”, “204 nömrəli avtobus”, “Bənövşə oyunu”, “Natura”, “Markesin ölümü” və s. hekayələri, “Yalquz”, “Qara köpək”, “Zəli”, “Vağzal” kimi silsilə povestləri onun hələ uşaqkən xatirələrində yer alan hadisələr, doğma el-obasının məişəti, insanları haqqında uzun illər apardığı müşahidələrində bir araya gətirdiyi həyat həqiqətləri, düşüncə və duyğularının ifadəsidir.

Onun 1998-ci ildə çapdan çıxan “Yalquzaq” romanı o dövrdə müasirləri, tələbələri, sənət adamları tərəfindən maraqla qarşılanmışdır. Kiçik bir kəndin simasında mikro mühitdə insan obrazları, onların həyatı, taleləri yazıçı tərəfindən olduqca canlı, milli koloritlərlə qələmə alınmışdır.

Alim təfəkkürünə, həyat təcrübəsinə dayanan Kamran Əliyev düşüncələrinin ardınca çıxdığı səfərlərində onun öyrənib, araşdırıb ilkin təqdimatlarla elmə gətirdiyi yenilikləri sonda zirvə konsepsiyasında təsdiqini tapmışdır. Hansı fəaliyyət sahəsindən baxırıqsa-baxaq, Kamran müəllimin şəxsiyyətini, böyüklüyünü, qürurunu görürük. Bu, bir həqiqətdir ki, ömrünün son günlərində ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, o, işindən - çox sevdiyi sözün varlığı, yaradıcı ruhuna bağlılığından, müəllim peşəsindən əl çəkmədi. O, bu dünyada seçdiyi ömür yolunda ziyalı, alim, pedaqoq vəzifəsinə sonadək sadiq qaldı. Bu baxımdan professor Kamran Əliyevin həyat və yaradıcılığı bütünlüklə xalqa xidmətin yolunu göstərən bir taleyin dərsləridir....

Mətanət ABBASOVA, AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan Folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent

“Xalq qəzeti”

  • Paylaş: