Onun ən başlıca məziyyəti yüksək peşəkarlıq idi. Peşəkarlıqsa özündə bir qatar üstün keyfiyyətləri qovuşduran qabiliyyətdir. Elə müstəsna qabiliyyət ki, insanı çalışdığı istənilən sahədə seçdirir, önə çıxarır, ona mahiyyəti daha tez görmək və səmtləri bəzən sanki elə sövq-təbii, amma həmişə doğru seçərək düzgün qərarlar vermək səriştələrini aşılayır.
Peşəkarlıq bir tərəfdən təcrübənin, keçilən yolların, yaşanan illərin bəxş etdiyi məziyyətdir, ancaq digər yandan elə bu da fitri istedadın qanadlarından biridir. Peşəkarca yanaşa bilmək yaddaş, itigörmə, duyğu həssaslığı, müdriklik sayaq bir cövhərdir ki, insana təməldən nəsib olursa, irəliləyən zaman, artan biliklər, keçilən sınaqlar bu vərdişi daha da bişirir, qabarıqlaşdırır, zənginləşdirir. Hansı sahəyə üz tutsalar, belələri qısa müddətdə işin sahibinə, mövzunun yiyəsinə dönə bilirlər. Heydər Əliyevə də peşəkarca yanaşa bilmək gücü elə əvvəldən, gənclik çağlarından xas olan xüsusiyyətdir ki, onu lap cavanlığından yaşıdları arasında da ağsaqqala, məsləhət alınası, doğru yol soruşulası münsifə çevirmişdi. Uzaq 1950-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsində gənc Heydər Əliyevin rəhbərlik etdiyi şöbədə işləmiş, artıq ömrün 93-cü ilini yaşayan polkovnik, köhnə çekist Oqtay Mansurov xatırlayır ki, onunla aramızda yaş fərqi böyük deyildi. Ancaq hər təzə bir işi araşdırmağa başlayanda qovluğu götürüb gedərdim yanına. Katibəsindən soruşardım ki, adam varmı içəridə, desə ki, təkdir, baxardım, telefonla danışmırsa, keçərdim içəri. Bilirdim ki, telefonla danışanda otağına başqasının girməsindən xoşu gəlmir. Sənədləri vərəqləyincə, sanki çoxdan bu məsələnin içindəymiş kimi, elə tövsiyələr verər, elə yollar göstərərdi ki, həmin işi aparmaq xeyli asanlaşardı. Özü də qızışardı. Bir ağ vərəq ayırıb bənd-bənd yazardı ki, birinci nə etməli, ikinci nə, üçüncü nə, dördüncü nə. Yəni bir neçə dəqiqənin içində bizim öz aramızda "tədbirlər planı" dediyimiz əməliyyat layihəsini cızardı. Məəttəl qalası iş idi. Bu, yalnız uzun illər boyu bizim sistemdə çalışmış, çox püxtə, vergili əməkdaşlarda ola biləcək nadir bacarıq idi. O isə bizim kimi cavan idi axı! Ancaq hərəkətləri, sözləri, fikirləri sanki lap köhnə peşəkarınkı idi. Allah ona fövqəladə bir fəhm vermişdi ki, onlarla, yüzlərlə xırda detalın arasından məhz ən gərəkli olanları dərhal tuta bilirdi. Qabağı görmək hissiyyatı, intuisiyası misilsiz dərəcədə qüvvətli idi.
1970-ci illərdə, Heydər Əliyevin respublikaya rəhbərliyə yenicə başladığı dövrdə, hər gün xüsusi həvəs və enerji ilə çalışdığı çağlardan qalan büro iclaslarının sənədlərini vərəqləyərkən onun ifrat peşəkarlığının bariz nəticələrindən birini əyaniliyi ilə müşahidə edirəm. Ayrı-ayrı mürəkkəb məsələlərlə bağlı qərarlar qəbul edə bilməkçün təqdim edilmiş, yüzlərlə vərəqə sığan müxtəlif arayışlar, izahatlar, yardımçı sənədlər arasından ən vacib olan mətləbləri tutmaq, ən məqbul qənaətə gəlmək üzdən kiməsə asan da görürnə bilər ki, nə var, köməkçi materiallar hamısı əl altındadır. Ancaq əslində bu, sürətlə axan dağ çayında əllə balıq tutmaq kimi çətin işdir. Dar bir vaxt kəsiyində düşünmək, təhlil etmək, mümkün qərarlar sırasından ən dürüstünün üstündə dayanmaq üçün ayrılan qısa zamanda (zaman da ona görə qısadır ki, arxadan sel kimi dalğa-dalğa yeni işlər gəlir) buna müvəffəq olmaq ilk növbədə ali peşəkarlıqla əlaqədar məsələdir.
Elə bircə bu iclas - Mərkəzi Komitənin 1973-cü il mayın 22-dəki toplantısı qəliz mövzuların elə əlvan spektrini əhatə edir ki, həmin müzakirələrin bir neçə günə zorla başa çata biləcəyini fərz edirsən. Ancaq 4-5 saat ərzində bütün müzakirələr də keçirilib, hər məsələ ilə bağlı Heydər Əliyev ayrıca çıxış edib və indi yarım əsrlik vaxt hündürlüyündən baxarkən onu da dərk edirsən ki, hər qərara, qərardakı hər bəndə rəhbərin münasibəti nə qədər sərrastdır, dilindən qopmuş hər cümlə necə ölçülü-biçilidir. Bir anlıq düşünürsən ki, tarixin rekonstruksiyası baxımından son dərəcə maraqlı ola biləcək eksperiment keçirəsən - son qərarları göstərmədən, Heydər Əliyevin oradakı çıxışlarını, replikalarını təqdim etmədən bütün ilkin sənəd və materialları qoyasan bu gün yüksək dövlət vəzifələri tutan məmurların, dövlətçilik, siyasət məsələləri ilə məşğul olan ortabab da deyil, qabiliyyətli araşdırıcıların qarşısına ki, siz nə deyərdiniz, siz necə hərəkət edərdiniz? Klassik ərəb şeirşünaslıq elmində "səhl-i mümtənə" -"çatılması çətin olan sadəlik" deyilən bir məfhum var. Heydər Əliyevin də bütöv yolunu göz önünə gətirib onun ən müxtəlif tarixi dönəmlərdə, çox zamansa ən ekstremal şəraitlərdə verdiyi qərarları yaddaşda sıralayanda dərk edirsən ki, elə bunların əksəri məhz zahirən sadə görünən, ancaq hec vəchlə sadəliklə gəlib yetişiləsi nəticələr deyil.
Bu iclasda bir sıra aktual məsələlərə baxılırdı. Amma bu, hələ hamısı deyildi. Bir silsilə təyinatların təsdiqi, partiya cəzası almış onlarla şəxsin apellyasiya şikayətlərinin nəzərdən keçirilməsi, partiya üzvlüyünə bərpa məsələləri, fərdi təqaüdlərin təyini... Bir sözlə, gerçəkdən də bu qədər mövzunun bircə toplantıya necə sığışmasına heyrətlənməyə bilmirsən və heyranlığı ikiqat artıransa bu cəhətdir ki, stenoqramların da təsdiqlədiyi kimi, heç bir mövzuya səthi yanaşılmır, hər qoyulan suala qaneedici cavab alınanadək fikir mübadilələri davam edir. O gün diqqət mərkəzində dayanan və ən qaynar müzakirələrə səbəb olan məsələlərdən biri də Mingəçevir Şəhər Partiya Komitəsinin işi ilə bağlı idi. Bu mövzunu digər məsələlərdən ayıraraq Heydər Əliyevin yanaşmalarındakı məxsusi peşəkarlığın təsdiqi üçün bir nümunə olaraq önə çəkməyim səbəbsiz deyil. İki Həsənov arasında ciddi qarşıdurma vardı. Biri Mingəçevir Şəhər Partiya Komitəsinə rəhbərlik edən Arif Həsənov, digəri icraiyyə komitəsinin sədri Züleyxa Həsənova. Bu yığıncaqdan əvvəl ötən aylar boyunca hər ikisi Mərkəzi Komitədə də olmuşdu, onlarla söhbətlər də aparılmışdı. Ancaq Mingəçevirdə iki əsas rəhbər arasındakı gərginliyin şiddəti azalmamışdı. O dövrdə Mingəçevir şəhər prokuroru işləmiş general Akif Rəfiyevdən onların haqqında soruşuram, hər ikisini kadr kimi yüksək dəyərləndirir.
Təbii, həm onun, həm bunun tərəfdarları vardı, onu istəyənlər bundan, bunu özlərinə yaxın bilənlər o birindən tez-tez müxtəlif şikayətlərlə Bakıya ardıcıl ərizələr göndərirmişlər, yoxlama yoxlama dalınca gedirmiş və sağlam olmayan bu gedişat işə də mənfi təsirini göstərməyə bilməzdi. Mərkəzi Komitə özü də vəziyyəti yerində araşdırmaq üçün komissiyalar yollamışdı. Həm onun, həm bunun xeyli nöqsanları da üzə çıxmışdı. Arif Həsənov Mingəçevirə gedənədək 12 il Mərkəzi Komitədə çalışmışdı, sənaye şöbəsinə rəhbərlik etmişdi, təcrübəli idi və bir neçə il onunla birgə işləmiş, sıx təmasda olmuş Akif Rəfiyev Arif Həsənovu insanlıq keyfiyyətlərinə görə də müsbət səciyyələndirir. Ancaq o materiallar ki toplanmışdı, o məktublar ki iclasa aid qovluğa bu məsələ ilə bağlı əlavə olunmuşdu, hər iki rəhbər işçi ilə əlaqədar elə xoşagəlməz məqamlara da toxunurdular ki, onlar nəzərə alınsa, elə gərək Büroda onların hər ikisi ilə xudahafizləşiləydi. Uzun sözün qısası, münasibətlər elə tarıma çəkilibmiş, emosiyalar elə coşubmuş ki, artıq ləngimədən nöqtəni qoymaq lazım idi, çünki iki rəhbərin didişməsindən bütövlükdə ümumi iş, Mingəçevir itirirdi. Heydər Əliyev başlayır danışmağa və bu, bayaqdan edilən çıxışlara, təqdim olunmuş bütün arayışlara cavab olan əsl ailə başçısı çıxışı, müdrik ağsaqqalın həm tənbehi, həm öyüd-nəsihətidir. İmtina etməyə, birinin yerinə digərini qoymağa nə var ki! Heydər Əliyev agahdır ki, onlar işin bu mərhələsində müəyyən nöqsanlar buraxıblar, ancaq hələ çox fayda da verə bilirlər, belə kadrların yetişməsi üçün illər lazımdır, əldə-ovucda olanı həm də qorumaq gərəkdir. Arif Həsənovu qınayırdılar ki, müəyyən şəxslər onun sevimliləri olub, kiminsə qüsurlarına göz yumub, kiməsə daha çox güzəştə gedib. Heydər Əliyevi sovet dövrünün mühafizəkar klassik məmurlarından seçdirən həm də o idi ki, ruhu etibarı ilə demokratikdi, hər məsələyə daha geniş və azad, yalnız məhdud partiya normativləri bucağından deyil, insani baxımdan yanaşmağa da daxilən hazır idi və indi birinci katibə edilən bu tənqidlərin əksərinin onu kənara qoymağa qətiyyən əsas vermədiyinə daxilən əmin idi. "Birinci katib prinsipiallıq, işdə, məişətdə və şəxsi həyatda tələbkarlıq örnəyi olmalı, hər kəsi həm də öz nümunəsi ilə tərbiyə etməlidir. O, insanları öz bilikləri, təcrübələri və digər bütün imkanları ilə yetişdirməlidir. Mən razıyam ki, Həsənova yoldaş 11 ildir ki, icraiyyə komitəsində işləyir, ancaq o da diqqəti yalnız yoldaş Həsənovun fəaliyyətindəki mənfi saydığı tərəflərə yönəltməməlidir, eyni zamanda həmin qüsurların düzəldilməsində birinci katibə necə kömək etməyin yollarını da aramalıdır. Burada yoldaşlar da düz dedilər, qətiyyən şəhər partiya komitəsi ilə icraiyyə komitəsini qarşı-qarşıya qoymaq olmaz. Hər orqanın öz yeri var, daha artığına iddia etməyə heç kəsin haqqı yoxdur. Yoldaş Həsənov, mən sizə açıq deməliyəm, biz bütöv bir ili bu məsələ ilə məşğuluq və belə rəy yaranmışdır ki, siz öz üzərinizdə çox işləməlisiniz.
...Siz bütün yoldaşlara, ilk növbədə yaxın köməkçilərinizə münasibətinizi dəyişməlisiniz. Bu irad Həsənova yoldaşa da, elə bütün Büro üzvlərinə də aiddir. Siz kimisə sevirsiniz, kimisə yox - bu, rol oynamamalıdır, kiməsə hüsn-rəğbətiniz var, kiməsə yox - bunun işə təsiri olmamalıdır. İşçiniz özünü düzgün aparırsa, yaxşı çalışırsa, onun sizin xoşunuza gəlib-gəlməməsindən asılı olmayaraq münasibətləriniz normal qurulmalıdır, bir işçi sizi tənqid edirsə, ona da münasibət qaydasında olmalıdır.
...Bu iclasdan sonra indiyəcən nə olubsa unutmaq, buradan təzələnərək çıxmaq və məhsuldar işləmək lazımdır. Beləliklə, biz ümid bəsləyir və hesab edirik ki, Mingəçevir partiya təşkilatının belə imkanları var ki, siz hamınızın orada işinizi davam etdirəsiniz, səmərəli çalışasınız, öz çatışmazlıqlarınızdan qurtulasınız, münasibətlərinizdə yaranmış normal olmayan vəziyyəti tamamilə ləğv edəsiniz. Elə belə bir qərar da qəbul edək".
Bunca barışdırıcı, sülhlü, adil bir yekun.
...Mərkəzi Komitənin 1973-cü il 22 may iclasında mətbuatla əlaqədar daha bir məsələ vardı. Ancaq əvvəlki məsələ mətbuatın, mətbuat işçisinin müdafiəsi barədə idisə, bu biri müzakirə mətbuatdan müdafiə haqqında idi. Azərbaycanla bağlı ümumittifaq mətbuatında dərc edilmiş tənqidi məqalədəki faktların yoxlanılmasının nəticələri ətrafında gərgin fikir mübadiləsi gedirdi. O vaxtlar Sovet İttifaqında çox məşhur olan "Krokodil"in 1973-cü il 3-cü sayında jurnalın xüsusi müxbiri A.Qolubun 2 səhifəlik "Saatlının qızmar səması altında" felyetonu dərc edilmişdi. SSRİ-nin baş satirik jurnalında Azərbaycan mövzulu hər hansı böyük, ya kiçik tənqidi yazının dərc edilməsi heç xoşagələn hadisə deyildi. Ancaq bu felyetonun xüsusi narahatlıq doğurması ona görə idi ki, zahirən bir məişət məzmunlu məsələni guya əsas hədəfi kimi götürsə də, bütövlükdə respublikanın nüfuzuna xələl gətirə biləcək neqativ təmayüllər ətrafında gəzişmələr edirdi. Ən əvvəl SSRİ-nin baş satirik jurnalında belə həcmli və sərt məqalənin birdən-birə niyə dərc edilməsi düşüncələr oyadırdı. O boyda jurnalın xüsusi müxbirinin Moskvadan Saatlıya təşrif gətirməsi, belə geniş yazı qələmə alması qətiyyən təsadüf sayılmamalı idi və hər belə hadisənin arxasında bir təşkilin, yönəltmənin, örtülü məqsədin gizlənmiş olması ilk ağla gələn ehtimal idi. Həm də burası vardı ki, adətən nəinki bütün Sovet İttifaqına aid Moskva mətbuatındakı tənqidi yazı, hətta respublikadakı bölgə, çoxtirajlı müəssisə qəzetlərində belə nöqsanlardan bəhs edən yazılar çap olunanda cavab istənilirdi, görülmüş tədbirlərlə bağlı həmin mətbuat orqanındaca ayrıca yazı da işıq üzü görürdü.
"Krokodil"in müxbiri məqaləsində onunla birgə Saatlıya getmiş "qələm qardaşım azərbaycanlı satirik" deyə təqdim etdiyi Ağasəfa Yəhyayevin də adını çəkirdi. Bu, 1971-ci ildə yazıçı Seyfəddin Dağlının Bakı Parovoz deposundakı fəhlə işindən ayıraraq redaktoru olduğu "Kirpi" jurnalına gətirdiyi, 11 il həmin redaksiyada çalışmış, sonralar Azərbaycanın ədəbi həyatında yetərincə tanınmış şair və tərcüməçi, bu gün doğma Xızısının Qarabulaq kəndinə sığınaraq 80-i arxada qoyandan sonra da yazıb-yaratmaqda davam edən Ağasəfadır. Əhvalat barədə həyatda olan tək şahiddən - köhnə dostum Ağasəfadan təfərrüatları xəbər alıram. Deyir ki, moskvalı jurnalist A.Qolubla mənim tanışlığım yox idi. "Kirpi"nin əməkdaşı idim, məni qonağa qoşmuşdular ki, tərcüməçi-bələdçi kimi onunla Saatlıya gedim. Ancaq redaksiyada həmin müxbirlə görüşüb tanış olandan sonra baş redaktorumuz Seyfəddin Dağlının nəsə dalağı sancmışdı və Mərkəzi Komitəyə də bildirmişdi ki, bu, xatalı adama oxşayır. Təcrübəli Seyfəddin müəllimin gümanı düz çıxdı. Sən demə, xüsusi müxbir Azərbaycana elə xüsusi tapşırıqla da gəlibmiş. Mənim də adımı guya hörmət göstərmək naminə yazısına salmışdı, məqaləsində də dilimdən artıq-əskik sözlər yazmışdı və bunun da başağrısını xeyli çəkəsi, sonralar bir neçə dəfə izahatlar yazası oldum.
Açıram ötmüş əyyamlarda SSRİ paytaxtından Vladivostoka qədər əl-əl gəzən, yazıları ütülü, fikir ifadəsi çərçivəli bütün sovet mətbuatı ilə müqayisədə cəsarətliliyi rüsxət verilmiş müəyyən həddə qədər çatsa da, hər halda tənqidi ruhu ilə cəmiyyətə cüzi də olsa azadlıq havası gətirdiyindən hər sayı maraqla gözlənilən "Krokodil"in həmin sayını. Üzdən baxanda sanki xırda məsələdir, məişət mövzusudur, heç "Krokodil"lik söhbət deyil. Çünki yazının böyük hissəsi məhz bu hadisənin təfərrüatlarını nağıl edirdi. Salyanda yeyib-içmək süfrəsi arxasında rayon tədarük idarəsinin işçiləri arasında söz çəpləşibmiş və məclis bitəndən sonra mübahisələrin yekunu olaraq müsahib döyülübmüş. Görünür, müsahibin üstünə düşən və onunla eyni idarədə işləyən içkili başlı iki qardaş bir neçə şillə-təpiklə kifayətlənməyərək onu əməlli-başlı xurd-xəşil eləyiblərmiş. Çünki jurnalın yazmasınca, kişi düz 21 gün xəstəxanada yatası olubmuş və sonra da başlayıbmış bu hadisə dolayısınca ora-bura şikayət məktubları yazmağa. Ancaq SSRİ boyu restoranlarda, kafelərdə və şəxsi məclislərdə hər gün-günaşırı sərxoşluq zəminində neçə-neçə oxşar, hətta bundan da qat-qat betər münaqişələr də, döyülmələr də baş verirdi və əslində bu hal Rusiya ilə tutuşdurularsa, daha çox onlarçün səciyyəvi idi və mahiyyəti etibarilə də elə mühüm hadisə deyildi axı bu qədər şişirdilərək "Krokodil" səviyyəsinə qaldırılsın, oradan balaca əyalət şəhərinə el basa-basa nüfuzlu jurnalın xüsusi müxbiri gəlsin, bu yekəlikdə məqalə yazılsın. Torbanın içində pişik varmış. Bu xırda hadisəni bəhanə edərək, guya əsas mövzu elə budur təəssüratı yaratmaqla gözə kül üfürərək respublikanın təsərrüfat həyatındakı qanun pozuntularından, saxtakarlıqlardan bəhs edilirdi və orası maraqlıdır ki, bu, hansısa dəlillər-sübutlar əsasında deyil, şayiəvari söhbətlərə, ayrı-ayrı adamların qeybətlərinə əsasən edilirdi.
Yazı belə başlanırdı ki, müəlliflə bələdçisi göydən od yağan bir yay günündə Saatlının günəşin yandırıb qarsdığı torpaq yolu ilə gedə-gedə yada müxtəlif şeirlərdən parçaları salırlar, guya bir şairin bu misralarını da xatırlayırlar ki, Muğan çöllərinə bircə damla yağış düşməsə belə, məhsul əkilib-becəriləcək, pambıq planı da ödəniləcək. Sonra da özləri başlayırlar mövzunu davam etdirməyə ki, heç qoyun olmasa da, yun planı dolacaq, toyuqlar olmasa da, nə qədər lazımdır yumurta veriləcək, plan artıqlaması ilə ödənəcək. Bəs nə təhər? Bu müəmmanın cavabını moskvalı müxbir mehmanxananın növbətçi inzibatçısının dilindən verir, əlüstü, bələdçisi kimi onu da öz yazdıqlarına şahid və şərik çıxararaq zibilə salırdı. Yazırdı ki, mən təəccüblə mehmanxananın inzibatçısından toyuqsuz yumurta əmələ gəlməsi möcüzəsinin sirrini soruşanda o, burada əcaib bir şeyin olmadığı cavabını verdi. Söylədi ki, bir neçə kisə arpanı-buğdanı çıxarırlar bazara, satıb onun puluna lazım olan sayda yumurta alıb gətirirlər, plan da dolur, toyuqlarla məşğul olmaq əziyyətlərindən də canları qurtarır.
"Krokodil" bu yazıya hələ bir karikatura da əlavə etmişdi. Üstüaçıq yük maşını, içərisində kisələrlə taxıl bir tərəfə gedir, əks tərəfdən də elə həmin maşın qayıdır, bu dəfə kuzovunda içərisi yumurta dolu qutular.
Saatlıdakı kiçik mehmanxananın nə qədər işçisi olasıydı ki. Yazı çıxandan sonra moskvalı müxbir gələndə kimin növbədə olduğunu müəyyənləşdirmişdilər, soruşmuşdular ki, belə söz demisən, and-aman eləmişdi ki, vallah, onunla heç kəlmə kəsməmişəm, mən heç yerli-dibli rusca bilmirəm, qətiyyən elə söz deməmişəm, "Quran" gətirin, əl basım.
Sovet hökuməti "Quran"a inanan deyildi, onun inandığı öz komissiyaları idi və Moskvadan Azərbaycana SSRİ Yüngül Sənaye Nazirliyinin təmsilçilərindən ibarət heyət göndərilmişdi ki, gedin məsələləri yerindəcə yoxlayın.
Felyetonsa yoxlamalı çox nöqtələri tuş verirdi. Moskvalı müxbir yazırdı ki, guya mühasibi Saracallar tədarük məntəqəsindəki qanun pozuntularına göz yummadığı, orada törədilən cinayətlərə qoşulmadığı üçün döyüblər. Moskvalı müxbir bunu da aləmə car çəkirdi ki, danışılanlara görə, yumurtanı bazardan alıb sayı düzəltdikləri kimi, Saatlı rayonunda pambıq planını da Türkmənistandan gətirilən məhsulun hesabına doldururlar. Yun da belə, digər sahələr də həmin cür.
Bunların hər biri çox ağır ittihamlar idi və felyetonda Türkmənistan söhbəti açıldığından Mərkəzdən göndərilən yoxlama komissiyasına Aşqabad və Daşkənddən də mütəxəssisləri əlavə etmişdilər.
Günlərlə Saatlıda oturmuşdular, diqqətlə aparılan araşdırmalar onu sübut etmişdi ki, 1971-ci ildə də, 1972-də də Saatlıda, həm də adı ayrıca vurğulanan "Vətən" koxozunda həm yumurta, həm yun tədarükü planı heç bir əyintiyə yol vermədən yerinə yetirilib. Pambıq məsələsində lap dərinə getmişdilər. Məlum olmuşdu ki, həqiqətən buralara Türkmənistandan pambıq gəlir, ancaq bu, tamamilə başqa məsələdir. İş ondadır ki, sovet iqtisadi siyasəti respublikaları bir-birindən asılı etmək prinsipi üzərində qurulmuşdu. İstehsalın hansısa mərhələsində sən digər bir, ya bir neçə müttəfiq respublikaya möhtac idin. Əli Bayramlıda (indiki Şirvan) pambıq emalı zavodu vardı və Türkmənistan da topladığı məhsulu bura göndərməli idi. Saatlı yığmalı olduğu qədər pambıq toplamış, zavoda çatdırmalı olduğu qədər də təhvil vermişdi. Mötəbər komissiyanın yekun rəyi bu idi ki, o vaxtın yığcam, terminləşmiş və içərisində çox mənaları daşıyan rus kəlməsi ilə ifadə ediləcək olursa, "pripiska"ya (süni yolla rəqəmlərin şişirdilməsinə, artırmaya, bilərəkdən saxtakarlığa) yol verilməyib. Bir sözlə, mötəbər komissiya təsdiq edirdi ki, "Krokodil"in dərc etdiyi məqalədə əks edilənlər təsdiqini tapmayıb, yazı müəllifi obyektiv tədqiqat aparmaq əvəzinə ayrı-ayrı narazıların təhrifedici, saxta və bədxahcasına verilmiş məlumatlarına, yoxlanmış faktlara deyil, ara söhbətlərinə əsaslanıb.
Ancaq "Krokodil"dəki yazı tək qalmamışdı, SSRİ-nin "Pravda"dan sonrakı ikinci əsas qəzeti "İzvestiya" da Saatlı ilə bağlı yazı vermişdi və bəlkə də rayonun tarixində ilk dəfə idi onun adı təqribən eyni vaxt aralığında Sovet İttifaqının iki sanballı dövri nəşrində görünürdü. Şəksiz, bu, təsadüfi ola bilməzdi və Heydər Əliyev də göstəriş vermişdi ki, bu özəl marağın pərdəarxası tərəflərini da bizimkilər ayrıca təhqiq etsinlər. Mərkəzi Komitənin Büro iclasından əvvəl respublika rəhbərinin masası üstünə MK-nın Kənd təsərrüfatı və Təşkilati-partiya işi şöbələri rəhbərlərinin, eləcə də respublika prokurorunun müavininin imzaladığı arayış qoyulmuşdu. Orada qeyd edilirdi ki, Saatlı Rayon Partiya Komitəsinin birinci katibi ilə rayon icraiyyə komitəsi sədrinin arasında çoxdan bəri davam edən qarşıdurma varmış. İşində ciddi nöqsanlar olan rayon xəstəxanasının baş həkimini birinci katib haçandır vəzifəsindən kənarlaşdırmaq istəyirmiş, ancaq qəti sözünü deməkdə tərəddüd edirmiş, çünki baş həkim icraiyyə komitəsi sədrinin yaxın qohumuymuş. Elə həmin münaqişə də müxtəlif badalaqvurmalara gətirib çıxarmışdı ki, bunun ən bəd nəticələrindən biri də löyün-löyün dedi-qoduların, qeybətlərin artması, tənqidi yazıların ortaya çıxması idi. Rayon Xalq Nəzarəti Komitəsinin sədri də bu gedişatda nala-mıxa vururmuş. Elə Mingəçevirdəki kimi Saatlının da rəhbərliyində əmələ gəlmiş ikitirəliyin ümumi işə zərbəsi daha dərinlərə işləyibmiş, indi ortaya çıxanlardan da artıq fəsadları varmış. Beləcə, əks qüvvələr əl-ələ verib həm bir ucdan respublikadakı və kənarlardakı yaxın-uzaq ünvanlara qalaq-qalaq şikayətli məktub və ərizələr yollayır, həm də ayrı-ayrı şəxsi əlaqələrdən istifadə edərək mətbuatı Saatlıya qarşı diş qıcatmağa sövq edirmişlər.
Mərkəzi Komitənin sənədlərində də, "Krokodil"in felyetonunda da bütün adlar-soyadlar açıqlığı ilə verilib. Mən adları açıqlamağı münasib saymadım. Əvvələn, indi bunun əhəmiyyəti yoxdur, əksinə, kimlərinsə qəlbini də incidə bilər. Digər tərəfdən, keçmişdən bəhs edən sənədləri qaldıranda istər müsbət, istər mənfi müstəvidə o adları açmaq məsləhətdir ki, həmin adların bu gün xatırlanmasında ya örnəklik, ya ibrətlik var. Yaxşı izləri qalırsa, oxuyan bu adı çəkib rəhmət oxuyacaq, bənzəməli, nəcib əməllərini davam etdirməli şəxsiyyəti ehtiramla anacaq, izlər könülaçan deyilsə, o qəbahətli əməllərdən yurda, millətə təsirli xətərlər yetişibsə, müasirlər həmin mənfi adların niyə dünəndən dartılıb bugünə gətirilməsinə görə qınamayacaq, xortdadılan şəxsin nəslinin yaşayan insanlarına niyə sıxıntılar doğurursunuz deməyəcək, əksinə, anlayacaq ki, bu da bir dərsdir, gərək hər bir adam yalnız ömrünün ərzindəki deyil, ölümündən sonrakı çağların da məsuliyyətini daşısın, elə yaşasın ki, o, həyatdan gedəndən sonra soyundan olanlar, ona müxtəlif tellərlə bağlılar başabəla sələfin ucbatından xəcalət çəkməsinlər.
...Bəzən respublika rəhbərliyinə gəldiyi ilk illərdə Heydər Əliyevin çox sərt və güzəştsiz mövqe tutması, xeyli yüksək vəzifə sahibini ard-arda işdən azad etməsi və cəzalandırması ilə bağlı mülahizələrini bölüşənlər ondan əvvəlki dönəmdə Vəli Axundovun da, İmam Mustafayevin də yüksək vəzifəli məmurlara münasibətdə daha yumşaq davrandığını təsdiqləyirlər. Heydər Əliyevin başlanğıcda belə barışmaz və bir qədər də amansız kimi görünən rəftarını onun DTK-dan gəlməsi, hərbiçi olması ilə əlaqələndirirdilər və hətta yarızarafat-yarıciddi bunu da söyləyirmişlər ki, indi SeKa KP dönərək ÇeKa KP olub (Seka - ÜK KP Üentralğnıy Komitet Kommunistiçeskoy Partii - Kommunist Partiyasının Mərkəzi Komitəsi; ÇK - Çrezvıçaynaə Komissiə - Dövlət Təhlükəsizliyi Komitəsinin köhnə adı). Amma istənilən tarixi hərəkətləri qiymətləndirərkən hökmən o çağın şərtləri də göz önünə alınmalıdır. Elə Saatlıdakı kimi xəstə vəziyyət yarandığı, rayonun idarəçiliyində quyuqazma səciyyəli müxaliflik ortaya çıxdığı halda pişim-pişimlə yola vermək, qəti addımlar atmamaq sonra ümumi işə daha ağır zərbələrin dəyməsinə gətirib çıxarmazdımı?
1973-cü il mayın 22-dir və Büronun icasında Heydər Əliyev danışır. Bunlar heç vaxt toplantının keçirildiyi zaldan kənarda eşidilməmiş, qəzetlərdə dərc edilməmiş, yarım əsrlik sükutdan sonra oxucusu ilə ilk dəfə görüşən mətnlərdir. Zənnimcə, həm müdrik, həm ədalətli, həm kəskin, amma həm də insaflı, baltanı dibindən vurmayan bir mövqedir. Əsl rəhbərin, Azərbaycan ailəsinin qayğıları ilə sidq ürəkdən yaşayan bir rəhbərin baxışlarıdır: "Düşünürəm ki, faktların təsdiqini tapmadığı haqda komissiyanın arayışını biz qəbul edəcəyimiz qərarda nəzərə almalıyıq. Mən komissiyanın bu fikri ilə razıyam və əminəm ki, bütün bunlar ayrı-ayrı şəxslərin uydurmalarıymış və "Krokodil"in müxbiri Qolub yoldaş, görünür ki, nadürüst mənbələrdən yararlanmışdır. Ancaq bütün bunlar ona görə baş tutub ki, Saatlı partiya komitəsinin birinci katibi rayona lazım olan qaydada rəhbərlik etməyib və edə bilmir".
Heydər Əliyevin nitqini başlayan kimi dediyi bu ilk cümlələrdən sonra belə təsəvvür oyanır ki, işi bu dərəcədə mənfi qiymətləndirilən birinci katib yığıncaqdan artıq sabiq rayon rəhbəri kimi çıxacaq. Ancaq Heydər Əliyevin idarəedici olaraq bir sabit keyfiyyəti də son şansı əsirgəməmək, özünü doğrultmaqçün fürsət vermək nəcibliyi idi. Saatlının raykom katibinə üz tutaraq davam edirdi və ən azı bundan sonra necə işləməyin dərsini verirdi, daha qətiyyətli, daha prinsipial olmağa səsləyirdi: "Gileylənirsiniz ki, 2 ayın ərzində "İzvestiya" qəzeti və "Krokodil" jurnalı sizin rayona 2 dəfə diqqət ayırıb və bunun da səbəbi odur ki, siz baş həkimi vəzifəsindən xaric etmisiniz. Ancaq siz baş həkimi işdən çıxaranda və digər qərarlarınızı qəbul edəndə prinsipsizlik göstərməmisiniz, işi başa çatdırmamırsınız, bunlar da belə qüsurlara gətirib çıxarır. Ona görə də siz rayona indiyə qədər olan kimi rəhbərlik edəcəksinizsə, açıq deməliyəm, biz sizə birinci katib vəzifəsini bundan sonra etibar edə bilmərik. Siz rayonun siyasi rəhbərisiniz, siz siyasi, təşkilati, tərbiyəvi rəhbərliyi təmin etməlisiniz. Amma bircə məsələnin həlli sizdə 1 il uzanıb. Nə var-nə var, bu adam icraiyyə komitəsi sədrinin qohumudur və onu işdən çıxarsam, buna icrakom necə baxacaq. Əgər siz əmin idinizsə baş həkim layiqli adam deyil, dərhal ölçü götürmək lazım idi. Siz gah məsələ qaldırırdınız ki, rayon icraiyyə komitəsinin sədrini dəyişmək lazımdır, gah da bizimlə söhbətdə deyirsiniz ki, işdən çıxarmamaq da olar. Bu nə mövqesizlikdir, nə ləngər vurmaqdır?! Məndə belə qənaət yaranır ki, siz sanki icraiyyə komitəsinin sədrinin, ya başqa kiminsə vəzifəsindən kənarlaşdırılmasını istəyirsiniz, ancaq ürəyinizdən keçir ki, bunu Mərkəzi Komitə etsin. Belə olmaz! Rəhbər başçılıq etdiyi sahədə məsuliyyəti üzərinə götürməyi bacarmalıdır və qoyduğu məsələlərin düzlüyünə əmindirsə, qorxmamalı, çəkinməməlidir. Sizdə bu çatmır. Biz sizi koxoz sədri qoymamışıq ki, işiniz pambıq istehsalından ibarət olsun, təkrar edirəm ki, siz siyasi rəhbərsiniz, siz insanları nöqsanlarla barışmazlıq, vəziyyəti tənqidi baxımdan təhlil edə bilmək ruhunda tərbiyə etməlisiniz".
Bu, ustad dərsidir, idarəçilik məktəbidir. Çətin yollardan keçmiş bir dünyagörmüşün öyüdləridir. Həmin iclasda bu sözü yalnız bir nəfərə - Saatlı raykomunun başçısına demirdi ki! Həmin toplantıya çox adam qatılmışdı, təxminən hamısı da çox yüksək vəzifə sahibləri, ya indi tutduqlarından da ali kürsülərə iddialı olanlar. Tövsiyəni hamıya edirdi ki, rəhbərsənsə, sözünün kəsəri olmalıdır, rəhbərsənsə, sənə gərək olan ən birinci və ən ümdə keyfiyyət qətiyyətdir. Lazım olan anda lazımi qərarı verməyə özündə iradə, güc tapa bilməyib sonraya saxlayacaqsansa, elə indi haqqında bəhs edilən rayon rəhbərinin aqibəti sizi də haqlayacaq. "Get işini davam etdir" deyir, amma həm də "indiyəcən işlədiyin kimi işləmə" deyir, "özünüzü içəridən yenidən qurun", yəni "yola davam" deyir, amma həm də xəbərdarlıq edir ki, belə ola bilməsəniz, bunca yüksək vəzifədə qala bilməyəcəksiniz.
Ulu yunan mütəfəkkiri Aristotelin "Politika"sından tutmuş XV-XVI yüzillərin məşhur italyan düşünəri, siyasət nəzəriyyəçisi və dövlət xadimi Nikkolo Makiavellinin "Hökmdar" traktatına qədər, Tomas Ceffersonun "Möhtəşəm Amerika. Hakimiyyətin gizli gücü" əsərindən ta Otto fon Bismarkın "Dünya savaş astanasında" düşüncələrinədək, Marqaret Tetçerin "Dövləti idarə etmək sənəti"ndən Zbiqnev Bjezinskinin "Böyük şahmat taxtası"nacan siyasət və dövlətçilik kompası sayılası neçə aqil kitab yazılmış, dünyanın sıra-sıra dillərinə çevrilərək ümumbəşəri istifadəyə başlanmışdır. Onların hamısından oxuyaq, öyrənək. Amma özümüzün də işləyə-işləyə, yaşaya-yaşaya, elə təcrübənin axarında nəzəriyyələr də yaratmış, ağıllı dövlətçilik və idarəediciliyin düsturlarını, qəliblərini, çeşnilərini doğurmağa müvəffəq olmuş Heydər Əliyev kimi qüdrətlilərimizin də irsindən yararlanaq, öyrənək, yeni günlərimizdə də bizə kömək ola biləcək dərslərindən istifadə edək.
Niyə qədimlərdə yazılmış, orta əsrlərdə qələmə alınmış, yaxın əsrlərdə araya-ərsəyə gətirilmiş və idarəçilik, dövlətçilik, siyasət dərslikləri səviyyəsinə qalxmış bu və bu qəbil kitablar əskiləşmir, dəbdən düşmür, faydalılıq və gərəkliliyini hifz edə bilir?! Çünki dünya və insan sürətlə dəyişsə də, insanı insan, cəmiyyəti cəmiyyət edən bir çox təməl şərtlər kimi, dövlət anlayışı da keçmişlərin sınaqlarından aşıb gələn çox qayda və üsullarını vasvası mühafizəkarlıqla qoruyub saxlayır.
Şahmatın oyun qaydaları sabitdir, toxunulmazdır, piyada da, fil də, at da, top da, vəzir də, şah da 100 il öncə necə hərəkət edirdisə, bu gün də o cür tərpənir, sabah da həmin təhər olacaq, amma oyunun içərisində hər gün bir yenilik, daim təzə kəşflər var. Siyasət də, dövlətçilik də, idarəedicilik də belə. Uduzmaq istəməyənlər gərək həmişə geriyə baxmağa, dünəndən və dünəndəkilərdən öyrənməyə hazır ola. Həmin dünənin içərisində Heydər Əliyevin də dönə-dönə üz tutulası, öyrəniləsi, əməl ediləsi köhnəlməz dərsləri qalır.
5 avqust 2023
Rafael HÜSEYNOV, akademik