Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.03.2023 10:20
  • A-
  • A
  • A+

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib

General Ə.Şıxlinski adına 135 saylı orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfa Qurbanova Ulu Öndərin yaşadığı  mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi  haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün bu müasir məktəbdə keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir.

Sonra  AMEA Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Əməkdar müəllim, filologiya elmləri doktoru Hüseyin Əsgərov, Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasının müdiri, tarix elmləri doktoru Əsgər Əhməd Ulu Öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məruzə ediblər.

Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa İli”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə Fəxri Fərmanla təltif edilmiş professor Habil Qurbanov “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı məruzəsində bildirib ki, bir dövlətin ədalətli, əbədi və güclü olmasının ilkin şərti onun hüquqa əsaslanmasıdır. H.Əliyev hər zaman hüquqi dövlət quruculuğunu dövlət idarəçiliyinin əsas prioriteti kimi görürdü. Yeni müstəqillik qazanmış bir dövlətdə bunu qısa müddətdə və qüsursuz həyata keçirmək məhz Heydər Əliyev kimi Liderin öhdəsindən gələ biləcəyi ağır və məsuliyyətli bir iş idi. Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dinamik şəkildə inkişaf edən dövlətimizin malik olduğu hüquqi dövlət konsepsiyasının memarı Ulu Öndər Heydər Əliyevdir! Daha sonra qarşıdan gələn Novruz Bayramı münasibətilə hamını ürəkdən təbrik edən professor Habil Qurbanov ibtidai sinif şagirdlərinə 50 ədəd Novruz şənliyi biletini də  hədiyyə edib.

Tədbirin sonunda məktəb şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyev haqqında şeir nümunələri dinlənilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: