Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Kanadada çap olunub
06.06.2023 11:42
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Kanadada çap olunub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 28 saylı laboratoriyasının əməkdaşları kimya üzrə fəlsəfə doktoru Yaqub Nağıyev və AMEA-nın müxbir üzvü Eldar Zeynalovun “N-əvəzələnmiş dixlormaleinimidlərin sintezi və onların potensial qeyri-metal oksidələşmə katalizatorları kimi sınaqdan keçirilməsi” məqaləsi 2023-cü il aprel ayında Kanadada işıq üzü görmüş “Advanced Polimer Struktures-Apple Academic Press Chemistry for Engineering Applications” adlı kitabın 4-cü Sustainable and Green Chemistry hissəsinin 34-cü bölməsində ingilis dilində dərc edilib.

Məqalədə qeyd olunur ki, bir çox sənaye əhəmiyyətli oksidləşmə reaksiyaları üçün yüksək aktivliyə malik, təkrar istifadəyə yararlı, həmçinin ekoloji cəhətdən təmiz və  ətraf mühitə ziyan verməyən heterogen katalizatorların hazırlanması çox vacib problemlərdən biridir. Bu baxımdan aşağı temperaturlarda karbohidrogenlərin maye fazada aerob oksidləşməsi üçün katalizator kimi, tərkibində metal olmayan, asan və ucuz alına bilən birləşmələrin istifadəsi ən müasir və aktual məsələlərdən biridir. Təqdim olunan işdə istifadə olunan katalizatorlar laboratoriya şəraitində birli aminlərin dixlormalein anhidridi ilə qarşılıqlı təsiri nəticəsində sintez edilərək, təmizlənmiş, quruluşu müasir fiziki-kimyəvi analiz metodları ilə öyrənilmiş və kumolun model oksidləşmə reaksiyasında tətbiq olunub. Temperatur, katalizatorun miqdarı və reaksiyanın aparılma müddəti də daxil olmaqla reaksiyanın bir neçə parametrləri tədqiq edilib.

Alınmış nəticələr göstərir ki, qeyri-metal tərkibli N-əvəzli dixlormaleinimidlərin katalitik təsiri nəticəsində bir sıra sənaye əhəmiyyətli, qiymətli oksigenli üzvi  məhsullar alınır. Bu da onu sübut edir ki, sintez olunmuş imidlər  kumolun maye fazada aerob oksidləşmə reaksiyasında aktiv katalitik təsirə malikdirlər. Maraqlı fakt ondan ibarətdir ki, bu katalizatorlardan istifadə etməklə kumolhidroperoksid almaq olmur, çünki, reaksiya zamanı alınan hidroperoksid müvafiq üzvi məhsullara parçalanır. Sərbəst radikal mexanizmi ilə parçalanma baş verir, sistemdə əlavə aktiv mərkəzlər yaradılır və nəticədə reaksiyanın sürəti də artır. Lakin zaman keçdikcə alınmış reaksiya məhsullarının təsiri altında reaksiya sürəti əsaslı sürətdə zəifləyir. Katalizatorların daha yüksək aktivliyi 100°C-dən yuxarı temperaturlarda qeyd olunub. Sonda oksidləşmə prosesi nəticəsində alınan oksidatlarda məhsullar kütləxromatoqrafiya üsulu ilə analiz olunmuşlar. Qeyd olunan  tədqiqat bizə istifadə olunan katalizatorların kumolun oksidləşmə reaksiyasında katalitik aktivliyə malik olduğunu göstərməklə yanaşı, prosesin hansı istiqamətdə aparılması haqqında məlumat verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: