Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.08.2023 09:20
  • A-
  • A
  • A+

Bakı Ali Neft Məktəbinin əməkdaşları üçün “Horizon Avropa” proqramı üzrə məlumatlandırma tədbiri keçirilib

Bakı Ali Neft Məktəbinin əməkdaşları üçün “Horizon Avropa” proqramı üzrə məlumatlandırma tədbiri keçirilib

“Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumat günü Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları üçün hibrid formatda keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, “Horizon Avropa” proqramının Rəqəmsal, Sənaye və Kosmos klasteri üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, kompüter elmləri üzrə fəlsəfə doktoru Məmməd Həşimov, İqlim, Enerji və Mobillik klasteri üzrə MƏŞ, Cəmiyyət üçün Mülki Təhlükəsizlik klasteri üzrə MƏŞ, Bakı Mühəndislik Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanova və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov iştirak ediblər.

E.Əlirzayeva “Horizon Avropa” proqramının geniş imkanlarını diqqətə çatdıraraq cari ilin sentyabr ayında Avropa Komissiyasının (AK) ekspertlərinin iştirakı ilə Azərbaycan tədqiqatçıları üçün layihələrin hazırlanması üzrə nəzərdə tutulan təlimlər və fərdi məsləhələtlər haqqında məlumat verib. Məruzəçi Horizon çağırışlarına qoşulmaq üçün konsorsiumların yaradılmasında əhəmiyyətli rol oynayan COST Fəaliyyəti üzrə layihələrə qoşulma qaydaları və hazırda həyata keçirilən layihələr üzrə məlumatı təqdim edib. Həmçinin Ərzaq, Bioiqtisadiyyat, Təbii ehtiyatlar, Kənd təsərrüfatı və Ətraf mühit klasteri üzrə çağırışları diqqətə çatdırıb. Bildirilib ki, MƏŞ Şəbəkəsinin üzvləri Azərbaycan mütəxəssislərin Horizon proqramı üzrə müvafiq çağırışların müəyyənləşdirilməsi, tərəfdaş seçimi və digər istiqamətlər üzrə müraciətlərini cavablandırırlar. 

M.Həşimov “Horizon Avropa” proqramının məqsədləri və missiyaları, maliyyə imkanları, layihələrə qoşulmaq üçün tələblər haqqında ətraflı məlumatı təqdim edib. Məruzəçi Rəqəmsal, Sənaye və Kosmos klasteri üzrə hazırda fəaliyyətdə olan İş proqramı, həmçinin Horizon portalında açıq çağırışların müəyyən edilməsi yollarını nümayiş etdirib. O, bu klaster üzrə BANM-ın elmi istiqamətlərinə uyğun açıq olan və ya cari ilin payızında açılacaq çağırışları, onlara müraciət qaydalarını iştirakçıların diqqətinə çatdırıb. Hər bir mütəxəssisin portalda qeydiyyatdan keçməsinin əhəmiyyətini vurğulanıb. 

R.Kərimov İqlim, Enerji və Mobillik klasteri üzrə İş proqramı və Horizon Avropa portalında müvafiq çağırışlar üzrə tərəfdaşların müəyyən edilməsi və onlara müraciət qaydalarını diqqətə çatdırıb. Məruzəçi tərəfdaşların seçilməsi, konsorsiumların yaradılması və ya mövcud konsorsiumlara qoşulmaq üçün mümkün imkanlar haqqında ətraflı məlumat verib və bu imkanlardan istifadəni portal üzərindən nümayiş etdirib. O, Horizon Proqramı çərçivəsində iştirak etdiyi tədqiqat və innovasiya tipli layihə haqqında məlumat verib, bu istiqamətdə təcrübəsini bölüşüb.

S.İmanova fərdi və qrup şəklində tədqiqat proqramlarını dəstəkləyən Marie Sklodovska-Küri Fəaliyyətinin imkanları, elmi mübadilə və təqaüd üçün hazırda açıq olan və ya yaxın zamanlarda açılacaq çağırışları diqqətə çatdırıb. Məruzəçi, həmçinin Horizon Avropa Proqramının çağırışları üçün hazırlanacaq layihə təkliflərinin tərtibi qaydalarını təqdim edib. O, ərizə formasının doldurulması qaydaları haqqında məlumat verib, elmi yeniliyin, əldə ediləcək nəticələrin, büdcə hissənin və müşayiətedici sənədlərin tərtibinə olan tələbləri nümunələr üzərində nümayiş etdirib.

Məruzələr maraqla qarşılanıb və mövzular ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: