Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Prezident İlham Əliyev Ulu Öndərin aqrar siyasətini uğurla inkişaf etdirir
20.07.2023 14:55
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Ulu Öndərin aqrar siyasətini uğurla inkişaf etdirir

Azərbaycanın bəşəriyyətə verdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri - Heydər Əliyevin hər kəsə nümunə göstərilən həyat yolu qətiyyət, siyasi iradə nümunəsi kimi diqqət çəkir. Tarixi təcrübədən o da məlumdur ki, ümumbəşəri dəyərləri, zəngin dünyagörüşü, həyata baxışı ilə seçilən, dövlətçilik ənənələrini yaşatmağa və inkişaf etdirməyə qadir şəxsiyyətlər olmadan ictimai–iqtisadi həyatda sosial–iqtisadi sıçrayışa nail olmaq mümkün deyildir. Ümummilli lider Heydər Əliyev ən çətin və məsuliyyətli dövrdə Azərbaycanın müstəqilliyinin mövcudluğunu yaşatmaq kimi ağır bir missiyanı üzərinə götürdü. O da danılmazdır ki, Ulu öndər Heydər Əliyev fenomenal bir şəxsiyyət olub. Ulu öndərin siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa bağlılıq, qurub–yaratmaq əzmi, milli ideyalara sadiqlik ən müqəddəs vəzifə kimi öndə olmuşdur.

2023-cü ilin “Heydər Əliyev İli” elan olunması heç də təsadüfi deyil. Bununla əlaqdər Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi hər bir azərbaycanlı kimi mənim üçün də qürurdur. Müstəqillik tariximizin yaradıcısı və dövlətimizin qurucusu həyatını xalqının və vətəninin gələcəyinə, xoşbəxtliyinə və inkişafına həsr edib. Bütün bunlara görə də Heydər Əliyevin adı və xidmətləri bizim üçün hər zaman unudulmaz və əbədi olaraq qalır. Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Ümummilli liderimizin fəaliyyəti illərə və sözlərə sığmaz. Biz və bizdən sonrakı nəsillər də onun həyat və yaradıcılığından yararlanacaq. Onun ömrünün hər bir anı insanlığa hörmət, mərhəmət, qayğı, sadəcə öz xalqına deyil, digər xalqlara da azalıq, bərabərlik, əmin amanlıq, sülh və vətənə sədaqət nümunəsidir.

1969-cu il Ulu Öndər Heydər Əliyev I dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Məhz həmin zaman ulu öndərin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Ulu öndər Heydər Əliyev II dəfə hakimiyyətə gələndə yenə özünün siyasi bacarığı gücünə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Məhz ümummilli lider bütün bu illər ərzində əsl rəhbər kimi ölkənin həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Ümummilli liderin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından ümummilli lider hər zaman öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır. Görkəmli tarixi şəxsiyyətlərdən olan ulu öndərin uzaqgörən parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Ulu öndərin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Dahi şəxsiyyət bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Azərbaycan xalqının sevgi və rəğbətini qazanmış lider yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Heydər Əliyevin ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. O, bir dövlət başçısı kimi ölkənin ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, Azərbaycanı bəlalardan qurtarmağı bacarmışdır. Ulu öndər Heydər Əliyev uzaqgörən bir şəxsiyyət kimi tarixi hadisələrin gedişini öncədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Ulu öndərin şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Ümummilli lider Heydər Əliyevin sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir.

Keçən əsrin 70-ci illərinə qədər Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsinə görə SSRİ-də ən geridə qalan respublikalardan biri idi. Məhz buna görə də bu dövrdə Heydər Əliyev aqrar siyasətə yüksək önəm vermişdir. Kənd təsərrəfütının inkişafı başlıca prioritetlərdən biri olmuşdur. 1969-1982-ci illərdəki fəaliyyəti dövründə Heydər Əliyev Azərbaycanda aqrar-sənaye kompleksinin yaradılmasına nail oldu. Məhz həmin dövrdə respublikada aqrar-sənaye kompleksi kimi qəbul edilmiş bu sahənin hər üç bölməsi yüksək sürətlə inkişaf etdi və onların inteqrasiyası təmin olundu. Əlbəttə, belə yüksək nailiyyətlərin əldə edilməsi üçün öncə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması təmin edilməli idi. Bu artım isə Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti, tələbkarlığı, işgüzarlığı və əzmkarlığı, məsələni daim nəzarətdə saxlaması və problemə dərindən nüfuz edərək onun elmi əsaslara söykənən həllini təşkil etməsi sayəsində mümkün oldu. Ulu öndər respublikanın kənd təsərrüfatında mövcud olan potensial imkanların müvafiq proqramlar əsasında reallaşdırılmasını gələcək inkişafın mühüm istiqaməti kimi qiymətləndirdi və ittifaq hökumətinin bu məsələyə dair bir neçə qərar qəbul etməsinə nail oldu. Qısa müddət ərzində Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandı, məhsul istehsalının dinamik artımı təmin edildi. Azərbaycan artıq 1974-1975-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının artım sürətinə görə SSRİ-də ön sıraya çıxdı, hər il yeni uğurlar əldə edilməsi ənənə halını aldı. Təməli Heydər Əliyev tərəfindən qoyulan və inkişaf etdirilən aqrar-sənaye kompleksi ölkənin iqtisadiyyatında əhəmiyyətli sahəyə çevrilməklə ittifaq miqyasında da ön sıraya çıxdı. Azərbaycan 1984-cü ildə üzüm istehsalını 1 milyon 126 min tona çatdıraraq SSRİ-də birinci yerə çıxdı. Həmin illər ölkəmizdə ümumi daxili məhsulun 35-40 %-ni aqrar bölmə verirdi ki, onun da 20-25 %-i üzümçülüyün hesabına formalaşırdı. Sənaye üsulu əsasında aqrar sahənin inkişafı respublikamızda yeni mərhələyə qədəm qoydu. Bundan əlavə, əkinçilik sahəsində modern texnologiyaların tətbiqi, bitkiçilik və heyvandarlıqda məhsuldarlığı artırmaqla həmin sahələrin intensivləşdirilməsini, bitkiçilikdə daha çox əlavə dəyər yaradan pambıqçılığın və üzümçülüyün prioritet sahə elan edilməsini, kənd məktəblərinin yaradılması və infrastrukturunun gücləndirilməsi kimi addımlar atmışdı. Həmin illərdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı ona xidmət edən sahələrin, yəni kənd təsərrüfatı maşınqayırma və kimya sənayesinin inkişafının təmin edilməsi idi. Bütün bunları nəzərə alaraq, Bakıda və respublikamızın bir çox bölgələrində kənd təsərrüfatı maşınları və avadanlıqları istehsal edən, habelə traktor və digər kənd təsərrüfatı texnikasının təmiri ilə məşğul olan zavodlar tikilib istifadəyə verildi. Mineral gübrələr və aqrokimyəvi maddələr istehsalı Sumqayıtda təşkil edildi ki, onlar da kənd təsərrüfatı müəssisələrinin günü-gündən artan tələbatını daha dolğun və vaxtında ödəməyə imkan verirdi. Məlum olduğu kimi o dövrlər hələ də “kolxoz və sovxoz” sistemi qalmaqda idi. Bu istiqamətdə kənd əhalisinə texniki və maliyyə dəstək verilirdi, kolxozların və sovxozların maliyyə səmərəliliklərini artırmaq məqsədi ilə müvafiq tədbirlər həyata keçirilirdi. Eləcə də kənd yollarının tikintisi, su təchizatı, elektrik enerjisi və kommunikasiya xidmətlərinin təkmilləşdirilməsi kimi sahələrdə ciddi işlər həyata keçirilirdi. Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

Ulu Öndər Heydər Əliyev və aqrar siyasət (1993-cü ildən sonra)

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin — Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində — milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır. Azərbaycanın müasir tarixinin fenomen şəxsiyyəti kimi Ümummilli lider Heydər Əliyev xalqın qəlbində özünə möhtəşəm abidə ucaldıb. O, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik tarixini yaratmışdır. Ümummilli liderin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi və xalqın sosial rifah halını təmin edən inkişaf strategiyası Ulu Öndərin dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsinin nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və tapşırığı əsasında iqtisadiyyatda yaranmış böhrandan çıxış yolları axtarılır, xarici ölkələrin təcrübəsi öyrənilərək Azərbaycanın xüsusiyyəti və xalqımızın mentaliteti nəzərə alınaraq, milli maraqların qorunması əsas götürülərək təhlillər aparılırdı. Bu təhlillər nəticəsində belə fikir formalaşdı ki, ölkə iqtisadiyyatını, o cümlədən aqrar bölməni bu çətin vəziyyətdən çıxarmaq üçün heç bir səmərə verməyən inzibati-amirlik metodundan əl çəkmək və bazar münasibətlərinə əsaslanan iqtisadi sistemə keçmək lazımdır. Bunun üçün islahatlar həyata keçirilməli, dövlətin mülkiyyətində olan əmlakın bir hissəsi özəlləşdirilərək xüsusi mülkiyyətə verilməlidir ki, Azərbaycanda sahibkarlıq inkişaf etsin. Ulu öndər Heydər Əliyev bununla əlaqədar hələ 1994-cü ilin sentyabr ayında keçirdiyi müşavirədə demişdir: "Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik". Belə bir vaxtda Ulu öndər Heydər Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqaməti kimi iqtisadi islahatlara ilk növbədə aqrar bölmədən başlamağın zəruri olduğunu göstərərək onun hüquqi bazasının yaradılması haqqında göstərişlər verdi. Ulu öndər keçirdiyi görüşlərdə və müşavirələrdə dəfələrlə qeyd edirdi ki, ölkəmizdə həyata keçiriləcək aqrar islahatlar öncə Azərbaycan xalqının milli mənafeyinə xidmət etməli, maraqlı tərəflər üçün ağrısız aparılmalı və ədalət prinsipinə əsaslanmalıdır. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan, geniş və hərtərəfli müzakirə edilən "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında" qanun layihələri 1995-ci ildə, "Torpaq islahatı haqqında" qanun layihəsi isə 1996-cı ildə qəbul edildi. Bununla da 1996-cı ildən başlayaraq ölkədə MDB məkanında analoqu olmayan aqrar islahatlar başlandı. Vahid torpaq fondunun 57 %-i dövlət mülkiyyətində qalmaqla 20 %-i bələdiyyə mülkiyyətinə və 23 %-i xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Aqrar silahatların aparılması və Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı və aqrar sahədə dönüş yaranmasına səbəb oldu. 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyuldu və ildən ilə artım əldə edildi. Ulu Öndər 22 mart 1999-cu il tarixdə "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" Fərman imzaladı. Fərmana uyğun olaraq Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Həmin Fərmana əsasən Milli Məclis təqdim edilmiş layihəni müzakirə edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi. Onu da qeyd etmək lazımdır ki, Ulu Öndərin tapşırığı və təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən bu güzəştlər digər MDB ölkələrində nəinki həmin dövrlərdə, heç hazırda da tətbiq edilmir.

Prezident sözügedən Fərmanda aqrar sahəyə dövlət himayəsini genişləndirmək üçün bu bölmədə maliyyə, kredit, bank, vergi, qiymət, daxili bazarın qorunması tədbirlərini nəzərdə tutan, aqrar islahatların ikinci mərhələsini təmin edən proqramın hazırlanmasına dair konkret göstərişlər də vermişdir. Bununla əlaqədar müvafiq icra orqanları həmin proqramı hazırladılar və 1999-cu ilin noyabr ayında "1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında" Fərman imzalandı. Fərmanda göstərilirdi ki, kənd təsərrüfatının inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Proqramın böyük bir bölməsi aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı adlanırdı. Bu bölmədə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu:

- mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının sığorta edilməsi;

- keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı, habelə meliorasiya və irriqasiya xidməti müəssisələrinin vaxtı keçmiş bank ssuda və digər borcların restrukturaziyası və ödənilməsinin təmin edilməsi;

- aqrar sahəyə güzəştli şərtlərlə kredit resursları ayrılması;

- daxili bazarın və yerli istehsalçıların mənafeyinin qorunmasını təmin etmək məqsədi ilə ərzaq və kənd təsərrüfatı məhsullarının idxalı üzrə gömrük rüsumunun təkmilləşdirilməsi;

- dövlət ehtiyaclarını ödəmək üçün mühüm kənd təsərrüfatı məhsullarının (taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, balıq məhsulları, kartof və tərəvəz) istehsalının stimullaşdırılması;

- ölkənin ayrı-ayrı bölgələrində kənd təsərrüfatı məhsullarının topdansatış şəbəkələrinin yaradılması və onların müvafiq maddi-texniki baza ilə təmin olunması;

- yüksək məhsuldar texnologiya, cins toxum və damazlıq, habelə baytarlıq sahəsində aparılan işlərin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər. Ulu öndərin təsdiq etdiyi bu proqrama uyğun olaraq aqrar sahəyə nəzərdə tutulan dövlət himayəsi tədbirləri ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə paralel həyata keçirilir. Milli Məclis tərəfindən qəbul edilən və Prezident tərəfindən imzalanan "Torpaqların münbitliyi haqqında", "Taxıl haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanunlarda və onların icrasını təmin edən normativ hüquqi aktlarda aqrar sahənin dövlət himayəsinə dair konkret müddəalar öz əksini tapmışdır.

XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ümummilli liderin öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınırdı. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. Bütün həyatını Azərbaycan xalqına sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.

Prezident İlham Əliyev və aqrar siyasət

Azərbaycanın aqrar sahəsiə Ümummilli Liderin göstərdiyi qayğı və diqqət, onun imzaladığı fərmanların tam həcmdə icrası bu gün Prezident İlham Əliyev tərəfindən daim nəzarətdədir. Ümumiyyətlə, aqrar sahəyə dövlət himayəsi cənab İlham Əliyevin prezidentliyi dövründə daha da genişlənmişdir. Prezident aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış etmiş, çoxsaylı fərmanlar imzalamış və dövlət proqramları təsdiq etmişdir. 2003-cü ilin noyabr ayında Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılmışdır. Torpaq özəl mülkiyyətə verilmişdir. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlanmalıdır". Aqrar islahatların ikinci mərhələsində isə əsas diqqət kənd ərazilərində infrastrukturun və bilavasitə kənd təsərrüfatına xidmət edən sahələrin inkişafını təmin edən tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının saxlanması və emalı müəssisələri şəbəkələrin yaradılması, meliorasiya və irriqasiya işlərinin genişləndirilməsi, yeni məhsul istehsalı sahələrinin yaradılması və digər məsələlərin həllinə yönəldildi. Bu məqsədlə Prezidentin 2004-cü il fevralın 11-də imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" kənd rayonlarının və aqrar bölmənin inkişafında mühüm rol oynadı. Proqramın uğurla həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli istifadəsi nəticəsində aqrar bölmənin dinamik inkişafı təmin edildi. Aqrar sektorun inkişafında idarəetmənin daim təkmilləşdirilməsinə ehtiyac olmasını, yeni texnika və texnologiyaların tətbiq edilməsinin müstəsna rolunu yüksək qiymətləndirən və rəqabət qabiliyyətli məhsul istehsalında bu amillərin dövlət dəstəyi olmadan reallaşmasının mümkünsüzlüyünü nəzərə alan dövlət başçısı 2004-cü ildə "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" və "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbir haqqında" sərəncamlar imzaladı. 2003 və 2008-ci illərdə Prezidentin imzaladığı qanunlarla isə kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddəti 2014-cü il yanvarın 1-nə kimi uzadılmışdır ki, bu da fermerlərin səmərəli fəaliyyət göstərmələrinə geniş imkanlar yaradır. Prezidentin 23 yanvar 2007-ci il tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün işlətdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilir, aqrolizinq xidmətinin əhatə dairəsi genişləndirilir. Lizinqə verilən texnikanın dəyərinin qaytarılma müddəti isə 5 ildən 10 ilədək uzadılıb. Bu sərəncama uyğun olaraq, həmçinin sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı bitkilərinin sayı 7-yə çatdırılıb, sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi 25 %-dən 50 %-ə qaldırılıb. 25 avqust 2008-ci il tarixli Prezidentin Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramın icrası üçün 2009-cu ilin dövlət büdcəsindən 60 milyon manat vəsait ayrılmışdır. 2010-cu ilin dövlət büdcəsindən isə kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacağın və motor yağının, habelə mineral gübrələrin dəyərinin 50 %-nin ödənilməsinə ayrılan vəsaitlər də daxil olmaqla bu proqramın icrasına 111 milyon 550 min manat vəsait xərclənməsi nəzərdə tutulur. Prezidentin 2009-cu il 14 aprel tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda aqrar sahənin və kənd ərazilərinin inkişaf etdirilməsinə xüsusi diqqət verilir. Sənəddə kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, həmin məhsulların emalı, tədarükü və satışının təkmilləşdirilməsi, bu sahələrin maddi-texniki, elmi və kadr bazasının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu məqsədlə proqramda "Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi", "Aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərrəqi texnologiyaların tətbiqinin dəstəklənməsi", "Cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi" və "Aqrofermaların yaradılmasının dəstəklənməsi", habelə digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 2009-cu ildən etibarən artıq bu tədbirlərin icrasına başlanmışdır və hazırda uğurla davam etdirilir. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar inkişafa dövlət himayəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan müasir aqrar-sənaye kompleksinə malik ölkəyə çevrilir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra Qarabağda da aqrar siyasəti diqqətdə saxlamışdır. Qarabağda torpaqların istehsal potensialını idarə etmək üçün tədbirlər həyata keçirmişdir. Torpaqların yenidən işlənməsi, məhsuldarlığın artırılması və kənd təsərrüfatının inkişafına yönəldilmişdir. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması, texniki avadanlıqların təchizatı, məhsul alma aparatlarının təmin edilməsi və aqrar infrastrukturunun gücləndirilməsi üçün maddi resursların təmin edilməsi ilə həyata keçirilmişdir. Qarabağın aqrar sektorunun inkişafında su təchizatı mühüm bir rol oynayır. Dövlət başçısı İlham Əliyev su təchizatı infrastrukturunun inkişafına diqqət yetirərək, su anbarlarının tikintisi və suyun dərmanlanması ilə məşğul olmuşdur. Bu, kənd təsərrüfatının daha səmərəli bir şəkildə işləməsinə və məhsulların artırılmasına imkan yaratmışdır. Aqrar sahənin inkişafı üçün təhsil proqramları və məhsuldarlığı artırmaq məqsədilə təlimatlar təşkil etmişdir. Bütün bunlar kənd təsərrüfatı sahəsində işləyənlərə məhsuldarlığı artırmaq üçün texniki biliklər və sahədə yeniliklər təmin etməyi hədəfləyirdi.Ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərmanlar, sərəncamlar bir daha göstərir ki, Ulu öndər Heydər Əliyevin aqrar siyasət xətti uğurla davam etdirilir və gələcək nailiyyətlərimizə öz töhfələrini daimi olaraq verəcəkdir.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

“Səs qəzeti”

  • Paylaş: