Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.04.2023 09:30
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda Xırdalan məktəbliləri ilə birgə tədbir keçirilib

Coğrafiya İnstitutunda Xırdalan məktəbliləri ilə birgə tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Xırdalan şəhəri, Veysəl Müsibov adına 5 nömrəli tam orta məktəbin 7B sinfinin şagirdlərinin görüşü keçirilib.

AMEA-nın foyesindən başlanan tədbir Akademiyanın elmi müəssisələrinin fəaliyyətini əks etdirən sərginin nümayişi ilə davam edib. Burada baş kitabxanaçı Məhsəti Cəfərova şagirdlərə Elm Günü və digər əlamətdar günlər münasibətilə Coğrafiya İnstitutunun fəaliyyətindən bəhs edən foto-video materiallar və yeni nəşrlər haqqında söhbət açıb. Məktəblilər institutun  kitabxanasında, eləcə də  Xəritəçilik və coğrafi informasiya şöbəsində olublar, GİS mütəxəssisi Nazim Gəraylının şöbənin gördüyü işlər, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritə və atlasların tərtibi və çap prosesi haqqında məlumatını dinləyiblər.

Sonra institutun akt zalında “Biz coğrafiyanı sevirik” mövzusunda seminar məşğələ keçirilib. Tədbiri giriş sözü ilə açan sözügedən müəssisənin Həmkarlar Təşkilatının sədri, c.ü.f.d., dosent Habil Haqverdiyev coğrafiyanın əhəmiyyəti, bu elmin inkişafında böyük rol oynamış alimlər və müxtəlif vaxtlarda instituta rəhbərlik etmiş coğrafiyaçıların fəaliyyəti haqqında danışıb.

Məktəblilər mövzu ilə bağlı hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.

İnstitutun icraçı direktoru v.i.e., coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani coğrafiyanın müasir problemləri haqqında məktəblilərə qısa məlumat verdikdən sonra, “Azərbaycanın qorunan əraziləri - Milli parklar” mövzusunda təqdimatla çıxış edib. Çıxışının sonunda o, Coğrafiya İnstitutunun hazırladığı xəritə və kitabları məktəbə hədiyyə edib.

Tədbirdə fəal iştirak etdiklərinə və şagirdlərdə coğrafiya elminə maraq oyatdıqlarına görə bəzi tədbir iştirakçılarına təşəkkürnamələr təqdim edilib.

Seminar-məşğələdə iştirak edən Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Elçin Quliyev, məktəbin direktor müavini Sevinc Namazova, sinif rəhbəri Günel Abbasova və məktəbin coğrafiya müəllimi Əminə Tağıyeva çıxış edərək tədbirin təşkilində yaxından iştirakına və şagirdlərə göstərdikləri qayğıya görə coğrafiyaçı alimlərə minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: