Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.06.2023 17:38
  • A-
  • A
  • A+

AMEA-da “Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçirilib

AMEA-da “Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı tərəfindənElmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) təşkil olunan tədbiri giriş sözü ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq mövzunun aktuallığından danışıb, bütün sahələrdə olduğu kimi, akademik nəşriyyat fəaliyyətində də etik normalara əməl olunmasının vacibliyini vurğulayıb.

Sonra “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov mövzu ilə bağlı məruzəsini təqdim edib. O bildirib ki, bu il 1-3 iyun tarixlərində İstanbulda keçirilmiş EASE-nin XVII Baş Assambleyası çərçivəsində təşkil olunmuş “Keyfiyyətli elmi nəşr” konfransının əsas mövzularından biri məhz elmi nəşrlərin etikasına dair olub.

Elmi nəşrlərdə bəzən etik pozuntulara yol verildiyini deyən məruzəçi bunun müxtəlif səbəblərdən baş verdiyini vurğulayıb. Qeyd edib ki, müəlliflər kifayət qədər tədqiqat təcrübəsi olmadıqda, səhlənkarlığa, tədqiqat metodlarında qeyri-müəyyənliyə yol verdikdə, statistik analizləri lazımi səviyyədə aparmadıqda, istinadları düzgün şəkildə vermədikdə və s. səbəblərdən etik normaları bilməyərəkdən poza bilirlər: “Lakin elə hallar da olur ki, müəlliflər bilərəkdən bu pozuntulara yol verirlər. Məsələn, realığı əks etdirməyən tədqiqatı nəşr etdikdə, əvvəl nəşr etdiyi məqaləni yenidən dərc etdikdə, statistik nəticələrin, məlumatların saxtalaşdırılması, manipulyasiya edilməsi hallarına, plagiata yol verdikdə, başqalarının tədqiqatlarını öz adına çıxdıqda, nəşr mərhələsində əməyi olmadan kiminsə adını müəlliflər sırasına əlavə etdikdə və s.”.

Məruzəçi müəlliflərə, istinadlara, təşəkkürə və icazəyə dair etik yanaşmalardan danışıb, etik normaların qorunmasında müəlliflərin, redaktorların, rəyçilərin və naşirlərin öhdəliklərini izah edib. Həmçinin S.Qəhrəmanov EASE, Nəşriyyat Etikası Komitəsi (COPE) və başqa beynəlxalq təşkilatların bu sahəyə dair standartlar və tövsiyələrini slayd əsasında və nümunələrlə təqdim edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: