Mayın 22-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında təcrübə keçən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllim və tələbələri ilə görüşüb.
Görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru Azad Zeynalov, istehsalat təcrübəsinin rəhbəri Səidə Qulubəyova, interyer üzrə dizayner Emiliya Yanakiyeva, ADRA-nın Dizayn kafedrasının “İnteryer üzrə dizayn” ixtisaslaşmasında təhsil alan II kurs tələbələri, eləcə də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli rəssamlıq sənətinə olan dərin hörmətindən və bu istiqamətdə, xüsusilə “Molla Nəsrəddin” jurnalının rəssamları Oskar Şmerlinq, İosif Rotter və Əzim Əzimzadənin həyatı və yaradıcılığına dair apardığı tədqiqatlardan danışıb. Azərbaycanın mərhum rəssamı Tahir Salahovun və akademik Ömər Eldarovun ölkəmizdə rəssamlıq, heykəltaraşlıq sənətinin inkişafına mühüm töhfələr verdiklərini, öz əsərləri ilə gənc rəssamları həvəsləndirdiklərini bildirən akademik İsa Həbibbəyli hazırda Ülviyyə Həmzəyeva, Cavid İsmayılov, Həbibə Allahverdiyeva və digər rəssamların mükəmməl əsərlər ərsəyə gətirdiklərini, bu sahəni uğurla davam etdirdiklərini söyləyib.
AMEA rəhbəri qeyd edib ki, Xalq rəssamı Natiq Əliyevin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru təyin olunması Akademiyanı yeni mərhələyə qaldırmağa və gənc kadrların hazırlanması işinə təkan verəcək: “Ulu Öndər Heydər Əliyevin heykəllərini yaratmaqda özünü sınayan iki nəfər var ki, bunlar Ömər Eldarovla Natiq Əliyevdir və hər ikisi bunun öhdəsindən layiqincə gəliblər. Heykəllərdə fərdi üslub yaratmaq nə qədər çətin olsa da, hər ikisi bunu məharətlə bacarıb”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin ilk dəfə AMEA-nın Rəyasət Heyətində olduqlarını deyən akademik İsa Həbibbəyli özündə barokko, qotik, Avropa klassizmi, yunan-roma üslubunu və Azərbaycan mədəniyyətini birləşdirən AMEA-nın Rəyasət Heyətinin binasının tikilmə tarixi, Azərbaycan Milli Elmlər Akademiyasının binasına çevrilməsi haqqında tələbələrə məlumat verib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə əməkdaşlığın gələcək illərdə də davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdıran AMEA rəhbəri təcrübə prosesinin yekununda tələbələrin əl işlərindən ibarət “AMEA Rəssamlıq Akademiyasının tələbələrinin gözü ilə” adlı sərginin keçirilməsini təklif edib.
Sonra çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru Azad Zeynalov təcrübə prosesi barədə məlumat verib, tələbələrin 3 gün ərzində AMEA Rəyasət Heyətinin binasının memarlığı əsasında rəsm əsərlərinin eskizini hazırlayacaqlarını, yığdıqları təcrübə əsasında isə layihə həyata keçirəcəklərini deyib, yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə çıxışında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə geniş əlaqələri olduğunu, institutun bir çox əməkdaşlının Rəssamlıq Akademiyasının məzunu olduğunu vurğulayıb. Müəssisə barədə məlumat verən Ərtegin Salamzadə Üzeyir Hacıbəyov, Mikayıl Hüseynov kimi dahi şəxslərin instituta rəhbərlik etdiyini diqqətə çatdırıb, görüşün elm və təhsilin inteqrasiyası baxımından önəminə toxunub.
Daha sonra institutun “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirdiyi “Təsviri sənətdə Heydər Əliyev obrazı” kitabını Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına hədiyyə edib.
Görüşdə, həmçinin Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Nihan İsmayılova və Əliyusif Kərimov çıxış edərək tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.