Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş respublika elmi konfransı keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup müəllim, tələbələri, eləcə də “Evrika” liseyinin müəllim və şagirdləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev Ümummilli Liderin dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışıb. Akademik bildirib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf, o cümlədən, yüzlərlə məhsul istehsal edən kimya sənayesinin inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Dilqəm Tağıyev vurğulayıb ki, Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə ilk illərdən başlayaraq ölkədə neft-kimya sənayesinin inkişafına xüsusi diqqət ayırıb, məhz həmin illərdə Sumqayıtda kimya sənayesinin inkişafı, yeni kimya müəssisələrinin yaradılması, mövcud istehsalatların müasirləşdirilməsi sahəsində işlər xeyli sürətlənib. Həmin dövrdə sintetik kauçuk zavodunda yüksək təzyiqli polietilen, butil-kauçuk, butil-stirol lateksi qurğuları işə salınmışdı. Məhz yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması Bakı şin zavodunun yerli xammal ilə təchiz olunmasına imkan vermişdir. Əhalinin məişət tələblərini ödəmək üçün tikilən Sumqayıt yuyucu vasitələr zavodu sonrakı illərdə müasir texnologiyalar əsasında yeni sexin işə düşməsi hesabına istehsal gücünü dəfələrlə artırıb.
Bu gün cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, kimya sənayesinin də inkişafı istiqamətində, sözügedən sahənin daha böyük texniki tərəqqisinə nail olmaq üçün, Ulu Öndərin iqtisadi siyasətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, hazırda müxtəlif markalı və yüksək keyfiyyətli kimyəvi məhsullar - propilen, polietilen, piroliz qətranı, propilen oksid, izopropil spirti, propilen qlikol, poliefirlər, kaustik soda, xlor, sulfat turşusu, metanol, karbamid və s. istehsal olunur.
Konfransda institutun laboratoriya müdirləri AMEA-nın müxbir üzvü Eldar Zeynalov “Nanokarbon birləşmələri, sintez üsulları və aktual tətbiq sahələri”, professor Nizami Zeynalov “Yaddaş effektinə malik polimer sistemlər innovativ və fundamental tibbdə” və professor Etibar İsmayılov ”Karbon dioksidin hidrogenləşdirilməsi. Problemin mövcud durumu və perspektivləri. Reaksiya şəraitində katalizatorların quruluş dinamikası”, eyni zamanda BDU-nun professorlarından İbrahim Məmmədov “Biokütlə və bioyanacaqlar” və Namiq Şıxəliyev “Polifunksional dihalogendiazadienlərin sintezi və bəzi çevrilmə reaksiyaları” adlı elmi məruzələrlə çıxış ediblər.
Daha sonra institutun laboratoriya müdiri, professor Fikrət Sadıqov Ulu Öndər Heydər Əliyevin gördüyü işlərdən, Azərbaycanın iqtisadiyyatının inkişafı yolundakı misilsiz xidmətlərindən, eyni zamanda kimya sənayesinin inkişafındakı rolundan danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.