Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.10.2015 10:53
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyinin təqdimatı olub

“Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyinin təqdimatı olub

Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik monoqrafiyanın təqdimatı olub.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov nəşrin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Azərbaycanın coğrafiyasına aid nəfis şəkildə tərtib olunmuş bu böyük fundamental elmi əsər “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” və “Azərbaycanın regional coğrafiyası” kitablarından ibarətdir. Hər biri təxminən 500-600 səhifədən ibarət əsərlər Azərbaycanın relyefinə, iqliminə, landşaftlarına, su ehtiyatlarına, o cümlədən iqtisadi, regional problemlərinə həsr olunub.

Coğrafiya elminin müasir funksiyasından danışan akademik R. Məmmədov qeyd edib ki, XX əsrin birinci yarısında coğrafiya artıq özünün təsvir funksiyasını başa vurur, təbiətin və təbii proseslərin, ayrılıqda və qarşılıqlı inkişaf qanunauyğunluqlarını öyrənən fundamental və həm də tətbiqi elmə çevrilir. Hazırda iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin nailiyyətlərindən istifadə edilməsin. Əsasən təbii ehtiyatlar və onlardan səmərəli istifadə, istehsalın yerləşdirilməsi, genişləndirilməsi və əhalinin məskunlaşmasının coğrafi problemlərini öyrənən bu elm Azərbaycanda onun təbii və iqtisadi xüsusiyyətlərinə müvafiq istiqamətdə inkişaf etdirilir.

Bildirilib ki, Azərbaycan coğrafiyasının müxtəlif bölmələrinə aid qiymətli əsərlər son yüz ildə dəfələrlə nəşr olunub. Lakin geniş oxucu kütləsi, o cümlədən elmi işçilər, ali və orta məktəblərin müəllim-tələbə heyəti, ərazi planlaşdırılması ilə məşğul olan mütəxəssislər və s. üçün çox gərəkli olan ümumiləşdirilmiş Azərbaycan Coğrafiyası hələ yazılmamışdı. Bu da üçcildliyin hazırlanmasına zəmin yaradıb.

Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov, Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri namizədi Habil Haqverdiyev və başqaları Coğrafiya İnstitutunun bu uğurunu yüksək dəyərləndirib, nəşrin hazırlanmasında əməyi olan alim və mütəxəssisləri təbrik ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: