Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Yaşanan, yaşayan və yaşadanını yaşadan
25.07.2023 10:25
  • A-
  • A
  • A+

Yaşanan, yaşayan və yaşadanını yaşadan

Yadigar bir kinolentin kadrlarında onun barmaqları sığal çəkirmiş kimi əski abidənin naxışları üzərində gəzir. Bu, bir andır, Azərbaycanın artıq əbədiyyətini qazanmış böyük övladı Heydər Əliyev ömrünün bir anı. An təqvimdir, yaşadığımız göz qırpımıdır, əbədiyyət isə hər an yaşamaq səadətidir. Hər an yaşamaq qüdrəti və səadəti insana böyük əməl bağışlayır. Bir anla əbədiyyət arasındakı məsafə əslində lap qısadır. Anı əbədiyyət, əbədiyyəti an etmək qüdrəti isə yalnız sənətə, mədəniyyətə məxsusdur.

Qədim zərbülməsəldir ki, "mədəniyyət millətin libasıdır". Böyük Heydər Əliyev bu hikmətli həqiqəti Azərbaycanda hər kəsdən daha artıq dərk edənlərdən idi. Çünki o, müdam Azərbaycanın son 3 min ildən artıq bir zaman boyu yaranmış mədəniyyətinin qayğıkeşi, hamisi oldu. 1950-ci illərdə çəkilmiş nadir bir rəsm əsəri var. Azərbaycan dahiləri görüşüblər. Sıra dağlar tuşunda dayanıblar. Zərdüşt də buradadır, Nizami Gəncəvi də, Xaqani də, Məhsəti də, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi də, Şah İsmayıl Xətai də, Məhəmməd Füzuli də, Həsən bəy Zərdabi də, Mirzə Fətəli də, Mirzə Cəlil də, Əbdürrəhim bəy Haqverdiyev də... Amma o rəsm əsəri yarananda hələ XX əsr bitməmişdi, ikinci minilin son yüzilinin ortaları idi. XX əsr axıra yetdi, üçüncü minillik başlandı. Bəlkə fırça ustalarımız haçansa həmin dahilər sırasını kətan üstündə qovuşdurmaq zəhmətinə bir də qatlaşacaqlar? Haçansa belə bir Azərbaycan Zirvələri lövhəsini yaratmağa təşəbbüs ediləcəksə, söz yox, həmin şərəfli qafilədə Heydər Əliyevin də surəti mütləq olacaq. Çünki o, bütün həyatı boyu Azərbaycan mədəniyyətini yaratmış, Azərbaycana mədəniyyətdən libas biçmiş ilhamlı insanlarla - mədəniyyət xadimlərimizlə birgə oldu. Heydər Əliyev haqq dünyasına qovuşandan sonra onun abidəsini yaradan heykəltaraşlarımızın çoxu böyük vətəndaşımızı ayaq üstə, dik, məğrur dayanan təsvir etmişlər. Haqlıdırlar! Heydər Əliyev həmişə belə oldu - dövlətimizin, millətimizin, mədəniyyətimizin, dilimizin, mənəviyyatımızın keşiyində daim farağat dayandı və hər zaman da elə beləcə ucalacaq! Onun sözləridir: "Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, öz böyük tariximizlə fəxr edə bilərik. Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxardan amillərdən biri, ola bilər ki, ən əsası da bizim mədəniyyətimizdir, ədəbiyyatımızdır. Demək, bizim şairlərimizdir, yazıçılarımızdır".

Bunlar elə sözlərdir ki, onları bir başqası da deyə bilər və olsun ki, oxşar fikri neçə-neçə başqaları da ifadə edib. Ancaq Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin sənət baxımından dəyərini bütövlüyü və nəhəngliyi ilə yaxşı anlamaqla bərabər, bu sərvətlərin siyasi siqlətini də gərəyincə dərk edirdi və xidmətində durduğu mədəniyyət onun nəzərində həm də dövləti və milləti daha üstün etməkçün siyasi bir vasitə idi. Bundan da hər kəsin bacarmadığı ustalıqla yararlanırdı.

Tarixi hamımız yaşayırıq. Amma elə insanlar var ki, onlar tarixi sadəcə yaşamır, həm də böyük əməlləri ilə millətlərinin, dövlətlərinin taleyində açdıqları yolla tarixin yaradıcısına çevrilirlər, tarixin müəyyən bir parçasının müəllifinə dönürlər. Və əslində bu cür insanlar bir xalqın, bir məmləkətin övladı olmaq çərçivəsindən çıxırlar, dünyanın balalarına çevrilirlər. Heydər Əliyev tarixdə qalan, tarixin bir parçası olan və tarix yaradan nadir sima idi.

Azərbaycanın tarix boyu müstəsna övladları - şairlərimiz, alimlərimiz, memarlarımız, yaradıcı insanlarımız az olmayıb. Amma böyük dövlətçilərə bütün Azərbaycan tarixi ərzində bir əlin barmaqlarıyla sayılacaq qədər az rast gəlinib.

Heydər Əliyev nadirliyi həm də budur ki, ona həm dövlətçiliyimiz, həm də mədəniyyətimiz tarixində silinməz, ali imzasını həkk etmək səadəti qismət oldu.

Heydər Əliyev dövlətçilik tariximizin yalnız Şah İsmayıl Xətaisi ilə müqayisəyə gələ bilər. Orta əsr salnamələrinin verdiyi bilgilərə görə, Şah İsmayıl tədbirli hökmdar, ötkəm sərkərdə, mahir diplomat olmaqla yanaşı, həm də incə ruhlu şair və rəssam idi, usta qələmli xəttat idi. Amma eyni zamanda mürşid idi, arxasınca, hətta şahlıq taxtına oturmazdan xeyli öncə kütlə-kütlə insanların getdiyi təriqətin başçısı idi. Və Şah İsmayıl Xətai malik olduğu bu ən müxtəlif məziyyətlərin hamısını dövlətçiliyə sarı tuşladı.

Və fitrətən böyük istedadlara malik, universal biliklər sahibi, dərin təfəkkür yiyəsi Heydər Əliyev də ona Tanrının yazdığı və özünün inadkar zəhmətləri ilə qazandığı dürlü vərdişləri, istedadları, bacarıqları Azərbaycan dövlətini daha üstün, Azərbaycan millətini daha artıq təsdiq etmək səmtinə yönəltdi.

Qədim yunan müdriki söyləyirdi ki, "dahi sadə bir insanın əbədiyyət qazanması deməkdir". Heydər Əliyev sadə bir azərbaycanlı idi, amma bacarıqları, səyləri, bilikləri, qabiliyyətləri nəticəsində o, əbədiyyət qazandı, dahilik məqamına ucaldı və bununla da məhz sadə bir azərbaycanlının bu mərtəbəyə yüksəlməsi ilə də əslində bir daha millətini yüksəltmiş oldu. Heydər Əliyev böyük dövlətçi, böyük siyasətçi olmaq səviyyəsində də böyük mədəniyyətçi idi. Həm də "mədəniyyət" sözünün yalnız gözəl sənətlər anlamında yox. Heydər Əliyev Azərbaycan mədəniyyətini sahələriylə gözəl bilirdi və çox sevirdi. Amma onun içərisində başqa mədəniyyətlər də vardı və ondan bu millətə bir sıra yeni, müasir çağın tələbi ilə ortaya çıxan və çox ehtiyac duyduğumuz mədəniyyətlər də yadigar qaldı: dövlətçilik mədəniyyəti, siyasət mədəniyyəti, siyasi natiqlik mədəniyyəti, danışıqlar aparmaq mədəniyyəti, bütöv millətə çevrilmək, yaxşı millət olmaq mədəniyyəti. Millətimizi zaman içərisində həmişə seçdirən və sayğılı edən, ərazicə, sayca, hərbi və iqtisadi güc baxımından bizdən qat-qat, bəlkə də üstdə dayanan millətlərdən qabağa çıxaran hər yeni tarix fəslində məhz mədəniyyətimiz, mədəniyyət xadimlərimiz olub.

2007-ci ilin son payız günlərindən birində iki gün dalbadal Azərbaycan Televiziyasında hazırladığım və Heydər Əliyevə həsr edilən "Əbədiyyət" silsiləsinə Azərbaycan mədəniyyətinin qaymaqlarını dəvət etdim. Çünki irəlicədən hiss edirdim ki, bu mətləb sinəsi dolu olan insanların 2-3 saata sığası söhbəti deyil. Ona görə qonaqlarımızı iki dəstəyə ayırmışdım və ilk görüşə Azərbaycanın böyük yazıçısı Seyid Hüseynin övladı, görkəmli rəssam Oqtay Sadıqzadəni, Rəsul Rza və Nigar Rəfibəylinin oğlu Anarı, şərəfli Mirqasımovlar nəslinin törəməsi kinorejissor Oqtay Mirqasımovu dəvət etmişdim.

Mədəniyyət quruculuğu və qoruyuculuğu yolunda Heydər Əliyevi səciyyələndirən başlıca cəhətlərdən biri bu idi ki, onun Azərbaycan mədəniyyətinə bağlılığı yalnız respublikaya rəhbərlik etdiyi onillərlə bağlı deyildi. Azərbaycan mədəniyyətinin daha əvvəlki nəsillərinin elçiləri ilə də onun sıx təmasları olmuşdu. Xalq rəssamı Oqtay Sadıqzadənin özünə də, yaradıcılığına da yaxından bələd idi, amma ona Oqtayın atası Seyid Hüseynin də taleyi ayrıntıları ilə bəlli idi və gendən-genə də deyil - 1950-ci illərin ikinci yarısında "xalq düşməni" Seyid Hüseynin repressiya dalğalarından sonrakı bəraət məsələsi ortaya çıxanda DTK-da bu məsələlərlə əsas məşğul olanlardan biri elə Heydər Əliyev idi. Anardan əvvəl onun valideynləri Rəsul Rzanın, Nigar Rəfibəylinin taleyində, Oqtaydan qabaq Mirqasımovlar sülaləsinin neçə parlaq təmsilçisinin həyatında Heydər Əliyevin yeri və xeyirxah izləri olmuşdu. Yəni Heydər Əliyevin Azərbaycan mədəniyyətinin yaradıcılarına və incəsənətimizdəki məşhur şəcərələrə münasibəti, onlarla əlaqələri adda-budda deyil, ardıcıl, əhatəli, rişəli, ənənəli idi.

Elə atası kimi (Seyid Hüseynin belə olması mənə onlarla mötəbər şifahi və yazılı xatirədən məlumdur) daxilən kübar Oqtay Sadıqzadə o axşam sözünü belə başlamışdı ki, şəxsən mən və ailəmiz Heydər Əliyevə daim borclu qalacağıq: "O, ailəmizin ən çətin anlarında bizə elə kömək durdu, elə xeyirxahlıq göstərdi ki, heç vaxt yaddan çıxarmıram, ömrümün axırınadək də unutmayacağam. Həyat yoldaşım, rəssam Elmira Şahtaxtinskaya ağır xəstə idi. Onu respublikadan kənarda müalicəyə aparmaq lazım idi. Biz də Moskvaya getməyə hazırlaşırdıq. O narahat günlərimizdə heç gözləmədiyimiz halda bizə zəng etdilər. Dedilər ki, Elmiranın adına pul yazılıb, gedib alsın. İndiyəcən də xəbərim yoxdur ki, Elmiranın xəstəliyini, Azərbaycandan xaricdə müalicəyə ehtiyacı olmasını Heydər Əliyevə kim çatdırmışdı. Moskvada olduğumuz 3 ayı elə həmin məbləğlə yola verdik.

Qayıtmışdıq Bakıya, fikirləşdim ki, Heydər Əliyev bizə belə yaxşılıq edib, gərək nə təhərsə xəcalətdən çıxaq. Düşündüm ki, bir portret işləyim, ya özünün, ya ailə üzvlərindən birinin şəklini çəkim, ya da özü kimi istəsə. Müraciət elədim. Arzuladı ki, həyat yoldaşı Zərifə xanımın portretini işləyim. Bir neçə fotoşəkil də göndərdi. Böyük həvəslə işlədim, portreti göndərdim. Çox bəyənmişdi. Hətta belə bir söz də dedi ki, evdə mənim bir otağım var, orada həm işləyir, həm yeyir, həm də yatıram. Həmin portreti bu otaqda asmışam divardan. Həmişə gözümün qarşısındadır, hər baxanda elə bilirəm ki, Zərifə xanımın canlı obrazını görürəm. Heydər Əliyevin bu rəyi mənə həddindən artıq xoş oldu. Üstündən bir qədər keçdi. Pakistan səfirliyində onların milli bayramı münasibətilə qəbulda idik. Orada Heydər Əliyevlə rastlaşdıq, qayıtdı ki, başqa rəssamlar mənim bir neçə portretimi işləyib, ancaq heç biri ürəyimcə olmayıb. Dedim ki, sizin portretinizi böyük məmnuniyyətlə işləyərdim. Gülümsədi, dedi, azad rəssamsan da, mən sənə deyə bilmərəm ki, işlə, ya işləmə. Mən bu sözü onun portretini çəkməyimə razılıq kimi qəbul edərək ertəsi gündən işə girişdim. Həm də böyük həvəslə. Çünki bir var portreti fotodan işləyirsən, bir də var ki, adamı görmüsən, tanıyırsan, təbii ki, bu halda tamamilə başqa keyfiyyətdə olan iş alınır.

Oqtay Sadıqzadə zəngin həyat təcrübəsi olan, dünyagörmüş, zəmanənın sərt qasırğalarından adlayaraq bərkimiş insan idi, amma eyni zamanda bəzən uşaq kimi sadədil, ən xırda hadisələrə qəlbən həyəcanlanan idi. Elə bu işlə bağlı söyləyirdi ki, sanki iş tərs gətirdi. Bir ay çalışır, heç nə alınmır. Yəni onun baxışınca heç nə alınmır. Ürəyindəki, düşüncəsindəki portreti könlü istəyən kimi şəkilləşdirə bilmir. Deyir, elə bil iş tilsimə düşmüşdü: "Bir ay əlləşdim, nəticə xoşuma gəlmədi, belə olanda götürdüm təzədən ikinci variantı işləməyə başladım, bu ondan da pis alındı. Qaldım naçar ki, axı mən söz vermişəm".

Bax, bu yerdə başlayıbmış həlim təbiətli Oqtay müəllimin həyəcanlı günləri. O, sözünə sadiq, verdiyi vədi vaxtında yerinə yetirən idi. Nizami muzeyində əməkdaşlığımız əsnasında buna dəfələrlə şahid kəsilmişdim. Ancaq indi həyəcanı artıran həm də bu idi ki, o, dərin ehtiram bəslədiyi şəxsiyyətin qarşısında verdiyi sözün cavabdehliyini daşıyırdı. Hərçənd həmin portret nəinki aylar, hətta illər sonra yaransaydı belə, hələ sənət əsərinin ortaya çıxmasının sənətkarın içərisindəki vaxta-vədəyə, ovqata, ilhama bağlı olduğunu yaxşı bilən Heydər Əliyev tablo ona təqdim edilənədək heç üstünü də vurmayacaqdı.

Oqtay müəllimsə daxili təşvişlə həll arayırdı: "Fikirləşdim ki, müəyyən fasilə vermək lazımdır. Ayrılım portretdən, bir müddət sonra təzədən qayıdım. Fasilə çox çəkdi. Təxminən üç ay. İkincidən sonra üçüncü variantı başladım. Tamamilə başqa kompozisiya, başqa bir yanaşmaqla. Düşündüm ki, o da bir insandır da, bizim kimi insandır, amma müəyyən dərəcədə yüksək keyfiyyətləri vardır, dövlət xadimidir. Qət etdim ki, bu əsərdə onun həm sadə bir varlıq, həm də mühüm əhəmiyyətli insan olması görünsün. Onu kresloda oturub düşüncələrə dalmış halda çəkdim. Özünü çox müşahidə etmişdim, qarşımda da bir qalaq fotoları vardı. Xeyli işlədim, gördüm ki, bu dəfə, nəhayət, alındı. Baxdım ki, bu Heydər Əliyev mən təsəvvür etdiyim Heydər Əliyevə oxşayır".

Tablonun orijinalından əvvəl Heydər Əliyevə əsərin rəngli fotosunu göndərmişdi ki, baxsın, iradlar olsa, əsərə bir də əl gəzdirsin. Çox keçmir Oqtay Sadıqzadəyə zəng vururlar ki, Prezident portretə baxmaq istəyir.

"Çox yaxşı qarşıladı məni. Əvvəlcə həyəcan keçirsəm də, elə şərait yaratdı ki, tezliklə toxtadım. Ümumilikdə əsəri bəyənmişdi. Ancaq indi onunla söhbət edə-edə portretdəki Heydər Əliyevlə qarşımdakı canlı Heydər Əliyevi bir daha müqayisə edirdim və belə qənaətə gəlirdim ki, deyəsən, oxşatmışam, daxili aləmini verə bilmişəm. Onun rəssamlığa sadəcə bir sənət həvəskarı kimi yox, peşəkarcasına bələdliyini də həmin görüşdə özümçün qəti yəqin etdim. Dedim ki, əgər qeydləriniz varsa, düzəldim. Qayıtdı ki, nə qeydim ola bilər, gözəldir. Bir də soruşdum ki, bəlkə kompozisiya ilə bağlı nəyəsə əl gəzdirməyi məsləhət görərdiniz? Elə söz dedi ki, bunu məhz rəssamlıqdan yaxşı baş çıxaran adam söyləyə bilərdi. Dedi ki, siz ağ kreslo vermisiniz, şəkildə onun bir hissəsi çox parlaqdır. Mən sizin yerinizə olsaydım, onu bir az söndürərdim, qabağa çıxır, sifətə mane olur.

Bu, əsl rəssam müşahidəsi idi. Həm də heç hər rəssam da bu momenti belə həssaslıqla tutmazdı. Mən əvvəllər Heydər Əliyevin ilk gəncliyində çəkdiyi şəkilləri də görmüşdüm. O eskizlərdə bir qız portreti də vardı. Məni valeh etmişdi".

Yazıçı Anara Heydər Əliyevin sayğılı və qayğıkeş münasibəti onun  Azərbaycan Respublikasına rəhbərlik etdiyi çağlardan başlandı və sonadək də davam etdi. O siyasi həmlələr ki Anara 1970-ci illərin başlanğıcında edilmişdi, Heydər Əliyev kimi mötəbər qoruyucu olmasaydı, Allah bilir Azərbaycan ədəbi-mədəni düşüncəsinin misilsiz və çox parlaq hadisəsi olan bu qələm sahibi hansı sıxıntılar yaşayar, hansı müşküllərlə qarşı-qarşıya qalardı. Anarın yenicə nəşrə başlamış "Qobustan"ı haqda bir-birinin ardınca yıxıcı məqalələr dərc edilir (1971-ci il iyunun 27-də "Kommunist" qəzetinin birinci səhifəsində dərc edilmiş "Ədəbiyyatın ilham çeşməsi" yazısı (müəllifi Nəbi Xəzri) yolunu yeni başlayan toplunu dilimizi təhrif etməkdə suçlayaraq belə yazırdı: "1971-ci ildə, dilimizin yüksək inkişaf mərhələsinə çatdığı bir vaxtda "Qobustan"ın bu yazılarını başa düşmək üçün azərbaycancadan azərbaycancaya tərcüməçi lazımdır".

"Kirpi" isə (redaktoru Seyfəddin Dağlı) 1971-ci il birinci nömrəsində dərc etdiyi "Qobustanda yeni rəsm" başlıqlı redaksiya məqaləsində toplunu tısbağaya oxşadaraq qaraladığı iynəli sözlərə karikatura da əlavə etmişdi), ayrı-ayrı yüksək çinli dövlət məmurları tərəfindən aşkar və gizlicə quyuqazıcı, inkarçı xətt aparılırdı. Bu toplunun və onun redaktorunun guya pantürkizmi təbliğ etdiyi, millətçiliyə rəvac verdiyi haqda Kremlə yönələn ardıcıl donosların nəticəsi kimi nəhayətdə məsələ Sov.İKP MK katibi İvan Kapitonovun məruzəsində əksini tapmışdı. Bütün bunlar fəlakət vəd edirdi. Ancaq həmin hücumların ən şıdırğı vaxtında Heydər Əliyev mərd-mərdanə Anarı müdafiə etdi, onu elə yaxın ətrafındakıların bəd nəfəslərindən illərcə qorudu. Diqqət edirdim ki, Heydər Əliyev iştirak etdiyi hər yığıncaqda Anar çıxış edərkən necə diqqətlə dinləməsindən əlavə ona nə təhər şəfqətlə baxır.

Həmin "Əbədiyyət" masasının arxasında, Heydər Əliyevlə əbədi ayrılıqdan az ötərkən baş tutan görüşdə Anar da Ulu öndərin ona bəslədiyi istəklə tən gələn hərarət və səmimiyyətlə düşüncə bölüşmüşdü. Mənim həmin məclisi açarkən Şah İsmayıl Xətaini yada salaraq, onunla Heydər Əliyev şəxsiyyəti arasında uyğunluqlar aramağım Anar müəllimçün bir tutalğaya dönmüşdü və demişdi ki, sənin başladığın tutuşdurmanı mən də davam etdirmək istəyirəm: "Şah İsmayılla Heydər Əliyevi həm yaxınlaşdıran, birləşdirən, həm ayıran cəhətlər var. Şah İsmayıl ölkələri fəth eləyirdi,  müharibələr aparırdı. Heydər Əliyevin bioqrafiyasında, xoşbəxtlikdən, elə anlar yoxdur. Amma Azərbaycan dövlətinin möhkəmlənməsində, Azərbaycan dövlətinin nüfuzunun artmasında bu iki şəxsiyyəti müqayisə etmək olar. Onları bir də Azərbaycan dilinə münasibətə görə müqayisə etmək olar ki, Şah İsmayıl həm özü şair idi, həm də Azərbaycan dilində fərmanlar, məktublar yazırdı. Heydər Əliyev də Azərbaycan dilinin əhəmiyyətini dönə-dönə vurğulayırdı və dillə bağlı fərmanı da vardı. Və üçüncü cəhət də onların hər ikisinin mədəniyyətə son dərəcə yaxın olmalarıdır. Şah İsmayıl öz zamanında rəssamların, şairlərin, sənət adamlarının himayədarı olmuşdu, müharibə gedişində Kəmaləddin Behzad kimi seçkinlərini hifz etmişdi. Heydər Əliyev də bax başqa bir dövrdə, müharibələr olmayan, amma sənətkarların başında bəlkə də eyni təhlükələrin dolaşdığı bir çağda sənət adamlarını qoruyurdu. Bunu mən öz taleyimdə də deyə bilərəm. "Qobustan" toplusunun əleyhdarları vardı. Ümumiyyətlə, bu dərgi müəyyən mənada qanunsuz çıxırdı. Çünki reyestrlərə daxil deyildi, kitab kimi, toplu kimi nəşr olunurdu. Söz-söhbətin qarşısını kəsməyin ən qısa yolu jurnalı bağlamaq olardı, yaxud bağlamayıb mənə demək olardı ki, xoş gəldin, başqa bir adam gəlsin, redaktor olsun. Amma bu tənqidlərin nəticəsi bu oldu ki, Heydər Əliyev bizə yeni ştatlar verdi, əlavə imkanlar yaratdı və "Qobustan"ı yaşatdı. Və çox illər sonra, artıq müstəqillik dönəmindəki bir çıxışında dedi ki, indi biz "Qobustan"ın o dövrdəki əhəmiyyətini bu gün daha yaxşı dərk edirik, bu toplunun milli şüurumuzun oyanmasında, bizim mədəniyyətimizin təbliğində nə qədər böyük rolu olduğunu daha aydın təsəvvür edirik.

Heydər Əliyev sənətə də, sənət adamlarına da qiymət verməyi bacaran bir dövlət xadimi idi".

O axşamkı görüşümüzdə Anar tam şərik çıxdığım bir müşahidəsini də bölüşmüşdü ki, Heydər Əliyev görkəmli dövlət adamı, böyük siyasi xadim, KQB generalı olsa da, ilk növbədə azərbaycanlı idi və bu həqiqət onunçün ömrü boyu ön sırada dayanmışdı, Moskvada yaşayıb-işlədiyi illərdə də nəhəng miqyaslı işlərlə məşğul ola-ola bir an belə azərbaycanlılığını unutmurdu, Azərbaycana da, mədəniyyətə də bağlılığı elə əvvəlki səviyyədə davam edirdi.

Məclisimizə Oqtay Mirqasımovu dəvət etmişdimsə, əlbəttə ki, kinodan da bəhs etməliydik. Heydər Əliyev kinonun gücünü də, kino vasitəsilə millətə xidmətin yollarını da yaxşı bilirdi. Bütövlükdə mədəniyyət və konkret olaraq kino Heydər Əliyevdən ötrü elə siyasətin davamı, xalqı və yurdu yüksəltməyin ən əlverişli körpülərindən idi. Dəfələrlə bunu açıq da söyləmişdi ki, kino xalqın özünü tanıması, tarixindən, şəxsiyyətlərindən lazımınca xəbərdar ola bilməsi üçün sıra-sıra kitablardan, elmi əsərlərdən daha artıq iş görməyə qadirdir. Xalqın öz Dədə Qorquduna aşinalığında, Nəsimini daha artıq sevməsində bu haqda çəkilmiş filmlərimizin əvəzsiz xidmətini vurğulayan Heydər Əliyevin bir çox ekran əsərlərimizin meydana çıxmasına unudulmaz köməkləri dəymişdi. Yolunun bağlanmaq təhlükəsi olan "Ulduzlar sönmür", "Bir cənub şəhərində", "İstintaq" kimi filmlərin qapısını açmaq onun bir xidməti idisə, hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən neçə qiymətli tarixi filmin araya-ərsəyə gəlməsi üçün əsirgəmədiyi qayğılar şükranlarla anılmalı ayrı bir xidmətdir. Amma Heydər Əliyev iftixar da edirdi ki, Azərbaycan kino sənətinin incilərindən olan bir əsərin çəkilişində onun bilavasitə əməkləri olub: "Uzaq sahillərdə" filmi Azərbaycan xalqına nə qədər şöhrət gətirdi! Ümumiyyətcə, Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var. O vaxt "KQB"də işləyirdim. Bu, 1950-ci illərin əvvəlləri idi. O vaxt, faşist Almaniyası ilə müharibə qurtarandan biz bu işləri çox araşdırırdıq ki, kimlər dava zamanı faşistlərə xidmət edib, kimlər onlara satılıb, kim qəhrəmanlıqlar göstərib. Və düzünü deyim, o vaxt bizim sistemin istiqaməti ondan ibarət idi ki, axtarıb tapaq, kim düşmənlərimizə kömək edib. Bu məsələlərlə məşğul olarkən təsadüfən Mehdi Hüseynzadə haqqında materiallara rast gəldim. Öncə belə təqdim etmişdilər ki, bu da başqaları kimi əsir düşüb, faşistlərə xidmət edibdir. İlkin materiallardan Mehdi Hüseynzadə haqqında belə bir təsəvvür yaranmış və bu cür materiallar da hazırlanmışdı. Ancaq xoşbəxtlikdən biz bunun dərinliyinə getdik və şəxsən mənim özüm. Bunu mən sizə indi, ola bilər, ilk dəfədir deyirəm. Mən şəxsən bunu başladım araşdırmağa. Dərinliyinə gedəndən sonra baxdıq, gördük ki, yox, doğrudan da bu, əsir düşüb, faşistlərə xidmət edibsə də, böyük xidmətləri, şücaətləri də olubdur. Ancaq bunun xidməti nədən ibarətdir? Bu materialları qaldırdıq. O vaxtlar, mənim xatirimdədir, bunları qaldırdıq, təxminən 56-cı, 57-ci illər idi. Bunları qəbul etmirdilər. Şübhəsiz ki, bunu bizim öz içərimizdə qəbul etmək istəmirdilər. O vaxt, yenə deyirəm, istiqamət ondan ibarətdi ki, düşmənləri tapaq, kim legionda qulluq eləyib, bunu müəyyənləşdirək. Kim orada qəhrəmanlıq eləyib, bunu axtaran yoxdu. Baxın, "Baharın on yeddi anı" filmi haçan yarandı, bizim "Uzaq sahillərdə" nə vaxt çəkildi. O vaxt özümüzdə bir fikir yarandı ki, biz bir oçerk yaradaq bu barədə. Verdik bir iki-üç işçimizə. Bu işləri yaza bilən adamlara ki, bunlar yazsınlar. Başladılar, ancaq professional deyildilər, bir şey alınmadı. Bu iş alınmadığına görə biz müraciət elədik Mərkəzi Komitəyə. Daha sonra biz materialları təqdim elədik respublika Komsomolu Mərkəzi Komitəsinə. Rəhmətlik İmran Qasımovla Həsən Seyidbəyli o vaxtları gənc, bu sahədə fəaliyyət göstərən adamlardı. Bunlar materialı tez götürdülər və biz də onlara kömək etdik. Nə vardı, hamısını verdik. Onlar bunu yazdılar, sonra da film çəkildi. Film çəkiləndən sonra da əvvəlcə onu vermək istəmirdilər. Sonra yenə də axırı mənə qismət oldu ki, gəldim, Mehdi Hüseynzadənin xatirəsinə böyük bir abidə yaratdıq, o da xatirimdədir ki, 1973-cü ildə böyük təntənə ilə açdıq, sonra da o, bizim 9 may günlərində daimi ziyarət etdiyimiz məkana çevrildi.

Bunlar hamısı - tariximiz, ədəbiyyatımız, kinomuz, teatrımız bir-birinə bağlıdır". 

Oqtay Mirqasımov Heydər Əliyevli həmin unudulmaz axşamımızda sözünü başlayınca kinodan daha əvvəl yaddaşında elə kino kadrları kimi yaşayan anlar canlanmışdı. Yada salmışdı 1982-ci ilin dekabrında, Heydər Əliyevin Bakıdan ayrılıb Moskvada işləməkçün yola düşməsindən öncə olan görüşlərini: "Zəng vurdular ki, sabah səhər saat doqquzda Mərkəzi Komitəyə gəlin, görüş olacaq. Deyilən vaxtda gəldim və açığı, heç bilmirdim məni nə üçün çağırıblar. Demə, bu, vidalaşma görüşüymüş. Ziyalılar idi hamısı - alimlər, teatr xadimləri, yazıçılar və kinodan da 5-6 nəfər var idi. Heydər Əliyev heç vaxt hafizəmdən silinməyəcək belə sözlər dedi ki, mən burada bir bağban kimi əkdim, becərdim, çalışdım və istəyirdim zəhmətlərimin bəhrəsini də görüm. Ancaq indi məni ezam eləyirlər. Və əlavə də elədi ki, nə edim, getməliyəm.

İnanın ki, hamımız təsirləndik, xanımlar özünü saxlaya bilmədi. Və yəqin ki, rəhmətliyin ruhu məni bağışlayar, onun özünün də kövrəldiyini gördüm. Bu, doğrudan, riqqət oyadan, ömrümüzdə həmişəlik qalacaq dəqiqələr idi.

Mənim fikrimcə, Heydər Əliyevin sənətlə, sənətkarlarla bağlılığı, sənətə, sənət aləminə münasibəti qeyri-adi idi. O mənada ki, bir sıra rəhbərləri görmüşük, özümüzə onların münasibətini görmüşük və demirəm ki, kimsə bizə pis münasibət bəsləyib. Amma Heydər Əliyev sevərək bizə bağlı idi. Mən görmədim ki, Heydər Əliyev sənətkarlarla tələsik, saata baxıb danışsın. Sənət adamları ilə olanda o, saatı nəzərə almazdı, bu mühitdən zövq alardı. O özü istəyirdi ki, uzatsın bu anları, bu, onun üçün çox belə zövq verən anlar idi və onun həyatı bununla bəlkə də daha gözəl olurdu".

Anar da bu sözə qüvvət verərək Heydər Əliyevin öz etirafını da xatırlamışdı. Ziyalılarla, qələm və sənət adamlarıyla, mədəniyyət xadimləriylə görüşlərində Heydər Əliyev hər dəfə deyərdi ki, sizinlə birlikdə olanda dincəlirəm, sizinlə keçirdiyim vaxt mənimçün iş saatları yox, istirahətdir.

...Mədəniyyət adamları arasında olanda Heydər Əliyev qəlbinə yaxın olan doğma mühitə düşürdü və cövhərində sənət ruhu daşıyan şəxsiyyət olduğundan, nə iş görürdüsə, hamısında ilham vardı, şövq vardı və yerinə yetirdiyi istənilən işə elə sənət kimi baxdığından qulpundan yapışdığı nə vardısa nəticə etibarilə gözəl alınırdı. Onun sənətə və sənətkara məhəbbəti təmənnasız sevgi idi. Buna heç dövlət başçısı olaraq icra etməli olduğu vəzifə kimi də baxmırdı, etdiklərini ürəyinin hökmünə tabe olaraq gerçəkləşdirirdi.

Bunlar yalnız müşahidələrimdən yaranan təəssüratlar, gümanlarım da deyil, Heydər Əliyev bunu dili ilə də deyib. Prezident iqamətgahında növbəti təltifetmə mərasimi idi (Heydər Əliyev hər təqdimetməni o şəxslərin ömründə bayrama çevirməyi, mərasimin hətta mükafatdan daha şirin alınmasına nail olmağı ustaca bacarırdı. Onun keçirdiyi hər təqdimetmə mərasimi elə balaca tamaşa, mükafat və təltifləri alanların ömründə əbədilik qalacaq səhifə idi. İşi çox, vaxtı daim qıt idi, tapşıra bilərdi ki, bu işi ya Prezident Aparatının, ya müvafiq nazirliklərin məsulları etsinlər. Özü edirdi! Və məhz təltifin onun əlindən qəbul edilməsi mükafatın dəyərini də sanki ikiqat artırırdı, təltif olunan onu şəxsən Heydər Əliyevin təbrik etməsiylə daha artıq qürurlanır, öz həyatında dövlət əhəmiyyətli hadisənin baş verdiyinə inanır, xoşbəxt olurdu). Sıra gəlib yetişdi Xalq rəssamı Oqtay Sadıqzadəyə. Oqtay müəllim

razılığını ifadə edərkən Heydər Əliyevə söylədi ki, biz sizə çox borcluyuq. Heydər Əliyevin ən böyük güclərindən biri onun sözün çəkisini həmişə həssaslıqa duyması və cavab verilməsinə zərurət duyulan heç bir deyişi cavabsız buraxmaması idi. Oqtay müəllim belə deyəndə dərhal dilləndi ki, sizin mənə borcunuz yoxdur, siz böyük sənətkarsınız.

Bütün sənətkarların özünü borclusu saydığı Heydər Əliyev də özünü onların qarşısında borclu, onlardan ötrü, mədəniyyətimiz naminə hələ çox işlər görməyə vəzifəli hesab edirdi.

Heydər Əliyev inanırdı ki, dövlətin güclü olması üçün gərək onun mədəniyyəti, ədəbiyyatı, sənətkarı, alimi, ədibi güclü ola. O yaxşı anlayırdı ki,  elmə, ədəbiyyata, sənətə, mədəniyyətə ikinci dərəcəli şey kimi baxmaq siyasətin özünə də xələl gətirər. Bir tərəfdən bunu bir siyasətçi kimi dərk edirdi, digər yandan bu sahələrə candan bağlı idi. Ona görə də Heydər Əliyev mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün sadəcə hami, dost, qayğıkeş deyil, söykənilə biləcək dağ idi.

Bu da o yeri heç vaxt tutula bilməyəcək unudulmaz şəxsiyyətin sözləridir: "Biz daim çalışmışıq ki, Azərbaycan xalqını - öz xalqımızı dünya xalqlarına daha da yaxından tanıdıq. Tanıdaq ki, bizim xalqımızın çoxəsrlik, çox zəngin tarixi var, Tanıdaq ki, bizim xalqımızın zəngin mədəniyyəti olubdur və indiki bizim mədəniyyətimiz əsrlərdən-əsrlərə keçmiş böyük dahilər tərəfindən yaradılmış mədəniyyətimizin, elmimizin, mənəviyyatımızın üzərindədir, o köklərin üzərindədir. Tanıdaq ki, dünyada bilinsin, Azərbaycan xalqı daha da yaxından tanınsın".

Keçmiş onillərdə bir şüar ənənəsi vardı. Yalnız bizim də tərkibində olduğumuz Sovetlər İttifaqında deyil, dünyanın çox ölkəsində. Əslində o gələnək heç bitməyib də. Ötən əyyamların şüarları bir başqaydı, onlarda yarandığı vaxtın möhürü vardı, yeni zaman içində doğulan şüarlar da, gərəkdir ki, ayrı cür səslənə. Və köhnə zamanların məşhur şüar ülgülərini Heydər Əliyev yeni Vaxt kəsiyində fərqli səmtə yönəltdi. Ötmüş çağların "Yaşasın!" kəlməsi ilə başlayan şüarlarını artıq müstəqilliyimizə caladı, millətimizə qovuşdurdu, dövlətimizin qüdrətinə bağladı.

Və Heydər Əliyevin ən müxtəlif mədəniyyət tədbirlərində, sənət bayramlarında məzmunlu çıxışlarının sonunda daxili gücünü, şövqünü, sevgisini də sözlərinə qataraq dilə gətirdiyi bir şüar da vardı - "Yaşasın mədəniyyət!"

Heydər Əliyev bütün mübarizələri və çalışmaları ilə daim Azərbaycan mədəniyyətini, Azərbaycan sənətkarını qorudu, yaşatdı, yüksəltdi və bununla özü də bütün başqa xidmətləri ilə yanaşı hər zaman mədəniyyət və mənəviyyat tariximizdə də ən minnətdar duyğularla anılmaq haqqı qazandı. Bu da qoca dünyanın sınanmış bir ayrı gerçəyidir ki, mədəniyyət millətin hər sıra nəfərində yaşanan, yaşandıqca da dirilik və təzəlik qazanaraq yaşayan elə misilsiz və haqqitirməz gücdür ki, özü yaşadıqca daim yaşadanını da yaşadır, əbədiyyətindən onun da ömrünə qatır.

19 iyul 2023

Rafael HÜSEYNOV, akademik

"525-ci qəzet"

  • Paylaş: