Hava limanındadırlar. Və təyyarə havaya qalxmazdan az öncə hamısının çöhrəsinin, baxışlarının, sifətlərindəki ifadənin aydın göründüyü birgə şəkilləri də çəkilib. Təyyarə uçub gedib, onlar Binədən şəhərə qayıdıblar, aradan illər ötüb-keçib, həmin şəkildəkilərin əksəri həyatdan gedib, tək-tük sağ qalanlar var. Ancaq baxırsan fotoya, hisslər elə dünənki təzəliyindədir.
Nabələd adama baxınca ən azı oradakıların daxili nigaranlığını çatdıra bilən bu şəkil həmin fotoda əks olunanlardan hər biri ilə uzun dəqiqələr boyu dərdləşə, çox təfərrüatları yada sala bilərdi. Yəqin ki, hər birinin ailə albomunda elə həmin şəkil də varmış, sonralar illərcə o şəklə baxıb çox xəyala da dalmamış olmazdılar.
Hava limanları, dəmiryol vağzalları həm vüsalın, həm hicranın rəmzidir. Bu görüş və ayrılıq məntəqələrində çəkilmiş hansısa fotoya, lentə baxsanız, üzlərdə ya yenidən sağ-salamat qovuşmanın sevincini görəcəksiniz, ya da qısamı, sürəklimi ayrıdüşmənin xiffətini sezəcəksiniz.
1982-ci il dekabrın 7-nin yadigarı bu fotoda isə yola salanların da, yola düşənin də üzündə-gözündə sevincdən və xiffətdən daha artıq bir nigaranlıq var. Sanki o sifətlərdən hər birinə sual qonub: Necə olacaq, gələn gün nə gətirəcək, yol nə təhər davam edəcək?
Binə hava limanından bir neçə dəqiqə sonra səmaya qalxacaq xüsusi təyyarə 14 ilə yaxın müddətdə Azərbaycana rəhbərlik etmiş, indi isə iş həyatını Moskvada, sovet hökuməti başçısının birinci müavini vəzifəsində davam etdirəcək Heydər Əliyevi aparacaq.
Əslində həmin təyyarə son noyabr günlərində onu Moskvadan Bakıya gətirəndə də Heydər Əliyev artıq Siyasi Büro üzvü seçilmişdi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi, hələ ki, rəsmən azad edilmədiyindən elə respublikanın Birinci katibi olaraq da qalırdı.
İndi, dekabrın 7-də çöhrələrdə olan bu nigaranlıq əslində daha əvvəl, Moskvada SSRİ Ali Sovetinin sessiyası keçirilən vaxtdan yaranmışdı.
1982-ci il noyabrın 19-da Moskvada, Sov.İKP MK-nın Büro iclası keçirilmişdi və yeni Baş katib Yuri Andropov həmin yığıncaqda Heydər Əliyevin Siyasi Büro üzvlüyünə namizədlikdən üzvlüyə qəbul edilməsi və Ali Sovetin qarşıdakı sessiyasında Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçilməsi məsələsinin qaldırılmasını təklif etmişdi. Təcrübə bu qəbil qərarların bir neçə gün ərzində təcili şəkildə qəbul edilmədiyini, həftələr, bəzən aylarla hazırlanaraq sonra gündəliyə salındığını söyləyir. İndi daha çox ehtimallarla ətrafında fikir yürütdüyümüz - görən, bu təyinat artıq az öncə dünyasını dəyişmiş Leonid Brejnevin vaxtında qət edilibmiş, ya elə taxta çıxan kimi Yuri Andropovun qətetməsidir sualının dəqiq cavabını müəyyənləşdirmək çətin deyil. Kremldə odövrkü sənədlərin hazırlanıb-irəliləmə xətti izlənərsə, aranılan həqiqət də asanlıqla aşkarlanar. Fəqət gec-tez bu həqiqəti aydınlaşdırmağa lüzum var. Doğrudur, daha nə Heydər Əliyev var, nə sovet dövləti, nə o cür təyinatlar və bunlar gərəksiz söhbətlər kimi də qavranıla bilər. Ancaq bunlar müasir Azərbaycan tarixinin əhəmiyyətli səhifələridir axı! Bunlar yalnız Heydər Əliyevə deyil, onun şəxsində Kremlin Azərbaycana münasibətinin göstəricisidir. Digər tərəfdən, bu məqamın da tarix baxımından dəqiqləşdirilməsi umulandır ki, belə bir təyinat Leonid Brejnevin Azərbaycana və Heydər Əliyevə davamlı və sabit xoş münasibətinin daha bir göstəricisi idi, yaxud Yuri Andropov da bizə - həm respublikaya, həm Heydər Əliyevə eyni xeyirxahlıqla yanaşma xəttini davam etdirməyi qərara almışdı? Yoxlanılması mümkün olmayan və Heydər Əliyevin özünün də dilindən səsləndiyini eşitmədiyimiz xatirələrdə guya Yuri Andropovun Heydər Əliyevə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən əlavə, SSRİ xarici işlər naziri və DTK sədri vəzifələrini təklif etməsi də olub, yəni guya seçmək imkanı da varmış. Amma digər tərəfdən, Heydər Əliyevin 1982-ci ilin 19 noyabrında Moskvaya MK plenumuna getməsindən 1 gün öncə artıq onun yeni vəzifəsinin adı Siyasi Büroda rəsmən səsləndirilmişdi axı. Bəlkə Yuri Andropovun Heydər Əliyevlə bağlı daha sonralar üçün başqa irəlilətmə niyyətləri də varmış? Qısa bir tarix kəsiyində baş verən 3 ardıcıl Baş katib vəfatı və sonra da Mixail Qorbaçovun gəlişiylə Kremldə yaranan yeni hava bir çox mümkün layihələri və fərziyyələri aradan götürdü, dalğalar qarışdı, səmtlər dəyişdi və bir çox olmalılar ya olmadı, ya da büsbütün fərqli şəkildə gerçəkləşdi.
Bütövlükdə dəyərləndiriləcək olursa, istənilən halda Heydər Əliyevin - bir Azərbaycan oğlunun dünyanın iki supergücündən biri SSRİ-nin hakim elitasında bunca yüksək məqam qazanması vaxtına görə misilsiz tarixi nailiyyət idi və misilsizlik, onun Siyasi Büro üzvü və Baş nazirinin birinci müavini mərtəbəsinə yüksəlməsi və neçə il həmin məqamda olması heç Nərimanova da nəsib olmamış, SSRİ içərisində yalnız Heydər Əliyevin ucaldığı zirvədir. Əlbəttə ki, Azərbaycan hadisəsi şəxsiyyətin qüdrət göstəricisi kimi fövqəladə və diqqətəlayiq hadisədir.
Moskvada SSRİ Ali Sovetinin sessiyası idi. Heydər Əliyevlə yanaşı, Azərbaycanın partiya və hökumət rəhbərliyinin neçə təmsilçisi də orada idi. Artıq aydın idi ki, Heydər Əliyev bu Moskva səfərindən Bakıya vidalaşmaqçün gedəcək. Vidalaşmağa və bir də ən mühümü - varis məsələsini həll etməyə.
Heydər Əliyev Birinci katib vəzifəsinə mümkün namizədlərin hər birinə müraciət etmişdi və hamısına da eyni sualla. O vaxt ideologiya üzrə katib işləmiş Həsən Həsənov Heydər Əliyevin respublikaya rəhbərliyinin son illərində Mərkəzi Komitə katibləri arasında ən fəal, ən işgüzar, ən təşəbbüskarlardan idi və onların tandemi həqiqətən çox güclü alınırdı. Bir-birindən cəsarətli, millətəxeyir təşəbbüslərin hamısını Heydər Əliyev sonacan dəstəkləyirdi, bu da Həsən Həsənova əlavə güc verirdi və 1980-ci illərin mətbuatını vərəqləsəniz, bu dönəmin dövlətçiliyimizdə, xüsusən də ideoloji-mədəni-mənəvi sahədə intibah dönəmi kimi səciyyələndirilməsinə az rast gəlməyəcəksiniz.
Həsən Həsənov yada salır ki, 1982-ci ilin noyabrında SSRİ Ali Sovetinin sessiyası keçirilirdi (Onuncu çağırış yeddinci sessiya 1982-ci il 23-24 noyabrda davam edib). Mən də hələ Gəncədən seçilmiş deputat kimi sessiyada iştirak edirdim, Ali Sovet sədri Qurban Xəlilov da, bizim Mərkəzi Komitənin ikinci katibi Yuri Puqaçov da, Həsən Seyidov da, İsa Məmmədov da, respublika rəhbərliyindən daha neçə nəfər də Moskvada idi. Heydər Əliyev elə o vaxt bir-bir çağırıb xəbər alırdı ki, Azərbaycandan gedirəm, yerimdə özünüzü görürsünüzmü? Bu sualı eyni şəkildə Xəlilova da verib, İsaya da, Kamrana da, Fuada da, mənə də. Həsən Seyidovdan eyni sualı bir az fərqli şəkildə soruşub.
Uzun illik ünsiyyətimizdən və yaxın müşahidələrimdən agaham ki, Həsən Həsənov Heydər Əliyevin ən sadiq və qabil yetirmələrindən olmaqla yanaşı, onun təbiətinə ən yaxşı bələd olanlardan idi (söz yox, bunu müəyyən şərtiliklə yazıram, çünki Heydər Əliyevlə uzunmüddətli iş təmaslarında olmuş hər kəsə onun nə qədər mürəkkəb bir varlıq olduğu, nə düşündüyünü, hansı qərara gələcəyini irəlicədən hesablamağın mümkünsüz qədər müşküllüyü bəlli idi) və hansı sözü Heydər Əliyevə necə deməyin ustası idi. Və bu cavabı da tam ölçülü-biçili idi. Deməmişdi ki, o vəzifə üçün təcrübəm azdır, mənə çətin olar, bacarmaram. Verilə biləsi cavabların ən dürüstünü seçmişdi: "Hələ cavanam". Ardınca soruşubmuş ki, bəs Kamranı bu vəzifədə görürsənmi? Necə cavab verdiyini mənə söyləyir və sözbəsöz dəqiqliyiylə verirəm: "Kamranla bir-birimizin xətrini çox istəyirdik. Tələbəlik vaxtlarımdan, bizim fakültədə dekan müavini işlədiyi dövrlərdən mən də, Fuad da ona ehtiram bəsləmişdik. Mənim də Heydər Əliyev tərəfindən tanınmağımda müəyyən rol da oynamışdı. Ancaq dedim ki, bacarmayacaq, Heydər Əliyeviç, onun yeri deyil. O, Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsində yaxşı ola bilər. Mən belə deyəndə Heydər Əliyev dübarə soruşdu ki, özün olmaq istəyərdin? Dedim ki, yox, özüm olmaq da istəmirəm. Mən Həsən Seyidovun adını vermədim. Amma ola bilər Heydər Əliyev elə düşündü ki, mən məhz Seyidovu nəzərdə tuturam. Mən bunu heç kimə bildirməmişdim. Artıq Bağırov seçiləndən sonra mən kabinetinə gedib onu təbrik edəndə soruşdu ki, niyə mənim əleyhimə səs verdin? Mən də soruşdum ki, nədir, indi qisas alacaqsınız? Dedi ki, yox, almayacağam, amma biləsən ki, əks səs verməyini bilirəm. Həqiqətən də münasibətində heç bir dəyişiklik olmadı. Adətən bizdə istənilən seçki iki mərhələdə olurdu. Əvvəlcə fikir mübadiləsi aparılırdı, sonra da rəsmi səsvermə. Heydər Əliyevin bizi bir-bir danışdırıb "kimi görürsünüz" sualını verməsi elə həmin fikir mübadiləsi idi. Daha sonra Büro iclasında əvvəlcə özü söylədi ki, sizin hamınızla söhbət edib rəyinizi soruşmuşam və mən belə qərara gəldim ki, Kamran Bağırovun namizədliyini irəli sürüm, rica edirəm ki, siz də onu dəstəkləyəsiniz. Biz də hamımız yekdilliklə səs verdik. Yəni mənim əks səsverməm də bu əsas səsvermədə yox, həmin fikir mübadiləsi əsnasında olmuşdu.
Vaxtın yazmış olduğu ssenari, tarix səhnəsinə də çoxdan qoyaraq icrasını tamamladığı tamaşa dəyişilməzdir. Ancaq yenə də. Həsən Seyidov olsa idi, necə olardı? Həsən Həsənov onun partiya işçisi, ideoloji sahənin adamı olmadığını, o çağların nəhəng müəssisələrindən sayılan, İttifaqda məşhur olan Leytenant Şmidt zavodundan dövlət idarəçiliyinə gəldiyini, amma hər halda Kamran Bağırovla müqayisədə qat-qat iradəli, qətiyyətli adam olduğunu təsdiqləyir, bunu da əlavə edir ki, Kamran Bağırovun Heydər Əliyevin yanında üzüqara qalması da məhz iradəsinin, əzminin yetərincə olmaması ucbatından baş verdi - Moskvanın təzyiqlərinə dözməyərək dönüklük göstərməyə məcbur qaldı. Sonralar Əbdürrəhman Vəzirovun yenə Moskvanın göstərişi ilə Heydər Əliyevə qarşı artıq qərəzlə atdığı addımların təməlləri Bağırov dövründə Kremlin, yəni Birinci şəxsin də deyil, Sov.İKP MK aparatının təzyiqi ilə möhkəm olmağı bacarmayan Bağırovun dövründə qoyuldu. Bəs o zaman 42 yaşında olan Həsən Həsənov özü həmin ali vəzifəyə layiq idimi? Əlbəttə! Öhdəsindən gələ bilərdimi? Zənnimcə, başda Kamran Bağırov olmaqla digər mümkün namizədlərin hər birindən daha yaxşı və onların hər birindən də Heydər Əliyevə daha sədaqətli olaraq qalmaqla bu missiyanın yükünü ləyaqətlə çəkərdi (Peşəkar keyfiyyətləri hər kəsə bəllidir, onun başqalarına nisbətən etibarlılığını da ötən vaxt dəfələrlə sübuta yetirdi. Və Heydər Əliyevə əbədilik sadiq olacaqlarını elan edən Kamran Bağırovun da, Fuad Musayevin də, Vaqif Hüseynovun və bir neçə başqasının da sədaqət andlarına lap tezliklə xilaf çıxmalarının tarix də, işin içində olan insanlar da şahiddir. Buna əks olaraq, Həsən Həsənovun da Heydər Əliyev ömrünün ən narahat anlarında ona qəlbən bağlılığını nümayiş etdirməsi tarixin hafizəsindən silinən deyil. Bu olmuşdu 1990-cı ilin yayında. Respublikaya artıq Ayaz Mütəllibov rəhbərlik edirdi, Heydər Əliyev də Moskvanın cəngindən qurtularaq Bakıya gəlməyi bacarmışdı, ancaq burada da ona göz verib, işıq vermirdilər və Mütəllibov həm Moskvanın göstərişləri, həm də elə öz ətrafı ilə birgə Heydər Əliyevə qarşı yüz cür basqılar etməkdə idi. O vaxt Həsən Həsənov Baş nazir idi və Ayaz Mütəllibovla da aralarında açıq barışmazlıq hökm sürürdü. Həsən müəllim xatırlayır ki, bir gün Heydər Əliyev zəng vurdu ki, Naxçıvana uçmaq istəyirəm, kömək edə bilərsənmi? Qayıtdım ki, edərəm, ancaq bu şərtlə ki, bunu sizinlə məndən başqa heç kim bilməməlidir. AZAL-a, birinci müavin Sabir İlyasova tapşırdım ki, uçuşun tam məxfi olması şərti ilə Naxçıvana uçmaqçün təyyarə hazırlasın. Dedim ki, Moskvadan generallar gəlir, onların gəlməyindən heç kimin xəbəri yoxdur, bura Tbilisidən maşınla gəliblər. Sabah saat 10-da təyyarə artıq uçuşa hazır halda olsun, özün də yolda dayan gözlə, generalları gətirən maşın ora çatan kimi onları öz əlinlə apar oturt təyyarəyə və bu sərnişinlər təyyarəyə girən kimi də ləngimədən uçuş əmrini ver. Zəng vurub bütün bunları Heydər Əliyevə bildirdim və dedim ki, ona sizin haqqınızda heç nə deməmişəm, söyləmişəm ki, moskvalı generallar uçacaq. Sabir sizi qarşılayıb təyyarəyə oturdacaq, dərhal da havaya qalxacaqsınız. Bütün bunlar bir neçə dəqiqə çəkəcək, Ayaz, ya digərləri neyləsələr də, mane olmağa imkan tapmayacaqlar.
Sonralar bütün bunların canlı şahidi olan Mahmud Məmmədquliyev o macəralı uçuşu həyəcan və minnətdarlıqla yada salırdı).
Heydər Əliyevdən sonra Azərbaycan KP MK-ya kimin rəhbərlik etməsinə ən müxtəlif baxışların, ayrı-ayrı potensial namizədlərə fərqli üstünlükvermələrin olması anlaşılandır. Ancaq Kreml, Baş katib hər halda əsas seçim haqqını Heydər Əliyevin özünə vermişdi və onun da yanaşmasında şəxsi sədaqətdən əlavə də bir para başqa vacib meyarlar hökmən nəzərdə tutulmaya bilməzdi. Daha yaxşını bəlli namizədlər cərgəsində öz aləmimizdə müəyyən etmək istərkən gərək o tarixi situasiyaya ilk növbədə Heydər Əliyevin gözləri və tələbləri baxımından yanaşıla və belə nəzər salarkən o fikrə gəlirəm ki, ən doğru seçimi elə özü edib: Aparatın içərisində bişib, işi aparmağı hər halda bacaracaq, xəyanət etməyəcək, yolu, üslubu dəyişməyəcək, buna heç gücü çatacaq qədər qətiyyətli və parlaq da deyil, bu minvalla da, respublika oturuşmuş sakit yaşam tempində son 13 idə qoyulmuş xətti davam etdirəcək və bu tarixi mərhələdə elə gələn kimi qəfil ciddi dəyişmələrə, səs salan islahatlara başlayacaq digər hər hansı namizəd də heç məqbul deyil.
...Dekabrın 7-də Hava limanında Heydər Əliyevi sovet paytaxtına aparan təyyarə səmaya dikəlincə Fuad Musayev hönkür-hönkür ağlamışdı. Hıçqırıqlar içində demişdi ki, yetim qaldıq, bizi yıxacaqlar, əzəcəklər. Həmkarları başlayırlar sakitləşdirməyə ki, ay Fuad, özünü ələ al, əksinə, Heydər Əliyev qabağa gedib, daha yüksək vəzifəyə qalxıb, narahatlığa əsas yoxdur. Toxtamır ki, yox, siz bilmirsiniz, biz təqib olunacağıq, kənarlaşdıracaqlar hamımızı.
Və bu gözü yaşlı "məhəbbətin" ömrü Ayaz Mütəllibov hakimiyyətə gələnəcən çəkir.
Başqa bir Büro üzvünün dönüklüyü isə daha erkən baş vermişdi. Vaqif Hüseynov 1980-ci ilin dekabrında Bakı Şəhər Partiya Komitəsinin katibi seçilir. Artıq elə o vaxtdan əl altından işə başlayıbmış. Moskvada Ümumittifaq Komsomolu Mərkəzi Komitəsində katib işləyərkən yaranan dostluq əlaqələri vasitəsilə ona Heydər Əliyevin irəli çəkiləcəyi, Kremlə gətiriləcəyi xəbəri çatıbmış və həmin əlaqələri vasitəsilə Azərbaycanda Mərkəzi Komitənin Birinci katibi vəzifəsinə gəlməkçün cidd-cəhdlə fəaliyyətə başlayıbmış. 1981-ci il fevralın 23-dən martın 3-dək Moskvada Sov.İKP MK-nın XXVI qurultayı keçirilir. Adətən qurultaylarda seçkilər də olur, Mərkəzi Komitə üzvləri və üzvlüyə namizədlər sırasında da yenilənmələr baş verirdi. Ənənəvi olaraq Sov.İKP MK-ya Azərbaycandan bircə nəfər - respublikanın rəhbəri seçilirdi. İkinci katiblə Nazirlər Sovetinin sədri üzvlüyə namizəd, Ali Sovet sədri də Təftiş Komissiyasına üzv olurdu. Ukraynadan isə Mərkəzi Komitə üzvlüyünə katiblər də, Qazaxıstandan, Özbəkistandan isə hətta vilayət partiya komitələrinin katibləri də seçilirdi. Bizdənsə yalnız bu 4 nəfər. Kremldə Heydər Əliyevə məruzə edirlər ki, Vaqif Hüseynov Mərkəzi Komitə üzvlüyünə seçilməkçün can atır. Vaqif Hüseynovun gizlində belə iş aparmasını elə o vaxtlar Heydər Əliyev Mərkəzi Komitə katibləri arasında daha çox ürək açdığı Kamran Bağırova söyləyibmiş, o da bu sorağı digər həmkarı Həsən Həsənovla bölüşübmüş. Vaqif Hüseynovun Moskvadakı dostlarının köməyi ilə Mərkəzi Komitəyə üzv seçilməyə nail olmaq səyləri Heydər Əliyevə bildiriləndə o təəccüblənir ki, bəs belə niyə? Cavab verirlər ki, ola bilsin, siz irəli çəkildiniz, bu da sizin yerinizə ehtiyatda olmaq istəyir. Heydər Əliyev də qayıdır ki, mən haçansa irəli çəkilsəm, mənim yerimə kimin seçilməsi məsələsini də o vaxt müzakirə edərik, hələ ortada heç nə yox, mən Bakıda oturmuşam yerimdə, niyə indidən həmin yerə adam seçilməsinə tədarük görülməlidir ki! Vaxtı yetişər, bu vəzifəni kimin tutacağını da onda müzakirə edərik.
Heydər Əliyevin Moskvaya köçməsi məsələsinə hələ 2 ilə yaxın müddət qalarkən beləcə artıq kürsü uğrunda mübarizəyə başlayan bir nəfər varmış.
Xatirələrdə bu da keçir ki, 1982-ci ilin 3 dekabrında keçirilən plenumda çıxış vaxtı gözü yaşaranlar, ağlayanlar sırasında Vaqif Hüseynov xüsusən seçilib. Həm də o xatırlayanlar bunu guya Vaqif Hüseynovun Heydər Əliyevdən ayrılığa doluxsunmağı kimi qələmə versələr də, onun 2013-cü ildə Moskvada "Krasnaya zvezda" nəşrlər evində buraxılmış ikicildlik "Bolğşe, çem odna jiznğ" ("Bir ömürdən daha artıq") adlı kitabının birinci hissəsindəki "Heydər Əliyev seçim edir" bölümünü oxuyanda barmağını dişləyirsən ki, yox, bu ağlamaq bir başqa ağlamaqdır, özünün baş tutmayan Birinciyə çevrilmək arzusunun iflasına yas tutmaqdır. Vaqif Hüseynov yazır ki, Heydər Əliyev bəlli sualı ona da verib: "Necə düşünürsən, Büro üzvlərindən kim respblikaya daha yaxşı rəhbərlik edə bilər?"
Və öz vermiş olduğu cavabı da göstərir: "Siz bilən məsləhətdir, Heydər Əliyeviç. Biz hamımız sizin komandanızın üzvləri, demək olar ki, sizin yetirmələrinizik. Qərar sizinkidir".
Vaqif Hüseynov belə yazır və biz də həmin sualı verdiyi anlarda Heydər Əliyevin müsahibinin birinci katib vəzifəsini tutmaqçün artıq 2 ilə yaxın müddətdə xəlvəti apardığı işlərdən xəbərdar olduğu kimi pərdəarxası təfərrüatları bildiyimizdən bu yazılanların səmimiyyətdən nə qədər uzaq olduğunu açıqca duyuruq.
Heydər Əliyev partiya lideri, dövlət başçısı olmazdan əvvəl peşəkar çekist idi axı!
Bilirdi sualı kimə verir, lap çoxdan aydın bilirdi ona cavab verməli olan həmsöhbəti saman altından hansı suları yeridib.
Vaqif Hüseynov 2013-cü ildə sanki illər öncə Heydər Əliyevdən gizlədərək etdiklərini yerli-dibli unudaraq sadədil "məsumluqla" həmin günlərə qayıdaraq soruşur: "Yaxşı, bəs kim? Onu bu ali məqamda kim əvəz edə bilər? Bizim aramızda eləsi varmı ki, haçansa gizlicə onun yerini tutmaq istəyib?"
Vardı, məhz bircə nəfər vardı, bunu da Heydər Əliyevə başqa yerdə yox, Sov.İKP MK-da hələ 1981-ci ilin fevralında, onun Vaqif Hüseynovu Bakı Şəhər Partiya Komitəsinə başçı gətirməsindən 2 ay keçməmiş rəsmən söyləmişdilər.
Vaqif Hüseynov bunu da əlavə edir ki, guya ikinci katib Yuri Puqaçov Heydər Əliyevə belə bir mövqeyini bildiribmiş ki, birinci katib olaraq Kamran Bağırovu deyil, Vaqif Hüseynovu görməyi məqsədəuyğun hesab edir. Həm də bu mövqeyini, sən demə, Kremldə kadr məsələsinə əsas cavabdehlər olan İ.Kapitonov və N.Petroviçevə də çatdırıbmış. Yəni bunlarla da bir daha Vaqif Hüseynov Azərbaycanın birincisi olmaq kürsüsünə Moskvanın adamı, rus canişini kimi gətirilməsi üçün iş aparıldığını, Heydər Əliyevinsə bunun qarşısını almış olduğunu təsdiqləyir. Əgər belədirsə, şəksiz ki, milli maraqlarımız baxımından doğru edib. Kamran Bağırov kimi birinci katib olaraq hansısa situasiyalarda iradə zəifliyi üzündən Moskvanın müəyyən tələblərinə riayət etmək hər halda birbaşa Moskvanın adamı olaraq onların siyasətini burada can-başla yürütməkdən qat-qat dözüləsi haldır. Hətta bu gedişatda Vaqif Hüseynov əfsanələr uydurmağa da girəvə tapır. Yazır ki, guya Yuri Andropov Heydər Əliyevə niyə Hüseynov yox, Bağırov deyəndə bizimki belə cavab verib ki, onların hər ikisi öz yetişdirmələrimdir, ancaq bir məsələ var, Vaqif Hüseynov Moskvada işləyəndə İqor Şolokovla dostluq edib.
Yəni guya Heydər Əliyev bunu ona görə söyləyib ki, keçmiş daxili işlər naziri Şolokovla ədavət aparmış, ondan zəhləsi gedən Andropov Vaqif Hüseynovdan da bu minvalla ikrah etsin.
Belə bir fantaziya, yəqin, elə müəllifin ağlına kitabın yazıldığı 2010-cu illərdə, Azərbaycan KP MK Birinci katibi vəzifəsinə kimin seçilməsi haqda müzakirələrin getdiyi vaxtdan 30 il sonra gəlib və hətta belə bir söhbət olubmuşsa belə, ikilikdə baş tutmuş həmin mükaliməni belə dəqiqliklə Vaqif Hüseynova kim çatdırmışdı? Yuri Andropov, ya Heydər Əliyev özü?
Heydər Əliyev 1982-ci il noyabrın 24-dən - SSRİ Ali Soveti sessiyasında təsdiqini alandan sonra artıq Baş nazirin birinci müavini idi və Bakıya uçaraq ertəsi gün də Büro iclasını, ardınca plenumu keçirə, Moskvaya qayıda, təzə işinə başlaya bilərdi. Ancaq Vətəndən ayrılmağa tələsmirdi. Ürəyi qoymurdu. Həsən Həsənov xatirəsi ilə məni aparır 1982-ci ilin dekabr günlərinə. Deyir, Heydər Əliyev kabinetində tək idi, mən də yanındaydım. Bu ara telefon zəng çaldı, Heydər Əliyev dəstəyi qaldırdı: "Zdravstvuyte, Öriy Vladimiroviç!" (Salam, Yuri Vladimiroviç). Adətən belə hallarda biz çıxardıq otaqdan, qayda bu cürdü, protokol beləydi. Mən də qalxdım ki, kabineti tərk edim, ancaq Heydər Əliyev əli ilə işarə elədi ki, əyləş. Bir dəfə də Moskvada belə hal olmuşdu. Qorbaçov zəng vuranda qalxıb çıxmaq istəmişdim, Heydər Əliyev göstərmişdi ki, otur. Andropov telefonda Heydər Əliyevə nələrsə dedi, Heydər Əliyev də gülümsündü ki, "Öriy Vladimiroviç, ə çetırnadüatğ let rabotal, neujeli çetırnadüatğ dney ne moqu poprahatğsə s lödmi?" ("Mən 14 il işləmişəm, olmazmı ki, 14 gün insanlarla xudahafizləşim"). Yəni zəngin məqsədi bu deyildi, sonra söhbət keçdi əsas mövzuya, amma hər halda niyə Moskvaya gəlməkdə ləngiyirsəni də soruşdu.
...Bu sərəncamların heç birinin altında Heydər Əliyevin imzası yoxdur. Aydın məsələdir, fəxri adlar, orden-medallar Ali Sovet sədrinin imzası ilə verilirdi. Azərbaycanın bütün tarixi boyunca bir neçə gün ərzində belə təltiflər və fəxri adların seli olmamışdı. Təşəbbüskar, belə addımı atmağı qət edən Heydər Əliyev özü idi. Bütün bu sərəncamların imzalanması dekabrın 3-də Heydər Əliyevin iştirakı ilə keçirilən son plenumda qət edilmişdi. Həmin siyahıları vərəqləyirsən, bircə təsadüfi ad belə gözə dəymir. Hamısına bu yüksək ad və təltiflər tam yaraşan insanlar.
Bu fəxri adların uzun siyahısı yorucu gəlməsin. Sovet dönəmində bu adlar məvacibə əlavələr gətirməkdən savayı, bir sıra imtiyazılar da verirdi. Sənaye və kənd təsərrüfatından tutmuş mədəniyyət və incəsənətin ən müxtəlif istiqamətlərinəcən əhatə olunmayan sahə yox idi - Azərbaycanın Əməkdar mühəndisi, Əməkdar geoloqu, Neft ustası, Əməkdar inşaatçısı, Əməkdar iqtisadçısı, Əməkdar metallurqu, Əməkdar ixtiraçısı, Əməkdar memarı, Əməkdar məişət xidməti işçisi, Əməkdar səmərələşdiricisi, Əməkdar balıqçısı, Əməkdar nəqliyyatçısı, Əməkdar rabitəçisi, Əməkdar kənd və meşə təsərrüfatı işçisi, Əməkdar aqronomu, Əməkdar zootexniki, Əməkdar heyvandarı, Əməkdar müəllimi, Pambıq ustası, Əməkdar həkimi, Əməkdar səhiyyə işçisi, Əməkdar həkim, Əməkdar hüquqşünas, Əməkdar poliqrafist, Əməkdar ticarət işçisi, Tütün ustası, Əməkdar ali məktəb işçisi, Əməkdar irriqatoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar artisti, Xalq artisti...
Elə bircə Əməkdar elm xadimi almışların adlarını sadalasaq görəcəksiniz ki, bu, sadəcə təltif paylamaq deyildi, seçkinlərə, ötkünlərə verilən insaflı, ədalətli, vaxtlı qiymət idi: tarixçi alimlər Sara Aşurbəyli, Ziya Bünyadov, filosoflar Camal Mustafayev, Midhət Ağamirov, ədəbiyyatşünaslar Məmməd Cəfər Cəfərov, Cahangir Qəhrəmanov, fizik Çingiz Cuvarlı, memar Əbdülvahab Salamzadə, geoloq Sübhi Salayev, şərqşünas Rəhim Sultanov, pedaqogikaşünas Mehdi Mehdizadə, riyaziyyatçı Cəlal Allahverdiyev... bir-birindən parlaq ulduzlar, bütün Azərbaycana əsərləri və əməkləri ilə tanış olan şəxsiyyətlər...
Heydər Əliyev inkişafı, yüksəlişi üçün daim çalışdığı bu sahələrin bir çoxunu şəxsən tanıdığı qabaqcıllarına son töhfəsini verərək gedirdi.
Hələ nə qədər elə bu qəbil insanlara dövlətin ehtiyat fondundan yüzlərlə mənzil hədiyyə edildi.
Sıra-sıra ailələrə və müəssisələrə bir an içində bəxş olunan sonsuz sevinc. O vaxt respublika qəzetləri yüz minlərlə tirajla çıxırdı və bu müjdəni yayan qəzetləri almaqçün həmin günlər Azərbaycan boyu köşklərin qarşısında uzun növbələr yaranmışdı.
Ancaq başqa daha hərarətli, riqqət oyadan növbələr də vardı. Hələ Bakıda, Vətəndə olduğu günlər ərzində hər gün Heydər Əliyev Azərbaycanın dörd bucağından axın-axın gələn insanları qəbul edirdi. İdarə və müəssisə rəhbərləri, əmək qəhrəmanları, şair və yazıçılar, alimlər, sənət adamları - ən müxtəlif təbəqədən olan insanlar sevimli rəhbərə "yaxşı yol" diləməyə, uğur arzulamağa gəlirdilər.
Həmin görüşlər və gələnlər o qədər çox idi ki, masa arxasında oturmaqla hamını qəbul etmək mümkünsüzdü. Dəstə-dəstə gəlirdilər, biri-ikisi hamısının adından ürək sözlərini deyirdi, Heydər Əliyev onların hər biri ilə əl tutub görüşürdü. Yəni hər gün az qala 6-7 saat sürən bu görüşlərin hamısında Heydər Əliyev şax duruşuyla, zahirində zərrəcə yorğunluq əlaməti görünmədən, gülümsər çöhrəsiylə millətlə üz-üzə idi.
Həmin vida görüşünə gələnlərin hər birinin taleyində Heydər Əliyevin izi vardı, amma onların da hər biri elə Heydər Əliyevin ömrünün parçaları idi. Gedəcəkdi Moskvaya, ayrı bir həyat başlanacaqdı, ömür kitabının büsbütün yeni səhifəsi açılacaqdı. Bəlkə də bu görüşdüklərinin əksəri ilə bir daha rastlaşmaq ona heç qismət də olmayacaqdı. Sabahkı gün və qarşıdakı illər bir kimsənin öncədən görə bilməyəcəyi gələcək idi. Bu insanlarsa mehriban, işgüzar ünsiyyətdə ötmüş əyyamlar, yaşanmış keçmiş idi, Heydər Əliyev qucaqlaşdığı, görüşdüyü, söhbətləşdiyi hər insanla həm də ömrünün bu ana qədərki Azərbaycan illəri ilə, doğma yurdla halallaşır, sağollaşırdı.
"Yoldaşlar, sizdən, ümumi işimizdən ayrılmaq mənimçün asan deyildir" söyləyirdi.
Özü də kövrəlirdi, onun bu təsirli sözləri zalda əyləşənləri də duyğulandırır, qəhərləndirirdi.
Heydər Əliyev danışırdı: "Bilirəm ki, çoxunuz bu gün çıxış üçün müraciət etmişdiniz, hisslərinizi ifadə etmək, arzularınızı dilə gətirmək istəyirdiniz. Ancaq mən yoldaşlara bunu etməməyi məsləhət gördüm. Çünki bu sözlərsiz, bu çıxışlarsız da sizin hissləriniz də, xeyirxah münasibətiniz də mənə yaxşı bəllidir".
Həmin plenumda iştirak etmişlərin bir neçəsinin dilindən eşitmişəm ki, Heydər Əliyevin bu sözlərindən sonra həm təəssüflənmiş, həm sevinmişdilər. Heyifsilənmişdilər ki, ürəklərində daşan duyğuları bu məclisdə söyləmək fürsəti onlara qismət olmadı. Amma həm də şad idilər, ona görə ki, danışarkən mikrofon qarşısında duyğuların şiddətindən doluxsunaraq istər-istəməz susmaqdan, qəhərlənərək Mərkəzi Komitənin dekabrın 2-də keçiriləcək nitqlərini davam etdirə bilməməkdən canları qurtarmışdı.
Həsən Həsənov Mərkəzi Komitənin dekabrın 2-də keçirilmiş Büro iclası, həmin iclasda qəbul edilmiş yeni birinci katib seçkisinin sabahıgünkü plenumda təsdiqindən sonra yazıçı Mirzə İbrahimov onunla telefon əlaqəsi yaratmasından söz açır. Mirzə müəllim köhnə kişilərdən idi, sovet onillərinin ağlı-qaralı çox düyünlü səhifələrinə bələd idi. Ağsaqqal yazıçı zəng vurubmuş ki, məmnunluğunu, razılığını bildirsin: "Nə yaxşı ki, heç bir didişmə olmadı. Didişmələrin axırı həmişə pis qurtarır. Azərbaycana ziyan vurardı".
Müdrik, tədbirli Heydər Əliyev respublika rəhbəri olaraq Azərbaycanda onun iştirakı ilə keçən son iki iclasın Azərbaycanın ictimai-siyasi həyatında heç bir təşviş, pərişanlıq oyatmadan, rəvan keçməsinə nail olmuşdu. Azərbaycanın Birincisi kimi son vəzifə borcunu da həmişəki nümunəviliklə yerinə yetirmişdi.
...1982-ci il dekabrın 7-si. Təyyarənin təkərləri yerdən üzülür. Heydər Əliyev Moskvaya uçur. Sabah yeni iş yerində - Kremldə onu ilk iş günü, yeni üfüqlər gözləyir. O, ömrü boyu fəthlərə doğru irəliləyib. Ona ürəyi istəyən kimi qanadlana bilməkçün həmişə geniş meydan, azad fəza gərək olub. Bakıdan qalxaraq endiyi Moskvadan daha ucalara yüksəlməkçün o uçuş meydanı olacaqmı?
Bu uçuşdan bir neçə dəqiqə öncə çəkilmiş ayrılıq fotosunda onun da, onu yola salanların da baxışlarına qonan nigaranlığın səbəbi həmin cavabı qəliz sual, qarşıdakı vaxtın məchulluğu idi.
17 iyul 2023
Rafael HÜSEYNOV, akademik