Oktyabrın 16-da AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın kimya texnologiyası sahəsində görkəmli alim, akademik Ağadadaş Əliyevin 75 illiyinə həsr olunmuş yubiley iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev A.Əliyevin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, qeyri-stasionar katalitik proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması sahəsində tanınmış alim Ağadadaş Əliyev 1940-cı ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunun Mexanika fakültəsini bitirən alim 1969-cu ildə kimya üzrə namizədlik, 1985-ci ildə isə texnika üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 1985-ci ildə professor elmi adına layiq görülüb. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Qeyd edilib ki, kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, çoxmərhələli reaksiyalar üçün yüksək effektivliyə malik çoxfunksiyalı metalseolit katalizatorları sintezinin elmi əsaslarının işlənib hazırlanması onun elmi fəaliyyətinin əsasını təşkil edir. A.Əliyevin rəhbərliyi ilə sənaye və yeni katalitik proseslərin riyazi modelləri işlənib hazırlanıb, onların əsasında optimal iş rejimləri hesablanıb və bir sıra neft kimyası zavodlarında və layihə institutlarında tətbiq edilib. O, 550-dən çox elmi əsərin, 50 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.
Tədbirdə çıxış edənlər ömrünün 45 ildən çoxunu elmə həsr edən A.Əliyev haqqında ürək sözlərini bildirib, ona elmi yaradıcılığında uğurlar arzulayıblar.
Sonda akademik ona ünvanlanan təbriklərə və xoş sözlərə görə institutun kollektivinə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir