Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Scopus” bazasında olan “Condensed Matter and Interphases” jurnalında “Phase equilibria in the Cu2SnSe3-Sb2Se3-Se” məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, mis-qalay və mis-stibium mürəkkəb xalkogenidləri ekoloji cəhətdən təmiz və ucuz yeni termoelektrik materialların işlənib hazırlanması üçün perspektivlidir. Son zamanlar bu birləşmələrdə müxtəlif kation və anion əvəzləmələr etmək yolu ilə termoelektrik göstəricilərini artırmaq imkanlarına görə tədqiqatçıların daha çox marağına səbəb olub.
Sözügedən məqalədə mis xalkogenidləri əsasında çoxkomponentli sistemlərin tədqiqinin davam etdirildiyi və Cu2SnSe3-Sb2 Se3-Se sistemində faza tarazlığının tədqiqinin nəticələri haqqında məlumat verilir.
Tədqiqat diferensial termiki analiz və rentgen şüalarının difraksiyasından istifadə etməklə aparılıb.
Təcrübi məlumatlara əsasən, faza diaqramının üç politermik kəsiyi tədqiq edilib, likvidus səthinin proyeksiyası qurulub, fazaların ilkin kristallaşma sahələri, non- və monovariant tarazlıqların təbiəti və temperaturları təyin edilib. Müəyyən edilib ki, likvidus səthi Cu2SnSe3 və Sb2Se3 fazalarına əsaslanan iki əsas kristallaşma sahəsindən ibarətdir. Elementar selenin ilkin kristallaşma sahəsi cırlaşıb. Sistemdə iki maye fazadan ibarət geniş təbəqələşmə sahəsi müşahidə edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.