Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan və Qazaxıstan elmi sahədə əməkdaşlığı gücləndirir
13.04.2023 12:40
  • A-
  • A
  • A+

Azərbaycan və Qazaxıstan elmi sahədə əməkdaşlığı gücləndirir

Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin sürətlənməsi ilə iki ölkə arasında elm və təhsil sahələrində əməkdaşlıq vüsət almaya başladı.

Azərbaycanın və Qazaxıstanın aparıcı ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin ali təhsil müəssisələrində elmi-pedaqoji təcrübə keçmək üçün iki ölkədən tələbələrin mütəmadi mübadiləsi aparılır.

2017-ci ildə Qazaxıstanın Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq, hər iki ölkə vətəndaşları üçün hüquq bərabərliyi və təhsil imkanlarının təmin edilməsi, təcrübə mübadiləsinin aparılması haqqında saziş imzalanmışdır. Bu saziş təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, təhsillə bağlı dövlət tərəfindən verilən sənədlərin tanınması məsələlərini də ehtiva edir.

2020-ci ildə Qazaxıstan Respublikası Hökuməti  ilə Azərbaycan Respublikası  Hökuməti arasında yüksəkixtisaslı elmi və pedaqoji kadrların sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.

İki ölkənin ali təhsil müəssisələri arasında da əlaqələr mövcuddur. Bu mənada, Bakı Dövlət Universitetinin Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti, Əl-Farabi adına Qazax Milli Universiteti, Abay adına Qazax Milli Pedaqoji Universiteti, Kozybayev Şimali Qazaxıstan Dövlət Universiteti, Qazaxıstan-Amerika Universiteti, Aktaudakı Yesenov Universiteti, Şərqi Qazaxıstan Texniki Universiteti, Atırau Dövlət Universitetinin Memarlıq və İnşaat Akademiyası ilə tərəfdaşlıq müqavilələri var. İki ölkənin elmi-tədqiqat institutları da əməkdaşlığı inkişaf etdirir. Hazırda Qazaxıstanın 43, Azərbaycanın 64 universitet və elmi-tədqiqat institutları bir-biri ilə əməkdaşlıq müqaviləsi imzalamışlar və bunların əsasında daimi əlaqə saxlayırlar.

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq  çoxtərəfli beynəlxalq platformalar müstəvisində də intensiv şəkildə inkişaf edir. Bu əməkdaşlığın ən gözəl nümunəsi mənim də prezidenti olduğum Türk Akademiyasıdır. Azərbaycan 2010-cu ildə Astanada yaradılmış Akademiyanın təsisçi üzvüdür.

Türk Akademiyası türk dövlətləri arasında elm və təhsil sahələrində inteqrasiyanın həyata keçirilməsi üçün çalışır. Üzv ölkələrin elm və təhsil nazirləri Akademiyanın Elmi Şurasının üzvləridir. Bu kontekstdə Qazaxıstan və Azərbaycanın Elm və Təhsil nazirlikləri daimi əlaqə saxlayırlar. Məsələn, ötən il Astanada keçirilən elmi şuranın iclasında iştirak etmək üçün gələn Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev də Qazaxıstanda rəsmi səfərdə olmuş və həmkarı, Qazaxıstanın təhsil naziri Aşat Aymağanbetov və həmçinin elm və ali təhsil naziri Sayasat Nurebekin ilə görüşmüşdür. Emin Əmrullayevin həmin günlərdə yenidən nazir vəzifəsinə təyin olunmuş Sayasət Nurebekin ilk xarici qonağı olması da əlamətdar bir hadisədir.

Türk Akademiyası beynəlxalq təşkilat olduğu üçün burada çalışan mütəxəssislərin milliyyəti bir o qədər də əhəmiyyətli deyil. Lakin buna baxmayaraq hesab edirəm ki, mənim Azərbaycan vətəndaşı olmağım Qazaxıstanla Azərbaycan arasında elmi əlaqələrin daha da inkişafına töhfə verəcək.

Azərbaycan və Qazaxıstanın elm və təhsil sahəsində əməkdaşlıq etdiyi digər mühüm platforma Türkiyə Universitetlər Birliyidir (TÜRKUNİB). Türk Dövlətləri Təşkilatları çərçivəsində fəaliyyət göstərən bu platformanın məqsədi türk dövlətləri universitetləri arasında əməkdaşlığın institutlaşdırılmasına nail olmaqdır.

Azərbaycandan 5 universitet (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti) və Qazaxıstandan 7 universitet (Əl-Farabi adına Qazax Milli Universiteti, Qumilyov adına Avrasiya Dövlət Universiteti, Ahmet Yesevi adına Beynəlxalq Qazax- Türk Universiteti, Nazarbayev Universiteti, Atırau Dövlət Universiteti, Semey Tibb Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti) bu birliyin üzvüdür. Bu universitetlər  öz aralarında da əməkdaşlığı inkişaf etdirirlər.

Bundan əlavə, Qazaxıstanın Aktau Dövlət Universiteti və Atırau Neft və Qaz İnstitutu  Xəzəryanı Dövlət Universitetlərinin Assosiasiyası  çərçivəsində Azərbaycan Dövlət Texniki Universiteti ilə əlaqələri inkişaf etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: