Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Qarabağın etnik məskunlaşma tarixi və toponimləri” adlı yeni nəşri işıq üzü görüb.
Əsər hələ 2005-ci ildə mərhum müəlliflər, toponimika sahəsində Azərbaycanın aparıcı mütəxəssisləri olan akademik Budaq Budaqov və tarix elmləri doktoru Qiyasəddin Qeybullayev tərəfindən hazırlanmış, lakin müəyyən səbəblərdən çap edilməmişdi. Kitabda da qeyd edildiyi kimi, “əsərin yazılması prosesində Q.Qeybullayevin qoyub getdiyi ədəbiyyat siyahısı tam deyil”. Bu səbəbdən əsərdə istifadə olunan ədəbiyyat siyahısını tamamlamaq çox uzun bir vaxt və zəhmət tələb edib ki, bu işi c.e.d. Zakir Eminov öz üzərinə götürüb.
Baş redaktoru coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktoru coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovanın olduğu monoqrafiya 2 hissədən ibarət olaraq 467 səhifədir. “Yuxarı Qarabağın etnik və siyasi tarixinə dair” adlanan I hissə eramızdan əvvəl və sonra Yuxarı Qarabağda məskunlaşan türk tayfaları, Qarabağın alban ərazisi olduğunu göstərən faktlar, Qədim erməni dilində türk mənşəli sözlər və Ermənilərin Yuxarı Qarabağda məskunlaşmasından bəhs edən 7 fəsildən, II hissə isə Qarabağın izahlı toponimiya lüğətindən ibarətdir.
Monoqrafiyada Azərbaycanın tarixi-coğrafi cəhətdən ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi-etnik məskunlaşması və toponimikası məsələləri öyrənilir. Kitabda uzun tarixi dövrlərdə Qarabağda baş verən etnik proseslər, məskunlaşma və miqrasiya məsələləri işıqlandırılır.
Kitab toponimika, əhali coğrafiyası, demoqrafiya, tarixi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrlər) və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.