Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.10.2015 13:58
  • A-
  • A
  • A+

Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə I Azərbaycan Beynəlxalq konfransı keçirildi

Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə I Azərbaycan Beynəlxalq konfransı keçirildi

Oktyabrın 15-də “Fairmont Baku Flame Towers” otelində I Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət (Baku CSR Conference-2015) üzrə konfrans keçirildi.

Tədbirin keçirilməsində məqsəd ölkədə cari vəziyyətin kompleks qiymətləndirməsini həyata keçirmək, habelə bu sahəni inkişaf etdirmək üçün dövlət, özəl və qeyri-dövlət təşkilatları arasında dialoqu və əməkdaşlığı genişləndirmək idi.

“Davamlı inkişaf. Konsepsiya, qlobal trendlər, standartlar” adlı plenar sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirdi ki, qloballaşan müasir cəmiyyətin qarşısında duran əsas hədəflərdən biri sosial-iqtisadi inkişafın yaxşılaşdırılması, ekoloji problemlərin həll olunması və gözlənilən böhranlarda qorunması məqsədilə davamlı inkişafın təmin edilməsidir.

S.Qasımov qeyd etdi ki, bu konfrans Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, ətraf mühitin qorunması və sosial məsuliyyətin artırılması məsələlərinin əsas vəzifə olduğunu bir daha ifadə edir. Bildirildi ki, bu gün neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi hesabına ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafı başlıca hədəf kimi götürülür.

Sonra “Kaleidoscope Futures|CSR International”ın qurucusu və direktoru Veyn Visserin “Davamlı sahələr: Biznes, liderlik və innovasiya sayəsində əsaslı dəyişikliklər” adlı məruzəsi dinlənildi.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov  “Davamlı inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda məruzə ilə çıxış etdi. Akademik qeyd etdi ki, BMT və UNESCO 2005-2014-cü illəri davamlı insan inkişafı sahəsində tədris ili elan edib və xüsusi fənnin tədris olunmasını təklif etmişdilər. Azərbaycanda isə bu proses ulu öndər Heydər Əliyevin təsdiq etdiyi təhsil strategiyası üzrə 2000-ci ildən başlayıb. 2003-cü ildə isə Azərbaycanın Təhsil Nazirliyi orta məktəblər üçün dünyada ilk dəfə davamlı insan inkişafına həsr olunan dərs vəsaitini dərc edib. Bu təşəbbüs BMT-nin baş qərargahında bütün dünyaya Azərbaycanın innovativ ideya və fəaliyyəti kimi tanıdılıb.

Tədbirdə AR İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, “BP-Azerbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək I Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə konfransının Azərbaycanın aparıcı şirkətlərini, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarını bir araya gətirərək, bu sahədə yerli və xarici təcrübəni öyrənməyə böyük imkanlar yaratdığını qeyd etdilər.

Konfransın plenar iclasında AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov  “Davamlı inkişafda elm və innovasiyaların rolu” mövzusunda məruzəsi dinlənildi. Məruzədə cəmiyyətin bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında elmin mühüm rolu qeyd edildi. Bununla yanaşı, bir sıra qlobal ekoloji problemlərin, kütləvi insan qırğınlarının da baş verməsində elmin rolundan bəhs olundu. A.Muradov müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan dünya ölkələrində elm və innovasiyaların inkişaf səviyyyəsini təhlil edərək Azərbaycanda elm, innovasiya və biliklərə əsaslanan inkişafa meyllər və bu istiqamətdə qarşıda duran vəzifələrdən söz açdı.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Konfrans çərçivəsində davamlı inkişaf və korporativ sosial məsuliyyətə dair sərgi də nümayiş etdirildi. Sərgidə Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “Azercell”, “AccessBank”, “ASAN Xidmət”, “EY”, “FAO”, SOCAR kimi şirkət və təşkilatlar, bir sıra gənclər və qeyri-hökumət təşkilatları (QHT) iştirak etdilər. İştirakçıların stendlərində təşkilatların fəaliyyəti və davamlı inkişaf, habelə korporativ sosial məsuliyyət üzrə layihələri ilə tanış olmaq mümkündür.

Rəyasət Heyəti Aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyevanın rəhbərliyi ilə hazırlanmış sərgidə AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən hazırlanmış buklet, kitab və müxtəlif tipli nəşrlər, yağlar və digər məhsullar, ümumiyyətlə akademiyanın ixtiraları, elmi nailiyyətləri təqdim edildi.

Sərgidə təqdim olunan məhsullar iştirakçılar tərəfindən maraqla qarşılandı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: