Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ədəbi prosesin inkişaf dialektikası və Böyük Qayıdışı
25.07.2023 11:57
  • A-
  • A
  • A+

Ədəbi prosesin inkişaf dialektikası və Böyük Qayıdışı

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bərpa edilərək ardıcıl olaraq keçirilən Ədəbi proses yaradıcılıq müşavirələrinin yeni mərhələsinin 10 ili tamam olur. Vaxtilə XX əsrin 70-80-ci illərində Ədəbiyyat İnstitutunun təşkil etdiyi Ədəbi proses müşavirələri XXI yüzillikdə yenidən canlandırılan eyniadlı elmi-ədəbi hadisənin möhkəm bünövrəsidir. Deməli, hazırda 10 illiyi tamam olan ədəbi proses yaradıcılıq müşavirəsinin yeni tarixi mərhələsi etibarlı təməllər üzərində formalaşıb inkişaf etmiş mühüm ədəbiyyatşünaslıq hadisəsidir. Əlbəttə, müstəqillik dövrünün yaratdığı geniş axtarış və yaradıcılıq imkanları, azərbaycançılıq və millilik faktorları, elmilik amili yeni tarixi epoxanın ədəbiyyata, ədəbi prosesə, yazıçı və şairlərə münasibətdə daha obyektiv meyarlar əsasında dəyərləndirmələr və qiymətləndirmələr aparmağa geniş meydan açıb. Ona görə də XXI əsrin son 10 ili ərzində Ədəbi proses yaradıcılıq müşavirələrində arxada qalan hər bir ilin ədəbiyyatı ayrı-ayrı janrlar üzrə olan elmi məruzələrdə rentgendə olduğu kimi, elmi diaqnostikadan keçirilərək təhlil olunub dəyərləndirilmiş, ədəbi tənqid nöqteyi-nəzərindən və nəzəri baxımdan ümumiləşdirilməklə qiymətləndirilmişdir. Bu baxımdan 10 illik ədəbiyyat icmallarının hər ilə aid toplusu həmin ilin ədəbi nəbzini, janrların inkişaf ritmlərini, bədii üslubların fərdiləşmə imkanlarını əks etdirməklə bərabər, həm də dünyada və ölkədə gedən proseslərin ədəbiyyatda hansı səviyyədə, necə, nə üçün, hansı dərəcədə fərqli mövqedən işıqlandırıldığını bütün reallıqları ilə birlikdə təqdim edir. Bu mənada 10 ilin elmi icmalları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının bu tarixi mərhələsinin mükəmməl elmi panoramından ibarətdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən təqdim olunan Ədəbi proses icmalları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yüksək elmi səviyyədə yazılmış ədəbi-tarixi oçerkləridir. Ədəbi proses müşavirəsinin məruzələri əhatə etdiyi dövrün Azərbaycan ədəbiyyatı tarixinin konkret bir mərhələsinin janrlar üzrə təhlillər aparılmış elmi icmallarıdır. Ədəbi proses yaradıcılıq müşavirələrində dinlənilib müzakirə edilən hər ilə dair materialları, toplu halında çap olunan elmi məruzələr dəsti konkret bir ilin ədəbiyyatına həsr edilmiş monoqrafiyalardır. Ədəbi proses müşavirəsinin materialları Azərbaycan ədəbi tənqidi fikrinin tarixində ən geniş həcmə malik olan çoxcildlik tənqid külliyyatıdır.

Bu baxımdan ədəbi proses yaradıcılıq müşavirələrində ənənəvi olaraq səsləndirilən "Giriş sözü" və "İlin ədəbi mənzərəsi" məruzələri həmin ilin ədəbiyyatına həsr edilmiş monoqrafik tədqiqatın elmi müqəddiməsi, janrlar üzrə məruzələr isə fəsilləri funksiyasını tam olaraq yerinə yetirir. Dissertasiya baxımdan yanaşdıqda isə Ədəbi proses müşavirələrində 10 il ərzində Azərbaycan ədəbiyyatının janrlar üzrə elmi məruzələrindən hər biri ayrıca bir dissertasiyasının mövzusu və problemi ola bilər. Fikrimizcə, Ədəbi proses yaradıcılıq müşavirəsinin materialları əsasında müstəqillik dövrü Azərbaycan ədəbiyyatının poeziyası, bədii nəsri, dramaturgiyası, uşaq ədəbiyyatı, ədəbi tənqidi, publisistikası və sair haqqında ayrı-ayrı dissertasiyalar hazırlamaq mümkündür. Bundan başqa, Ədəbi proses müşavirələrindəki poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, uşaq ədəbiyyatı məruzələrindən hər birinə aid 10 illik elmi məruzələri ayrı-ayrılıqda çap etməklə həmin janrların müasir mərhələdəki təkamül proseslərini əks etdirən monoqrafiyalar təqdim etmək mümkündür. Həmçinin ötən 10 illik dövr ərzində ardıcıl olaraq və ya bir neçə dəfə konkret bir janr üzrə elmi məruzə ilə çıxış etmiş müəlliflər özlərinə məxsus olan elmi məruzələrdən ibarət kitablar hazırlayıb nəşr etdirə bilərlər. Beləliklə, hansı mövqedən baxırıqsa baxaq, Ədəbi proses müşavirələri Azərbaycan ədəbiyyatının inkişafına kömək edən, ədəbi tənqid və ədəbiyyatşünaslıq elminin inkişaf etdirilməsində əsas hərəkətverici qüvvələrdən biri funksiyasını yerinə yetirən mühüm elmi-nəzəri və ya ədəbi-tarixi hadisədir.

Etiraf etmək lazımdır ki, Ədəbi proses yaradıcılıq müşavirələrindən hər birinin keçirilməsi elmi-ədəbi mühitdə yaddaqalan, əlamətdar hadisə kimi qarşılanmışdır. Azərbaycan elmi-ədəbi ictimaiyyəti hər il Ədəbi proses müşavirələrinin keçirilməsinə əhəmiyyətli dərəcədə reaksiya vermiş, bu elmi forumun müzakirəyə çıxardığı məsələlər cəmiyyətdə də geniş diskussiya obyektinə çevrilmişdir. Əsasən yüksək qiymətləndirilən bu forumun müəyyən detalları və məqamlarına tənqidi münasibəti ifadə edən dəyərləndirmələr və ya yeni təkliflərə dair mülahizələr də meydana çıxmışdır. Ədəbi proses yaradıcılıq müşavirəsinin təşkilatçıları səsləndirilən təklifləri və çatışmazlıqları diqqətlə nəzərdən keçirərək, onlardan bu əhəmiyyətli işin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi baxımından faydalanmışlar. Məsələn, zaman-zaman Ədəbi proses müşavirələrinin janrlar üzrə əhatə dairəsinin genişləndirilməsi, bölgələrdə ədəbi həyat istiqamətində məruzələrin zəruri olub-olmaması, Ədəbiyyat İnstitutunda ədəbi mühitə dair məruzənin mübahisəli məqamları diqqət mərkəzinə çəkilmişdir. Təşkilatçılar janrlar üzrə müzakirələri genişləndirməklə, ədəbiyyatın genişlənən üfüqlərini, janrları ümumiləşdirməklə isə ədəbi prosesin dərinliyini göstərməyə doğru istiqamətləndirmişdir. Yaxud ölkəmizin ayrı-ayrı bölgələrindən Ədəbi prosesin ünvanına göndərilmiş teleqramlar və giley-güzar, umu-küsü məktubları Ədəbiyyat İnstitutunun Ədəbi proses müşavirələrində məruzəçi olmuş əməkdaşlarının regionlara ezam olunmaları işini təşkil etməyə gətirib çıxarmışdır. Görkəmli tənqidçi, Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin Naxçıvana, Gəncəyə və Lənkərana səfərləri oralarda Azərbaycan Yazıçılar Birliyinin məsul nümayəndələri, ayrı-ayrı müəlliflərlə keçirdiyi görüşlər, əldə etdikləri materiallar nəticədə həm həmin regionların ədəbi mühiti, həm də bölgələrdə yaşayıb-yaradan yazıçı və şairlərin haqqında ölkə mətbuatında çap olunan yeni məqalələrin meydana çıxmasına səbəb olmuşdur. Bu addım isə öz növbəsində bölgələrdə ədəbi mühitin daha da canlanmasına, regionlarda yaşayıb-yaradan ədəbi qüvvələrlə paytaxt tənqidçilərinin canlı ünsiyyətinin qurulmasına şərait yaratmışdır. Eyni sözləri Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsi haqqında da demək mümkündür. Uşaq Ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın bu şöbəyə qazandırdığı imic uşaq ədəbiyyatı şöbəsini ölkə üzrə uşaq ədəbiyyatı müəlliflərinin mərkəzinə çevirmişdir. Şöbənin əməkdaşları ilə uşaq şairləri və yazıçılarının qarşılıqlı əməkdaşlığı, canlı təmasları, yazışmaları, müzakirələri, ölkə üzrə Azərbaycan ədəbiyyatının bu vacib və əhəmiyyətli sahəsinin inkişafında yeni bir dalğa yaratmışdır. Və ya yazıçı və şairlərin çap olunmuş təzə kitablarının ilk nüsxələrini Ədəbi tənqid şöbələrinə göndərmələri, Ədəbi proses müşavirəsinin ayrı-ayrı məruzələrində bu nəşrlərin ən mühüm olanlarının təqdim edilməsi müəlliflərlə tənqidçilər arasında canlı bir körpü yaratmışdır. Ədəbi proses müşavirələri ətrafında cərəyan edən bu proseslər süni şəkildə meydanda olan yazıçı-tənqidçi qarşıdurmasını aradan qaldırmaqla bərabər, eyni zamanda, bir çox hallarda yazıçı və şairlərlə tənqidçilərin səmimi dostluğuna və yaradıcılıq əməkdaşlığına gətirib çıxarmışdır. Bütün bunlar isə öz növbəsində ölkəmizdə elmi-ədəbi mühitin sağlamlaşdırılmasından tutmuş ədəbiyyatın və ədəbi tənqidin inkişafına qədərki təkamül və inkişaf proseslərinin baş verməsində həlledici və hərəkətverici amillərə çevrilmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi proses müşavirələrinin ölkə üzrə yaradıcılıq proseslərini öz ətrafında birləşdirən Azərbaycan Yazıçılar Birliyi ilə qarşılıqlı əlaqə şəraitində keçirilməsi bu forumun miqyasının genişləndirilməsində, imkanlarının artırılmasında və nüfuzunun qüvvətləndirilməsində mühüm rol oynamışdır. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın Ədəbiyyat İnstitutunda keçirilən Ədəbi proses yaradıcılıq müşavirələrində şəxsən iştirak və çıxış etməsi, tənqidçilərə və yazıçılara ağsaqqal sözünü çatdırması ədəbi prosesçiləri həm düşündürmüş və həm də qanadlandırmışdır. Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də, demək olar ki, Ədəbi proses yaradıcılıq müşavirələrinin hamısında iştirak etmiş və söz demişdir. Ədəbi proses müşavirələrindən seçilmiş məruzələr və bu yaradıcılıq müşavirəsinin hər il keçirilən iclasları haqqında geniş məlumatlar "525-ci qəzet"də geniş yer almışdır. Ədəbi proses mətbuatda gedən proseslərlə qaynayıb-qarışmışdır. Seçilmiş ayrı-ayrı məruzələrin "525-ci qəzet"də çap olunması bütövlükdə Ədəbi prosesçilərin və həm də Ədəbiyyat İnstitutu tənqidçilərinin ölkə miqyaslı təqdimatına çevrilmişdir. Azərbaycan Yazıçılar Birliyinin mətbu ədəbi orqanı olan "Ədəbiyyat qəzeti" ilə Ədəbi proses yaradıcılıq müşavirəsinin təşkilatçıları və iştirakçıları arasında baş tutmuş etibarlı dialoq geniş mənada Ədəbiyyat İnstitutu ilə "Ədəbiyyat qəzeti" arasında yaradıcılıq əlaqələrinin ardıcıl xarakter almasına səbəb olmuşdur. Artıq neçə illərdir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının ən yeni və maraqlı elmi axtarışlarından ibarət olan məqalələri "Ədəbiyyat qəzeti"ndə dərhal çap olunaraq elmi-ədəbi ictimaiyyətə çatdırılır. Bu mənada "525-ci qəzet" və "Ədəbiyyat qəzeti" Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı mövcud elmi potensialın, elmi enerjinin, yenilik axtarışları və yaradıcılıq mühitinin, yeni elmi nəslin ölkə miqyasına çıxması üçün mühüm xidmət göstərmişlər. Eyni zamanda, son yüzillik ərzində Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyi arasında da indiki səviyyədə geniş yaradıcılıq əlaqələri olmamışdır. Hazırda Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən bütün tədbirlərində Ədəbiyyat İnstitutunun təmsilçilərinin sözü-səsi eşidilməkdədir. Yazıçı və şairlərimizin yubileyləri və yeni kitabları haqqında ən çox yazan Ədəbiyyat İnstitutunun əməkdaşlarıdır.

Eyni zamanda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi proses müşavirələrində və digər elmi tədbirlərində Yazıçılar Birliyi üzvlərinin təmsil olunmaları da yazıçı-tənqidçi dialoqunun formalaşdırılması və inkişafına öz töhfələrini verir. Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalı ilə Ədəbiyyat İnstitutunun birgə təşkil etdikləri "Ədəbi cərəyanlar: estetikası və poetikası" elmi-nəzəri seminarı ortaq elmi-ədəbi tədbir kimi respublika miqyasına çıxarıldı. "Ulduz" jurnalı artıq bir neçə tematik saylarını Ədəbiyyat İnstitutu əməkdaşlarının tərtibçiliyi və təqdimatı ilə oxuculara çatdırır. Nəhayət, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ən möhtəşəm elmi layihəsi olan "Azərbaycan ədəbiyyatı" 10 cildlik nəşrinin plan-prospektinin, strukturunun, XX əsr və müstəqillik dövrlərinə dair aktual problemlərin Azərbaycan Yazıçılar Birliyində müzakirə edilməsi ədəbiyyatın taleyi baxımından ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin canlı nümunəsidir. Ədəbi proses yaradıcılıq müşavirəsinin 10 illik yubileyində bu vacib faktoru dərin minnətdarlıq duyğusu ilə ifadə etməyi özümə şərəfli borc hesab edirəm.

Ədəbi proses müşavirələrində "Ədəbiyyat qəzeti"nin rolu məsələsi isə fikrimizcə, ayrıca bir müzakirənin mövzusudur. Bu gün yalnız bir neçə cümlə ilə onu demək istəyirəm ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi proses yaradıcılıq müşavirəsi, həm də "Ədəbiyyat qəzeti"nin tənqid və ədəbiyyatşünaslıq platformasıdır. "Ədəbiyyat qəzeti"nin mütəfəkkir baş redaktoru Azər Turanın Ədəbi proses müşavirəsinin materiallarını artıq dördüncü dəfə başçılıq etdiyi qəzetin Xüsusi buraxılışı səviyyəsində çap edərək ədəbi-elmi ictimaiyyətə təqdim etməsi dərin minnətdarlığa layiq olan əhəmiyyətli addımdır. "Ədəbiyyat qəzeti"nin Ədəbi proses xüsusi buraxılışları tənqid tariximizin nadir elmi hadisəsidir. Eyni zamanda, bu, mətbuat tarixi baxımından da təkrarı və bənzəri olmayan qəzetçilik nümunəsidir. "Ədəbiyyat qəzeti"nin Ədəbi proses Xüsusi buraxılışları ədəbiyyatla və mətbuatla tənqid və ədəbiyyatşünaslıq sahəsi arasında möhkəm və mənalı bir körpüdür. Tənqid və ədəbiyyatşünaslığımızın gənc nəsli bu elmi-ədəbi körpüdən keçərək ölkə mühitinə çıxmışdır. Eyni zamanda, Azərbaycan ədəbiyyatının yeni nəsilləri onların yaradıcılığı haqqında "Ədəbiyyat qəzeti"ndə çap edilmiş Ədəbi proses məruzələrindəki təhlillər və dəyərləndirmələr, elmi təqdimatlar vasitəsilə ədəbi mühitdə mövqe qazanmaq imkanı əldə etmişlər. Bütövlükdə, Azərbaycan Yazıçılar Birliyi ilə Ədəbiyyat İnstitutu arasındakı əlaqələr ədəbiyyatın və ədəbiyyatşünaslıq elminin inkişafında yeni bir mərhələnin formalaşması ilə nəticələnmişdir. Bu, həm Ədəbiyyat İnstitutunun və ədəbiyyatşünaslıq elminin, həm də Yazıçılar Birliyinin və ədəbiyyatımızın xeyrinə olan, ədəbiyyatşünaslıq elmi ilə bədii yaradıcılıq proseslərinin qarşılıqlı əlaqə imkanlarının daha faydalı şəkil almasına kömək edir.

Ədəbi proses yaradıcılıq müzakirələri Azərbaycan ədəbiyyatşünaslıq elminin yeni nəslinin üzə çıxarılıb cəmiyyətə təqdim olunmasında mühüm rol oynamışdır. Bundan əvvəl Ədəbi proses müşavirələrində bəyan etdiyim kimi, Ədəbi proses yaradıcılıq müşavirəsi tənqidçi və ədəbiyyatşünasların gənc qvardiyasını meydana çıxarmışdır. On il bundan əvvəl hələ fəlsəfə doktorluğu dissertasiyaları üzərində tədqiqat işləri aparmağa başlayan, təzə-təzə yalnız çalışdıqları şöbələrin iclaslarında doktorant kimi hesabat verərkən, qısa məlumatları çatdırmaq imkanına malik olan gənclər əvvəlcə Ədəbi proses müzakirələrinin fəal dinləyiciləri, az sonra sual-cavab diskussiyalarının iştirakçıları və nəhayət, əsas məruzəçiləri məqamına gəlib çıxa bilmişlər. Bu nəslin təkamül prosesində Ədəbiyyat İnstitutunun zəngin elmi-ədəbi mühiti ilə bərabər, Ədəbi proses müzakirələrinin də xüsusi rolu vardır. Qısa müddətdən sonra Ədəbi proses müşavirələrinin əsas məruzəçiləri sırasında xüsusi yer tutan, az sonra isə aparıcı mövqeyə malik olan cavan elmi nəsil tədricən ədəbi prosesin ən müxtəlif problemləri haqqında söz demək fəaliyyəti qazanmış aparıcı elmi qüvvəyə çevrilmişdir. Beləliklə, yeni elmi nəsillər Ədəbi proses müşavirələrinin gənc təmsilçiləri əvvəlcə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, ardınca isə ölkə elmi-ədəbi prosesinin tanınmış simaları kimi qəbul olunmuşlar. Nəticədə Azərbaycan ədəbiyyatşünaslıq elminin mükəmməl bir gənc qvardiyası yaranmışdır. Hazırda ədəbiyyatşünaslıq elminin gənc qvardiyası kimi elmi mühitdə özünü təsdiq etmiş, layiqli elmi dərəcələr qazanmış, mükafatlar almış filologiya elmləri doktorları Elnarə Akimova, Eşqanə Babayeva, Bəsirə Əzizəliyeva, filologiya üzrə fəlsəfə doktorları Mehman Həsənli, Aygün Bağırlı, Nərgiz Cabbarlı, Maral Yaqubova, Mətanət Vahid, Aynur Xəlilova, Aynurə Mustafayeva, Lalə Həsənova, Elnarə Qaragözova, Nərmin Cahangirova, Günay Qarayeva, Xanım Zairova, Gülnar Səma, Gülnar Qəmbərli, Mərcan Sofiyeva və başqaları kimi gənc ədəbi qüvvələr artıq tənqid və ədəbiyyatşünaslıq elminin məsuliyyətli yükünü daşıyan, prosesi irəli aparmağa xidmət edən elmi axının əsas təmsilçiləridirlər. Azərbaycan ədəbiyyatşünaslıq elminin gənc qvardiyası artıq tədricən ədəbiyyat haqqında elmin ağır artilleriyasına çevrilməkdədir. Bu, Ədəbi proses müzakirələrinin mühüm elmi nailiyyətlərindən biridir.

Bununla yanaşı, Ədəbi proses müşavirələri bu sahədə kifayət qədər təcrübəsi və xidməti olan AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktorları Vaqif Yusifli, Tahirə Məmməd, Vüqar Əhməd, Cavanşir Yusifli, Esmira Fuad, Pərvanə Məmmədli, Salidə Şərifova, Nizami Tağısoy, Elçin Mehrəliyev, filologiya üzrə fəlsəfə doktorları Qürbət Mirzəzadə, Gülbəniz Babayeva, Zəkulla Bayramlı və başqalarını da nəzərə almaqla, bu elmi yaradıcılıq prosesinin nə qədər geniş əhatə dairəsinə və imkanlarına malik olduğunu əyani şəkildə təsəvvür etmək olar.

Başqa bir məsələyə diqqəti cəlb etmək istəyirəm ki, bu da Ədəbi proses müzakirələrinin iştirakçılarının əhatə dairəsi ilə əlaqədardır. Məlumat üçün deyək ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən Ədəbi proses müşavirələrinin ətrafında Azərbaycan Yazıçılar Birliyinin, Mətbuat Şurasının, "Ədəbiyyat qəzeti" və "525-ci qəzet"in rəhbərləri və əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin ədəbiyyatçıları da zaman-zaman təmsil olunmuşlar. Bundan başqa, müasir dövrün çağırışlarının işığında bir sıra sosial şəbəkələrin təmsilçiləri, digər mətbuat orqanlarının nümayəndələri də ədəbi proses müzakirələrinə qoşulmuşlar. Bütün bunlara görə, Ədəbi proses müzakirələri Ədəbi proses hərəkatı xarakteri almışdır. Ədəbi proses tənqidçi və ədəbiyyatşünasları, ədəbiyyat və mətbuat adamlarını birləşdirən və ölkəmizdə yaradıcılıq mühitinin daha da inkişaf etdirilməsinə xidmət edən elmi-ədəbi hərəkatdır. Əhatə dairəsinin genişliyinə görə elmi-ədəbi hərəkatın tələbləri ilə səsləşən Ədəbi proses hadisəsi qayəsi və məqsədləri, mövzuları və problemləri baxımından da ədəbi hərəkatın xüsusiyyətlərini özündə əks etdirir. Ədəbi prosesçilər ölkəmizdə tənqid və ədəbiyyatşünaslıq elmini inkişaf etdirmək, professional tənqidçilər nəsli yetişdirmək, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının müasir dövrün tələbləri və idealları əsasında yüksək inkişafına nail olmaq uğrunda mübarizə aparır. Belə geniş əhatə dairəsinə və konkret hədəflərə malik olan mübarizənin təkbaşına bir tənqidçinin, yaxud pərakəndə şəkildə ayrı-ayrılıqda fəaliyyət göstərən tənqidçilərin hesabına tam məqsədlərinə çatması mümkün deyildir. Ədəbi proses müzakirələrində ötən 10 il ərzində 30 nəfərdən çox tənqidçi və ədəbiyyatşünasın məruzəçi qismində birləşməsi və iştirakçıların ölkəmizin əsas elmi qurumlarını, yaradıcılıq təşkilatlarını, mətbuat orqanlarını, ali məktəbləri, sosial şəbəkələri əhatə etməsi bu tənqid platformasının ədəbi hərəkat kimi formalaşdığını əyani şəkildə göstərir. Əslində Ədəbi prosesçilərin konkret tarixi şəraitdəki ideya-yaradıcılıq birliyi əsasında formalaşmış Ədəbi proses hərəkatı yeni bir ədəbi cərəyanı doğurmuşdur. Fikrimizcə, bu, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yeni-yeni təzahür etməkdə olan akademizm ədəbi cərəyanıdır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda səkkiz dəfə ölkə miqyasında və beynəlxalq səviyyədə uğurla keçirilmiş "Fizika və lirika" konfransları Azərbaycanda yeni tipli intellektual ədəbiyyatın yaradıcılarını formalaşdırmaqla, ilk olaraq Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanının yaranmasını meydana qoymuşdur. Artıq elmlə ədəbiyyatın qarşılıqlı əlaqəsi və sintezi əsasında yaranan, akademik düşərgənin qələmindən çıxmış intellektual bədii ədəbiyyat özünün tanınmış nümayəndələrini yetişdirmişdir. Akademiyanın müxtəlif elmi-tədqiqat institutlarında və ali təhsil sahəsində çalışan İsa Həbibbəyli, Rəfael Hüseynov, Teymur Kərimli, Səməd Seyidov, Vaqif Abbasov, Hamlet İsaxanlı, Məmməd Əliyev, Sadıq Qarayev, Rəhim Əliyev, Əhməd Qəşəmoğlu, Şakir Albalıyev və başqaları kimi elm adamlarının yaratdıqları intellektual ədəbiyyat Azərbaycan ədəbiyyatında özünəməxsus fərdi siması və öz yeri olan yeni tipli bir ədəbiyyat hadisəsi kimi qəbul olunur.

Bununla belə, adından göründüyü kimi, akademizm elmi cərəyanında elm faktorunun iştirak etdiyi bədii yaradıcılıqla məşğul olan intellektual elmi qüvvələr təmsil olunduğu kimi, elm və ali təhsil sahəsində çalışaraq intellektual dəyərləri əsas kimi qəbul edən yaradıcı şəxslər də özlərini tapa bilirlər. Göründüyü kimi, elmi idrak və intellektual dəyərləndirmələr həm "Fizika və lirika"çı alim-yazıçılar və həm də elmdə obrazlı düşüncə intellektual yanaşma nümayiş etdirən elmi işçilər üçün zəruri şərtlərdir. Beləliklə, "Fizika və lirika"çılarla Ədəbi prosesçilər əslində ideya, axtarış və yaradıcılıq prinsiplərinə görə vahid bir mövqedə birləşirlər. Və məsələnin bu cəhəti akademizm ədəbi cərəyanının ədəbiyyat sahəsi ilə yanaşı, elmi istiqaməti də əhatə etdiyini göstərir. Əslində isə akademizm ədəbi cərəyanı daha geniş əhatə dairəsinə malik olub, elmi fəaliyyət və bədii yaradıcılıq sahələri ilə bərabər, təsviri sənət, heykəltəraşlıq və başqa istiqamətlərdə çalışan intellektual yaradıcı qüvvələri də birləşdirir. Beləliklə, ədəbi prosesin gedişinə və yekunlarına həsr edilmiş elmi konfranslardan başlanıb yaradıcılıq müşavirəsinə qədər inkişaf edən ədəbi proses müzakirələri ədəbi hərəkat səviyyəsinə yüksələrək Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanının formalaşdırılmasına qədər gəlib çatmışdır. Artıq müstəqillik dövrü Azərbaycan ədəbiyyatının neorealizm, postmodernizm, magik realizm, dekadentizm kimi ədəbi cərəyanlarının sırasında akademizm ədəbi cərəyanı da de-fakto vardır. Fikrimizcə, bu, Ədəbi proses hərəkatının 10 illik inkişaf yolunun ən möhtəşəm elmi yekunudur.

Əlbəttə, Ədəbi proses müşavirələrinin 10 illiyi ilə yanaşı, onuncu ilinin də ədəbi prosesindən danışmağa ehtiyac vardır. Fikrimizcə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı bu günkü inkişaf səviyyəsinə bir neçə mərhələdən keçərək gəlmişdir. Məlum olduğu kimi I Qarabağ müharibəsindəki məğlubiyyət, torpaq itkisi Azərbaycan ədəbiyyatına ümidsizlik, xəyal qırıqlığı, səksəkə və kədər notları gətirmişdir. Bu da öz növbəsində ədəbiyyatda dekadentizm əhvali-ruhiyyəsini qüvvətləndirmişdir. Bu zəmində XX əsrin 90-cı illərində Azərbaycan ədəbiyyatında dekadentizm ədəbi cərəyanı formalaşmışdır. XXI əsrin əvvəllərindən etibarən, necə deyərlər, xeyli dərəcədə özünə gələn Azərbaycan yazıçı və şairlərinin böyük bir qismin tədricən müharibə həqiqətlərinə yenidən qayıdaraq, Qarabağ savaşında itirdiklərimizin səbəbləri və nəticələrinin dərk olunmuş təsvirlərindən bəhs edən bədii əsərlər yazmağa başlamışlar. Həmin prosesi Azərbaycan ədəbiyyatının özünəqayıtma, ayıqlıq dövrü kimi səciyyələndirmək olar. Bu mərhələdə yazıçı və şairlər daha çox qaçqınlıq və onun əzabları, Qarabağ müharibəsində vahid ordunun olmaması və ən başlıcası isə Ermənistanın və onun havadarlarının məkrli oyunlarının mahiyyəti haqqında yazdıqları əsərlərə görə diqqəti cəlb etmişlər.

XXI əsrin birinci onilliyindən sonra Qarabağ müharibəsinə münasibətdə yeni mərhələnin əlamətləri gözə dəymişdir. Ədəbiyyat bu mərhələdə özünü səfərbər edərək qələbəyə çağırış və inam duyğularını gündəmə gətirməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə baş verən genişmiqyaslı inkişaf prosesləri, beynəlxalq sahədə dövlətimizin nüfuzunun artması ədəbiyyata da öz təsirini göstərmişdir. Artıq Azərbaycan ədəbiyyatı birdəfəlik olaraq "yasdan çıxmış", üzünü qələbəyə doğru istiqamətləndirmişdir. Ədəbiyyatın bütün janrlarında yaradılmış bədii əsərlərdə baş vermiş bu dönüş poeziyada, bədii nəsrdə və publisistikada daha çox müşahidə olunmuşdur. Artıq bu illərdə XX əsrin doxsanıncı illərində müstəqil dövlətçiliyimizin xilaskarı, görkəmli dövlət xadimi Heydər Əliyevə müraciətlə yazılmış "Sən qalib gələcəksən" notları XXI əsrin birinci onilliyindən sonra yeni tarixi eranın lideri İlham Əliyevə aid mövzuların istiqamətini müəyyən etmişdir. Ulu öndər Heydər Əliyevə ünvanlanmış "Sən qalib gələcəksən" motivi onun yalnız müharibə cəbhələrində yox, geniş mənada xalqımızı bütün sahələrdə yaranmış böhrandan xilas etməsi, ölkəmizi parçalanmaqdan, dövlətimizi məhv olmaqdan qurtarması motivləri öz əksini tapmışdır. Bu, sözün geniş mənasında qurtuluş ədəbiyyatı idi.

XXI əsrin onuncu illərindən etibarən isə ölkəmizdə vəziyyət dəyişmiş, bütün istiqamətlərdə böyük inkişaf baş vermişdir. Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı neft faktorunun asılılığından xilas olmuş, aqrar sahə, nəqliyyat, turizm və sair fəaliyyət sahələrindən də böyük gəlirlər əldə olunmuş, Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahiblərindən birinə çevrilmişdir. Artıq cəmiyyətdə Azərbaycan ordusunun dünyanın 50 inkişaf etmiş ordularından birinə çevrildiyi haqqında fikirlər səslənməyə başlamışdır. Ən əsası isə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə Lələtəpədə və ardınca Naxçıvan Muxtar Respublikasının Günnüt-Qızılqaya istiqamətlərində düşmənlə döyüşlərdə ciddi uğurlar qazanılmış, işğal edilmiş ərazilərimizdən bir qismi geri qaytarılmışdır. Məhz bütün bunlar Azərbaycan ədəbiyyatında Qarabağ mövzusuna yenidən qayıdışı şərtləndirmiş, yazıçı və şairlərimiz baş vermiş böyük dönüşün müsbət həyəcanlarını ədəbiyyatda canlandırmış, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini böyük qayıdışın başlanğıcı kimi vəsf etmişlər. Fikrimizcə, 2013-2020-ci illər müstəqillik dövrü Azərbaycan ədəbiyyatında böyük qələbəyə hazırlıq dövrü mərhələsidir. Xalqımızın uzun illər davam etmiş ümidsizlik, məyusluq düşüncəsindən xilas edilməsində və torpaqlarımızın erməni işğalından azad olunacağına inamın yaranmasında bu dövrdə yaranmış bədii-publisist əsərlərin xüsusi rolu ayrıca qeyd edilməyə layiqdir. Bu mərhələdə yaranmış bir çox bədii əsərlərdə, xüsusən, poeziyada müharibəyə çağırış və səfərbərlik ruhu da özünəməxsus əks-səda tapmışdır. Bu mənada qeyd edilən dövrün ədəbiyyatını müharibəyə hazırlıq və səfərbərlik ədəbiyyatı mərhələsi adlandırmaq olar.

Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin "Dəmir Yumruğ"u ilə II Qarabağ - Vətən müharibəsinin başlanmasından tarixi Zəfərlə başa çatan 44 günlük gedişatının demək olar ki, hər günü Azərbaycan yazıçı və şairlərinin müxtəlif janrlarda, xüsusən poeziya və publisistika sahəsində yazılmış əsərlərində əks-səda tapmışdır. Azərbaycanın Qarabağda ermənilər tərəfindən işğal edilmiş kəndləri və şəhərlərinin qəhrəman ordumuz tərəfindən azad edilməsi xəbərləri qələbə ruhlu həyəcanlı şeirlər və publisistik məqalələrlə müşayiət olunmuşdur. Ədəbiyyat, sadəcə, müharibə cəbhələrində gedən prosesləri təsvir və tərənnüm etməklə kifayətlənməyərək, Azərbaycan əsgərini və ordumuzu müharibəni qələbəmizlə başa çatana qədər inamla davam etdirməyə doğru çağırışlar etmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan ədəbiyyatı da döyüşmüş və mübarizə aparmışdır. Bir çox gənc yazıçılar və şairlər, jurnalistlər-publisistlər II Qarabağ - Vətən müharibəsində əsgər paltarında döyüşlərdə iştirak etmişlər. II Qarabağ - Vətən müharibəsi günlərində arxa cəbhədə və döyüşlərdə isti-isti yazılmış, savaş xəttində yaradılmış bədii yaradıcılıq örnəkləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatında səngər qoxulu döyüş və Zəfər marşları kimi səslənir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir Yumruğ"u əfsanəyə, xalq arasında el sözlərinə, xalq mahnılarına çevrilərək vəsf edilmişdir. Möhtərəm Prezidentimizin "Şuşa, sən azadsan" bəyanatı neçə-neçə şeirlərin baş misrası olmuş, mahnı kimi oxunmuş publisistikanın manşetinə çevrilmişdir. Müharibə mövzusu 2020-2021-ci illərdə davam etdirilərək, tarixi Zəfərin sevincini, mahiyyətini və əhəmiyyətini, qəhrəmanlarımızı xalqımıza çatdırmışdır. Bu dövr ədəbiyyatı Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinə qəhrəmanlıq və Zəfər mərhələsi kimi daxil olmuşdur. Yaxud həmin dövr Azərbaycan ədəbiyyatının Qarabağ müharibəsi ədəbiyyatı mərhələsi adlandırıla bilər.

II Qarabağ müharibəsindən sonrakı dövr ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi Böyük Qayıdış illəri kimi xarakterizə olunur. Böyük Qayıdış erməni vandalları tərəfindən dağıdılmış Qarabağın yenidən qurulması, bərpası və məskunlaşma və inkişaf dövrünün başlanması və ardıcıl olaraq davam etdirilməsi deməkdir. Azərbaycan ədəbiyyatında Böyük Qayıdış anlayışı aşağıdakı iki istiqamətdə özünü göstərməkdədir: 1.Qarabağın yenidən qurulmasının, dağıdılmış kənd və şəhərlərimizə yeni həyatın gətirilməsinin, yerli sakinlərin doğma ocaqlarına qayıdışının məskunlaşmasının ədəbiyyatda canlandırılması, 2. Geniş mənada torpaqlarımızın işğalı, bu fonda Qarabağ savaşı və nəhayət, tarixi Zəfərin qazanılmasının geniş planda, dərindən və əhatəli şəkildə təsvir və tərənnüm edilməsinə Böyük Qayıdış.

Müşahidə edilən cəhət bundan ibarətdir ki, artıq həm Qarabağda yeni həyatın başlanması və uğurla davam etdirilməsi sahəsində atılan böyük addımların və həm də geniş mənada müharibə mövzusuna Böyük Qayıdışın əsl ədəbiyyatı yaranmaqdadır. Ədəbi prosesçilərin böyük borcu Azərbaycan ədəbiyyatında başlanan Böyük Qayıdış mərhələsinin mahiyyətini və əhəmiyyətini şərh etməklə bərabər, inkişaf dialektikasını da təhlil edərək, obyektiv şəkildə dəyərləndirməklə müstəqillik dövrünün böyük ədəbiyyatının yaradılmasına doğru gedən yolları işıqlandırmaqdan ibarətdir. İnanırıq ki, qarşıdakı tarixi mərhələ, bütövlükdə, Azərbaycan xalqının müstəqillik dərslərinin ədəbiyyatda möhtəşəm əsərlərin baş mövzusuna çevriləcəyi tarixi mərhələ olacaqdır.

16 iyul 2023-cü il

İsa HƏBİBBƏYLİ, AMEA-nın prezidenti, akademik

“Ədəbiyyat qəzeti”

  • Paylaş: