Sentyabrın 28-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.
Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verdi.
Sonra Fransa Milli Araşdırmalar Mərkəzinin professoru Bertill Liyonet və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin “Fransa-Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyasının nəticəsi haqqında” mövzusunda məruzələri dinlənildi. Məruzədə 2008-ci ildən Azərbaycan və Fransa arxeoloqlarının Tovuz rayonunun Menteştəpə arxeoloji abidəsində apardıqları tədqiqatlar barədə məlumat verildi. Bildirildi ki, qazıntılar nəticəsində Menteş qədim yaşayış yerində Neolit dövründən Erkən Tunc dövrünə qədər uzun bir tarixi mərhələnin mövcudluğu üzə çıxarılıb. Qədim yaşayış yerinin ilkin məskunlaşması dövrü radiokarbon 14 analizlərinə əsasən son neolit dövrünə təsadüf edir. Neolit dövrünə aid mədəni təbəqə çiy kərpiclərdən olan dairəvi formalı memarlıq tikili nümunələri ilə seçilir.
Son Neolit dövrünə aid mədəni qat yatımında aşkar olunmuş ən əhəmiyyətli tapıntının kütləvi dəfnlə bağlı olan qəbir quyusu olduğunu söyləyən məruzəçilər burada 30-dan çox insan skeletinin aşkar edildiyini bildirdilər. Vurğulandı ki, bu cür qəbir regionda son neolit dövrünə aid olan yeganə tapıntıdır.
Qeyd edildi ki, qədim yaşayış yerinin mədəni qat yatımının III mərhələsi iki yüzilliyi özündə əks etdirir. Bu mədəni təbəqənin arxeoloji materialları, saman tərkibli boya naxışlı keramika nümunələri və düzbucaqlı tikililər, e.ə. V minilliyin sonlarında qədim yaşayış yerinin Şimali Mesapotamiya ilə sıx bağlılığının olmasını göstərir. Bu dövrdə metallurgiyanın yüksək inkişafını göstərən 62 ədəd metal məmulatları aşkar edilib.
Bildirildi ki, qədim yaşayış yerinin IV mərhələsi təqribən min il boyunca davam etmiş Erkən Tunc dövrünə aiddir. Qədim yaşayış yerinin üst təbəqəsi əsasən müxtəlif qəbir abidələri ilə səciyyələnir.
Məruzə ətrafında akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, İlyas Babayev, Şahin Mustafayev, tarix elmləri doktoru Maisə Rəhimova və başqaları suallarla çıxış etdilər, təklif və tövsiyələrini səsləndirdilər.
Tədbirdə bölmənin elmi-tədqiqat müəssisələrində AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 9 iyun 2015-ci il tarixli Sərəncamının icrası, Milli Azərbaycan Tarixi Muzeyinin elmi tədqiqat planında dəyişiklik edilməsi və s. məsələlər ətrafında müzakirələr aparıldı.
Sonda bir sıra kadr məsələlərinə də baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir