Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Hirkan florasına aid bəzi növlərin Abşeron şəraitində böyümə və inkişafının tədqiqi
11.07.2023 09:48
  • A-
  • A
  • A+

Hirkan florasına aid bəzi növlərin Abşeron şəraitində böyümə və inkişafının tədqiqi

Bakı şəhərinin yaşıllaşdırılmasında istifadə olunan Hirkan florasının aid Hirkan bigəvəri (Ruscus hyrcanus) və Budaqlı danaya (Danae racemosa) bitkilərinin Abşeron şəraitində böyümə və inkişafi öyrənilmişdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, mədəni şəraitdə böyümə dinamikası öyrənilən bitkilərin inkişaflarında fərqlilik ortaya çıxır. Bu da həmin bitkilərin təbii şəraitindən gətirilib mədəni şəraitə introduksiya edərkən fərqli perspektivlik dərəcəsinə malik olmalarına səbəb olur. Ruscus hyrcanus Woronow və Danae racemosa (L.) Moench növləri mədəni şəraitdə böyümə və inkişaf ritmi bitkilərin bioekoloji xüsusiyyətlərindən asılıdır.

Hirkan bigəvəri - Ruscus Hyrcanus Woronow - Qulançar fəsiləsinə və Bigəvər cinsinə aid bitki növü olmaqla “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – Nadir relikt növdür. 20-40 (60) sm hündürlükdə yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topatopa düzülmüş budaqları vardır. Aprel-may aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir. Tozlanması anemorfildir. Toxumla və vegatativ yolla çoxalır. İstisevən və kölgəyə davamlıdır. Mexaniki tərkibi orta dərəcədə olan təzə və zəngin torpaqlarda daha yaxşı inkişaf edir. Ruscus Hyrcanus Woronow növündə böyümə prosesinin başlanması üçün torpağın və havanın müəyyən temperaturda olması lazımdır. Böyümə və inkişaf bitkilərin həyatında əsas rol oynayan ən mühüm proseslərdəndir. Havanın temperaturu və torpaqda olan sorulmuş suyun miqdarı bitkilərdə böyümənin artıb-azalmasına təsir edən amillərdəndir. Apardığımız tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, yaşlı bitkilərdə böyümə intensivliyi cavan bitkilərə nisbətən zəif olur. Ruscus hyrcanus Woronow növündə  illik boy artımı 6-10 sm arasındadır. Bu növdə böyümənin davam etmə müddəti  55-60 gün arasında olduğu müəyyən edilmişdir.

Budaqlı danaya - Danae racemose (L.) Moench. Qulancar fəsiləsinə və Danaya cinsinə aid bitki növdür. “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür. May-iyul (avqust) aylarında çiçəkləyir. Oktyabr ayında meyvə verir. Tozlanması anemorfildir. Toxumla və vegetativ yolla çoxalır. İstisevən və kölgəyə davamlıdır. Torpağa qarşı az tələbkardır.  Danae racemosa növündə böyümənin davam etmə müddəti 60-65 gün, illik boy artımı isə 19 sm olmuşdur. Aparılan tədqiqatların nəticəsi göstərmişdir ki, ex situ şəraitindəki yaşıllaşdırma işlərində istifadə olunan bitkilər mənsub olduqları növlərin  bioloji xüsusiyyətlərindən asılı olaraq aprelin I-III ongünlüklərində fərqli zamanlarda böyüməyə başlayırlar.Mədəni şəraitdə olan həmişəyaşil  bitkilər in situ şəraitindəki eyni yaşlı bitkilərin böyüməsinin müqayisəsindən məlum olmuşdur ki, təbii şəraitdə böyümə intensivliyi daha yüksəkdir.  Bitkilər təbii şəaritdən mədəni şəraitinə gətirilən zaman həmin bitkilərin mövsümi inkişaf ritminin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Abşeron şəraitində tədqiq edilən bitkilərin perspektivliyinin qiymətləndirilməsində və yaşıllaşdırma işlərində istifadə olunmaları üçün dekorativlinin təyin edilməsində fenofazaların tarixinin və davametmə müddətinin müəyyən edilməsi əvəzedilməzdir. Aparılan fenoloji müşahidələr nəticəsində məlum olmuşdur ki, tədqiq olunan bitkilərdə böyümə və inkişaf dinamikasına və vegetasiyanın davam etmə müddətinə iqlim amilləri təsir edir. Yəni, yazın tez gəlməsi, istilərin tez düşməsi və ya soyuq havaların tez başlaması vegetasiyanın davam etmə müddətində artıb-azalmalara səbəb olur.

Aynur HÜSEYNOVA, AR ETN Dendrologiya İnstitutunun Meşə ekosistemləri laboratoriyasının elmi işçisi 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: