Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nar genomunun oxunması üzrə tədqiqatların nəticəsi yüksək impakt faktorlu jurnalda dərc olunub
19.03.2023 16:37
  • A-
  • A
  • A+

Nar genomunun oxunması üzrə tədqiqatların nəticəsi yüksək impakt faktorlu jurnalda dərc olunub

AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun elmi rəhbərliyi ilə bu qurumun tədqiqatçı alim və mütəxəssislərinin beynəlxalq və yerli tərəfdaşlarla birgə gərgin elmi fəaliyyətinin nəticəsi olaraq, nar genomunun oxunması üzrə əldə edilən verilənlərin təhlili əsasında hazırlanmış “Two major chromosome evolution events with unrivaled conserved gene content in pomegranate” adlı məqalə “Frontiers in plant science” jurnalının “Bitki sistematikası və təkamülü” bölməsində nəşr edilib.

“Frontiers” nəşriyyatının Q1 kateqoriyalı jurnalları siyahısında yer almış bu jurnalın impakt faktoru  6.627-yə bərabərdir.

Tədqiqat işində dünyada ilk dəfə olaraq, “Azərbaycan gülöyşəsi” nar sortunun tam genomunun “de-novo” oxunması və 6 orqanı üzrə transkriptom analizi həyata keçirilmiş, nar genomu üzrə 1,5 milyard, transkriptom üzrə isə 100 milyard nukleotid cütü uzunluğunda informasiyanın düzlənməsi başa çatdırılmışdır.

Genom məlumatları Amerika Birləşmiş Ştatlarının Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən 12 dekabr 2017-ci ildə “PGOL00000000.1” nömrəsi altında qeydə alınmışdır. Eyni zamanda dünyada ilk dəfə olaraq nar bitkisi üzrə “Pan genom” layihəsi hazırlanaraq həyata keçirilmiş 6 nar sortunun genomunun re-sekvenslənməsi yekunlaşdırılmış və müxtəlif bazalarda olan Çin və Tunis mənşəli genomlarla müqayisə edilərək referens genom yaradılmış, eləcə də nar bitkisində 16 və 18 xromosomlu sort və formalarda olan genom fərqlilikləri müəyyən edilmişdir.

Məqalə ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: