Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

"Azərbaycan" qəzetində ədəbiyyat məsələləri
05.09.2023 22:04
  • A-
  • A
  • A+

"Azərbaycan" qəzetində ədəbiyyat məsələləri

"Nizami ili"nin baş təbliğatçısı

Ötən yüzilliyin önlərində dahi Mirzə Cəlil Məmmədquluzadə "Azərbaycan" adlı məqaləsində sual verirdi: "Haradır Azərbaycan?" Və özü də öz coğrafi-ritorik sualına cavab olaraq dünyanın tən ortasında yerləşən böyük bir məmləkətin sərhədlərini cızırdı. Və mətbuat tariximizin flaqmanlarından olan, ictimai-siyasi-iqtisadi-mədəni tariximizdə böyük rol oynamış, 1918-1920-ci illərin dövlət müstəqilliyinin qanlı-qadalı yollarında qeyrət kəmərini bir an belə belindən açmamış "Azərbaycan" qəzeti o zaman (elə indi də!) vulkan kimi qaynayan, haqqı nahaqqın ayağına verməyə şirniklənən dünyada məhz bu böyük məmləkətin maraqlarını vicdanla, cəsarətlə, namusla güdürdü.

Bu gün müasir "Azərbaycan" qəzeti də öz sələfinin vətənşümul missiyasını şərəflə yerinə yetirməkdə, davam etdirməkdədir. Mən bu məqaləni bitirhabitirməkdə olduğum günlərdə qəzetin 9335-ci sayı işıq üzü gördü. Hər sayın ən azı 8, bir sıra hallarda isə 16 səhifədən ibarət olduğunu nəzərə alsaq və orta hesabla 10 səhifə götürsək, bu, 100.000 qəzet səhifəsi edər ki, bunu da statistik çap vərəqinə çevirsək və 16-ya vursaq...

Əlbəttə, bu qədər nəhəng ensiklopedik materialın araşdırılmasına illər və elmli igidlər gərəkdir! Yəqin ki, bundan sonra "Azərbaycan" qəzetinin həm bu günə qədər yayılmış, həm də bu gündən sonra - Azərbaycan ölkəsi durduqca - bunun isə əbədi olduğunu Ulu Öndərimiz Heydər Əliyev çox gözəl obrazlı dillə ifadə etmişdir! - nəşr olunacaq saylarındakı ən müxtəlif problemlərin araşdırılmasına sanballı məqalələr, monoqrafiyalar, dissertasiyalar həsr ediləcəkdir.

Bizim isə bu kiçik yazımızda ixtisasımıza uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2021-ci ilin "Nizami ili" elan edilməsi" haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamına operativ və əməli cavab olaraq qəzetin həmin bir il ərzində dünyaşöhrətli dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsini necə təbliğ etməsini izləmək və gücümüz yetdiyi qədər qiymətləndirmək olmuşdur.

Əlbəttə, aydındır ki, bu məqsədin özünü də kiçik bir məqalədə yerinə yetirmək zor bir işdir; nəzərə alsaq ki, əksəriyyəti bir qəzet səhifəsindən ibarət olan həmin materialların sayı 40-a yaxındır və çoxu da Nizami irsinin biliciləri və adlı-sanlı alimlərimiz tərəfindən qələmə alınmışdır.

Təbii ki, "Nizami ili"nin girişi qəzetin 6 yanvar tarixli sayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adını çəkdiyimiz proqram xarakterli sərəncamı ilə açılmalı idi və açılır da. Sərəncamda Nizami Gəncəvi irsinin qlobal mahiyyətinin yüksək qiymətləndirilməsi nizamişünaslığın qarşısında duran problemləri və aktual vəzifələri təkcə bir il üçün deyil, yaxın və uzaq perspektiv üçün də dəqiq müəyyənləşdirir:

"Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur".

Təbii ki, sərəncamın preambulunda Nizami irsinin bu günə qədər öyrənilməsinə və təbliğinə də qısa nəzər salınır və bu sahədə misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin roluna da layiq olduğu qiymət və dəyər verilir.

Bəli, dünyada çox az xalqların bu cür nəhəng bədii-fəlsəfi sərvəti olur və həmin tükənməz, ölməz sərvətin qədrini bilmək, bunu mədəniyyətimizin böyük bir qlobal uğuru kimi dünyaya tanıtmaq, bütün Yer kürəsini hörümçək toru kimi bürümüş informasiya savaşında bundan ən kəsərli bir silah kimi yararlanmaq mümkündür, lazımdır və vacibdir! Möhtərəm Prezidentimizin sərəncamından irəli gələn ən böyük vəzifə məhz budur və bu vəzifənin gerçəkləşdirilməsi yolunda 2021-ci ildə "Azərbaycan" qəzetinin böyük bir çaba və qeyrət göstərdiyini qətiyyən danmaq olmaz!

Əlamətdardır ki, "Azərbaycan" qəzetində "Nizami ili" Prezidentin sərəncamı ilə açıldığı kimi, ilin sonunda - dekabrın 31-də Prezidentin Nizami Gəncəvi ilə bağlı keçirdiyi başqa bir tədbiri ilə də qapanır. "Nizami ili"nin sonunda "Dahi mütəfəkkirin xatirəsinə ehtiram" başlığı altında verilmiş həmin xəbərdə deyilir:

"Mövcud park və xiyabanların yenidən qurulması və yenidən salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən amillərdəndir. "Nizami ili"nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir".

Doğrudan da, "Nizami ili"ndə dahi Azərbaycan şairi və mütəfəkkirinin həyatı və yaradıcılığı ilə bağlı çox işlər görülmüş, istər ölkədə, istərsə də xaricdə yüzlərlə məqalələr, kitablar, monoqrafiyalar yazılmış, beynəlxalq və yerli konfranslar, simpoziumlar və başqa tədbirlər keçirilmişdir; lakin ilin yekunu kimi məhz dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə dahi şairin adını daşıyan möhtəşəm parkın Azərbaycan Respublikasının Prezidenti və birinci xanımın iştirakı ilə açılması şairə göstərilən ən böyük hörmət və məhəbbətin nişanəsi kimi misilsiz önəm daşıyır.

O da əlamətdardır ki, "Nizami ili"nin yekununa doğru "Azərbaycan" qəzetində dərc olunmuş sanballı məqalələrdən biri də məhz son dövrlərdə Nizami Gəncəvinin dünya çapında dahi Azərbaycan şairi və mütəfəkkiri kimi tanıdılmasında böyük xidmətlər göstərmiş akademik Nərgiz xanım Paşayevanın Böyük Britaniyanın Oksford Universitetindəki nizamişünaslıq və nizamisevərlik fəaliyyətinə həsr edilmiş "Tarixə yazılan imza" adlı iri sanballı yazıdır. Qəzetin 14 dekabr sayında işıq üzü görmüş bu məqalənin müəllifi Elçin İskəndərzadə akademik Nərgiz xanım Paşayevanın nizamişünaslığın inkişafı və Nizami Gəncəvinin dahi Azərbaycan şairi kimi dünya miqyasında tanıdılması və təbliği sahəsində gerçəkləşdirdiyi müstəsna xidmətlərini yüksək qiymətləndirərək yazır:

"2013-cü ildən başlayaraq akademik Nərgiz Paşayevanın dünyanın ali məktəbləri sırasında birinci yerdə olan Oksford Universiteti kimi məşhur elm və təhsil ocağında Azərbaycanla əlaqəli gördüyü işləri izləyirəm. "Çəkilən zəhmət barsız olmaz" deyib müdriklər. Nəticədə dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği sahəsində ən möhtəşəm bir layihənin icrası başa çatdı. Biz bu gün Londonda - Böyük Britaniyanın paytaxtında, dünya universitetləri sırasında birinci yerdə olan Oksford Universitetinin nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətə başlaması kimi mühüm tarixi hadisənin şahidləriyik. Tarixilik ondadır ki, bu layihə son və qəti şəkildə Nizaminin Azərbaycan xalqına məxsusluğunu təsdiq etdi. Bu gün dünyanın düşünən beyin mərkəzi olan Avropa bu klassik Şərq şairinin azərbaycanlı olduğunu bilir, onu öyrənir, mənimsəyir və onun simasında ölkəmizi tanıyır. İllər sonra hər hansı avropalının yanında Nizaminin adı çəkilsə, dərhal Azərbaycanı düşünəcək, Azərbaycan deyəndə Nizami Gəncəvi xatırlanacaq".

"Nizami ili" ilə bağlı "Azərbaycan" qəzetinin sərgilədiyi operativliyi ondan görmək olar ki, sərəncam dərc olunan kimi qəzetin növbəti - 7 yanvar sayında axıcı dili, bənzərsiz üslubu, müxtəlif mövzulara həsr edilmiş orijinal yazıları ilə bizim zövqümüzü oxşayıb maarifləndirən, Əməkdar jurnalist İradə xanım Əliyevanın "Əsrlərdən gələn səs" məqaləsi dərc olunur. Məqalədə özünü Nizami irsinin bilicisi kimi göstərən müəllif əsas diqqəti Nizami yaradıcılığının bu gün üçün də aktual olduğunu vurğulamağa yönəldərək yazır:

"44 günlük Vətən müharibəsində xeyir şər üzərində qələbə çaldı. Bu, Qarabağ torpaqlarında hər kəsin rifah içində yaşamasına, xoşbəxt bir həyatın qurulmasına, insan hüquq və azadlıqlarının qorunmasına, ermənilərin illərlə xarabalıqlara çevirdikləri məkanlarımızın yenidən cənnətə çevrilməsinə zəmin yaradan qələbədir. Nizami Gəncəvinin əsərlərinin də əsas qayəsində məhz bəşəriyyət üçün bu ali məqsədlər durur. Böyük mütəfəkkir "Xəmsə"sində də, lirik şeirlərində də məhz mütərəqqi ideyaları, inkişaf niyyətlərini təbliğ edirdi. Dağıdıcılığı yox, quruculuğu, nifrəti, insana əzab verməyi yox, onun rifahına çalışmağı önə çəkirdi. Ədaləti, insanpərvərliyi, sevgini, dostluğu, əməksevərliyi, dürüstlüyü, saflığı və s. bu kimi mənəvi keyfiyyətləri insanlığın zinəti kimi göstərirdi".

Tamamilə doğrudur. Yalnız onu əlavə etmək istərdim ki, Nizaminin yaratdığı ədalətli hökmdar obrazlarının işığında tərbiyə olunaraq, xalqına rəhbərliyə layiq görülmüş şəxsiyyətlər, Dədəm Qorqudun dili ilə desək, "bəy ərənlər" ulu babalarının bu cür proqressiv humanist ideyalarını həyata keçirməyə, xalqa rəhbərliyi xalqa xidmətdə, Vətənə sədaqətdə və məhəbbətdə görməyə qadirdirlər.

Əksinə, nifrət saçan, yaxşılıqdan başqa bir şey görmədiyi qonşusunu fürsət düşəndə min bir əzabla öldürməyə hazır olan, pəncərəyə mıxlanmış körpənin başının dərisini soyaraq onun neçə dəqiqəyə ölməsini izləmək kimi "elmi eksperiment" aparan və bu cür mənfur "igidliyindən" özünü qəhrəman sayan, "ruhu göylərə ucalan" (Zori Balayan, Allah ona lənət eləsin!) goreşən babalarının insanofob ideyalarının üfunətli bataqlığında "nəşvü nüma" tapmış, ifritə analarının murdar əmcəklərindən süd əvəzinə qan-irin əmmiş ikiayaqlı vəhşilər heç vaxt Nizami kimi dahilərin humanist ideyalarını anlamazlar...

Əsas təsir gücü informasiya yükünün sanbalında olan mətbu orqanı kimi "Azərbaycan" qəzeti respublikanın başqa qurumlarında "Nizami ili" ilə bağlı tədbirlərə operativ reaksiya verməsi ilə də seçilmişdir. Qəzetin 23 yanvar sayında Milli Kitabxanada "Nizami Gəncəvi ili"nə həsr edilmiş kitab sərgisindəki sanballı tədbirdən böyük bir reportaj hazırlanmış, eləcə də tədbirin yüksək önəmi xüsusi olaraq vurğulanmışdır. Bu sətirlərin müəllifinin də iştirak etdiyi həmin tədbirdə Nizami Gəncəvinin Avropa ölkələrinin kitabxanalarında saxlanan Nizami əsərlərinin əlyazmalarının surətləri nümayiş etdirilirdi. Əlbəttə, Prezident sərəncamında da qeyd edildiyi kimi, dünya kitabxanalarında və muzeylərində, şəxsi kitab və əlyazma saxlanclarında Nizami Gəncəvinin bir çox əlyazmaları var ki, hələ də indiyə qədər tədqiqatdan kənarda qalmış və Azərbaycan alimləri üçün əlçatmaz olmuşdur. Yalnız dövlət müstəqilliyimizin verdiyi müstəsna imkanlar sayəsində həmin əlyazmaların surətləri əldə edilərək ölkəyə gətirilimiş və araşdırıcıların ixtiyarına verilmişdir.

"Nizami ili" iki il bundan öncə bitsə də, dünya səviyyəli Azərbaycan dahisinə maraq və məhəbbət bitməmişdir və bu gün də davam edir. Kim bilir, bəlkə nizamişünaslarımızın axtarışı nəticəsində Nizami avtoqrafları da üzə çıxacaq və şairin əsərlərinə əlyazmaların üzünü köçürən katib müdaxilələri birdəfəlik aradan qaldırılacaq...

Qəzetin 27 yanvar sayında parlamentin Mədəniyyət komitəsinin iclası barədə verilən informasiyada oxuyuruq:

"Qənirə Paşayeva (Milli Məclisin Mədəniyyət komitəsinin sədri - T.K.) bildirib ki... 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə bağlı mühüm layihələr hazırlanır. Komitə sədri bu layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb".

"Söhbət açıb" və xüsusi olaraq qeyd edək ki, bu söhbətlər yalnız söhbət olaraq qalmayıb və nəzərdə tutulan tədbirlər bütün ilboyu intensiv şəkildə həyata keçirilib. Bu tədbirlərin həyata keçirilmə intensivliyini isə elə "Azərbaycan" qəzetindən izləmək olar. Belə ki, hər ay ən azı iki-üç, bəzi aylarda isə hətta beş-altı materialın qəzetdə getməsi bu fikrə gəlməyimizə imkan verir. 

"Azərbaycan" qəzetinin 4 fevral sayında dahi şairin vətəni qədim Gəncə şəhərində "Nizami Gəncəvi ili" ilə bağlı videokonfransın keçirildiyi haqqında müfəssəl informasiya verilmişdir. Aydındır ki, 2021-ci il təkcə "Nizami Gəncəvi ili" deyildi, həm də bütün dünyada qorxulu, bir çoxlarının isə hətta qiyamət gününün əlaməti olan virusun yayıldığı və buna görə də bir çox tədbirlərin onlayn keçirildiyi illərdən biri idi. Bəlkə bunun da təsiri olmuşdur ki, Gəncədəki Nizami tədbirində əsas diqqət dahi şairin müxtəlif elm sahələrini əhatə edən elmi görüşləri arasından ekoloji görüşlərin seçilməsinə ayrılmışdı.

Bu cür onlayn keçirilən tədbirlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən keçirilən "Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq" mövzusunda beynəlxalq konfrans olmuşdur. Qəzetin 11 fevral sayında bu möhtəşəm konfrans haqqında da geniş məlumat verilmişdir. Qeyd edək ki, təkcə ədəbiyyatşünaslıq elmində deyil, bütövlükdə humanitar və ictimai elmlər sahəsində ensiklopedik bilikləri ilə seçilən və bu sahələrdə sanballı tədqiqatlara imza atan akademik İsa Həbibbəylinin konfransdakı giriş sözü güclü reaksiya doğurmuş və bir növ konfransın gedişinə istiqamət vermişdir:

"Akademik (akademik İsa Həbibbəyli - T.K.) hər iki şairin (Nizami Gəncəvi və Əlişir Nəvainin - T.K.) yaradıcılığı haqqında danışaraq bildirib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi dünyada ilk "Xəmsə" yaratmış qüdrətli sənətkardır və "Xəmsə"nin Şərq dünyasında böyük təsiri olub. Nizami ortaq mədəniyyətimizin zirvələrində dayanır, onun ardıcıllarından biri də Əlişir Nəvaidir. "Xəmsə" yaradıcılığında hər iki birincilik Azərbaycana və Özbəkistana məxsusdur. Əlişir Nəvai "Xəmsə" yaratmaqla bütün türk dünyasına böyük xidmət göstərmiş, türk dilinin "Xəmsə" yaratmaq qüdrətinə malik olduğunu sübut etmişdir".

Onu da qeyd edək ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi məsul bir vəzifəni böyük uğurla gerçəkləşdirən və elmimizin parlaq gələcəyi naminə yorulmadan çalışan, akademiyada taleyüklü islahatlar aparan akademik İsa Həbibbəyli həm də "Nizami ili"ndə bu münasibətlə qələmə alınan əsərlərə rəhbərlik etməklə kifayətlənməmiş, eyni zamanda gecəsini gündüzünə qataraq dahi şairin həyat və yaradıcılığı haqqında sanballı bir monoqrafiya da qələmə alaraq Azərbaycan, türk, rus, ingilis, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində nəşr etdirmişdir.

Bu qiymətli əsər haqqında bu məqalənin müəllifinin yazdığı "Nizami dühasının mükəmməl elmi təqdimatı" resenziyası "Azərbaycan" qəzetinin 12 noyabr sayında dərc olunmuşdur.

Bu böyük zəhmətinə qane olmayan akademik İsa Həbibbəyli "Nizami Gəncəvi ili"ndə "Azərbaycan" qəzetində iki sanballı məqalə ilə çıxış etməyi özünə borc bilmiş və bununla da nizamişünasların boynuna böyük bir minnət qoymuşdur.

Akademik İsa Həbibbəylinin "Azərbaycan" qəzetində "Nizami ili"nə həsr etdiyi birinci sanballı məqalə "Azərbaycan ədəbiyyatının dünya gözəli" adlanır və qəzetin 29 aprel sayında işıq üzü görmüşdür. Bütövlükdə dahi şairin dördüncü poeması "Yeddi gözəl"in orijinal təhlilinə həsr olunmuş məqalə Nizami yaradıcılığına verilən belə bir ümumiləşdirici proloqla başlanır:

"Qədim tarixə və çoxəsrlik inkişaf yoluna malik olan Azərbaycan ədəbiyyatında Nizami Gəncəvidən uca zirvə yoxdur. Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına dünya ədəbi və ictimai fikirini fəth etmək rekordu qazandırmışdır. Şərq ədəbiyyatında və Qərb ədəbi fikrində Nizami Gəncəvi ilə müqayisə edilə biləcək sənətkarlar çox deyildir.

Fikrimizcə, Qərbdə Nizami Gəncəvinin adını Homer və Şekspirlə, Rusiyada Lev Tolstoyla yanaşı çəkmək olar. Şərq ədəbiyyatında isə Nizami Gəncəvi əlçatmaz zirvə olaraq qalmaqdadır".

Daha sonra Nizami "Xəmsə"si ilə "Kitabi-Dədə Qorqud" eposunu qarşılaşdıran tədqiqatçı onları Azərbaycan ədəbiyyatının qoşa zirvəsi adlandırır, hər iki abidənin xalqımızın mədəniyyət tarixi üçün misilsiz əhəmiyyət daşıdığı fikrini irəli sürür. Məqalədə "Yeddi gözəl" poemasının indiyə qədər heç bir nizamişünasın fərqinə varmadığı özəlliklərini və bədii məziyyətlərini üzə çıxaran akademik İsa Həbibbəyli öz orijinal tədqiqat üslubuna sadiq qalaraq məqalənin sonunda poemanı orijinal tezislərlə xarakterizə etməyi də unutmur. Özünə üz tutaq:

""Yeddi gözəl" Nizami Gəncəvinin real və ideal gözəllik anlayışının bənzərsiz poetik təcəssümüdür.

"Yeddi gözəl" Azərbaycan ədəbiyyatının yeddi rəngli göy qurşağı, qövsi-quzehidir.
"Yeddi gözəl" yerin yeddi qatı qədər dərin, göyün yeddi qurşağı kimi cazibədar əsərdir.
"Yeddi gözəl" dünya ədəbiyyatının yeddi möcüzəsindən biridir".

Akademik İsa Həbibbəylinin "Nizami ili"nə həsr etdiyi növbəti sanballı məqaləsi qəzetin 6 may sayında dərc edilib və "Heydər Əliyevdən İlham Əliyevə... Nizami ədəbi irsi" adlanır. Adından da göründüyü kimi, tədqiqat məqaləsində iki dahi dövlət başçısının, siyasətçi və diplomatın, eyni zamanda mütəfəkkir şəxsiyyətin başqa bir dahi mütəfəkkir-şairə verdiyi qiymətin, onun irsinin təbliği üçün göstərdikləri qeyrətin, bununla da xalqa və vətənə xidmətin elmi təhlili akademik İsa Həbibbəylinin təkraredilməz qələmi ilə öz parlaq əksini tapmışdır.

Məqalədə, həmçinin Nizami dühasının beynəlxalq səviyyədə nüfuz və hörmətinin göstəricisi olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də fəaliyyətinin qiymətləndirilməsi öz lakonik təqdimini tapmışdır:

"Mühüm ictimai-siyasi və elmi-mədəni tədbirlərin həyata keçməsinə meydan açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə dünyanın tanınmış dövlət xadimləri və elm adamları ilə birlikdə böyük sənətkarın adını, irsini tanıtmaq və ideallarını qlobal miqyasda təbliğ etmək üçün təsis edilmiş ideal platformadır. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin alimləri ilə yanaşı, tanınmış dünya şərqşünaslarının da araşdırma və təbliğat prosesinə cəlb edilməsinə şərait yaradır".

Məlumdur ki, Nizami Gəncəvi Gəncə zadəganlarının ailəsindən çıxdığına görə mükəmməl təhsil almış, dövründə məlum olan bütün elm sahələrinə vaqif olmuşdur. Elə bu səbəbdən bu gün Nizamini təkcə ədəbiyyatşünaslar, dilçilər, filosoflar, tarixçilər və humanitar elmin başqa sahələrinin mütəxəssisləri deyil, həm də dəqiq elmlərin nümayəndələri həvəslə araşdırır və bu dahinin əsərlərində heyrətamiz elmi faktlarla qarşılaşırlar. Bu cür tədqiqatlar sırasında Əhmədağa Əhmədovun "Nizami - elmşünas" kitabı xüsusilə seçilir.

"Azərbaycan" qəzetinin 14 mart sayında çap olunmuş "Nizami poeziyasında Yer haqqında elmlər" adlı sanballı məqalə isə respublikamızda bu elmin flaqmanı olan akademik Akif Əlizadənin qələmindən çıxmışdır. Bütöv bir qəzet səhifəsini tutan bu araşdırma əsərində müəllif bir çox elmi qənaətləri Nizami poemaları ilə müqayisədə irəli sürdükdən sonra bu nəticəyə gəlir:

"Beləliklə, məlum olur ki, Nizami təkcə şair yox, həm də alim, kamil tədqiqatçı, genişmiqyaslı tarixçi, bir neçə xarici dilə bələd olan dilçi, nəsihətləri, tövsiyələri səkkiz əsr müddətində köhnəlməyən və bugünkü nəsil üçün daha vacib olan bir əxlaq alimidir. Cəsarətlə demək olar ki, onun əsərləri hələ tam tədqiq edilməmiş və layiqincə qiymətləndirilməmişdir".

"Nizami ili"ndə "Azərbaycan" qəzetində çap olunmuş, öz nəzəri silqəti ilə seçilən məqalələrdən biri də 26 sentyabr sayında işıq üzü görmüşdür. Bu, professor Şirindil Alışanlının "Nizami poeziyası Mir Cəlalın nəzəri şərhində" adlı sanballı elmi-nəzəri məqaləsidir. Müəllif problemə belə bir elmi-nəzəri rakursdan yanaşır: "Klassik ədəbi irs öz əbədiyaşarılığını təyin edən, bəşəri mənəvi sərvətə çevrilən ədəbi-estetik meyarları baxımından tarixin ictimai-siyasi mahiyyəti ilə fərqlənən bir mərhələsində nəzəri fikrin "sınağına" çəkilir. Ədəbi-nəzəri fikir də bu məqamda klassikanın müstəvisində imtahan verməli olur. Bu gedişatda klassika nəzəri fikrin yanlış "təhlil və dəyərləndirmə arsenalına" xitam verir, ədəbiyyatşünaslığın obyektiv elmi prinsiplərə əsaslanan təcrübəsi zəminində yeni ideya-bədii qatları ilə dövriyyəyə gəlir".

Bu nəzəri postulatdan çıxış edən professor Şirindil Alışanlı klassik irsin ən böyük bilicilərindən və doğru-düzgün şərhçilərindən biri olan professor Mir Cəlal Paşayevin Nizami Gəncəvi yaradıcılığına orijinal yanaşma və təhlil tərzini alimin Füzuli haqqında tədqiqatları ilə müqayisədə təhlil müstəvisinə çıxarır.

Azərbaycan Respublikasının qlobal miqyasda nüfuzunun artması, dünya dövlətləri arasında mövqeyinin möhkəmlənməsi ona gətirib çıxarır ki, republikada keçirilən bir sıra görkəmli tədbirlərə xaricdən də hay verənlər, mədəniyyətimizi təbliğ edənlər artır. "Nizami ili"nin də əks-sədası təkcə Azərbaycandan deyil, xaricdən də eşidilməkdədir. Bu mənada UNESCO-nun mənzil qərargahında Nizami Gəncəvinin 880 illiyinin qeyd edilməsi - Azərbaycan mədəniyyəti və ədəbiyyatının, qlobal humanist milli-mənəvi dəyərlərimizin bütün dünyada tanıdılması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir. "Azərbaycan" qəzetinin 6 oktyabr sayında bu mühüm hadisənin mahiyyəti lakonik şəkildə təqdim edilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Çin Xalq Respublikasının paytaxtı Pekində "Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi" adlı tədbirin keçirilməsi dünyanın bu nəhəng regionunda Nizami Gəncəvinin qlobal önəminin tanıdılması üçün böyük əhəmiyyət daşıyır. "Azərbaycan" qəzetinin 26 may sayında bu barədə geniş məlumat alırıq. Təkcə tədbir təşkilatçılarının və iştirakçılarının sadalanmasına baxsaq, onun nə qədər nüfuzlu olduğunu təsəvvür edə bilərik. 

Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 29-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Budapeşt nümayəndəliyinin ofisində "2021-ci il - Nizami Gəncəvi ili"nə həsr olunmuş tədbirdə iştirak edib. Bu məlumat "Azərbaycan" qəzetinin 30 iyun sayında dərc edilib. Tədbirdə Nizami Gəncəvinin Macarıstanda dərc olunan və dahi Azərbaycan şairinə həsr olunan kitabın təqdimatının keçirildiyini və Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş proqramın nümayiş edildiyini də öyrənirik.

"Nizami ili"ndə respublikada keçirilən bir sıra ənənəvi tədbirlər də həmin il Nizami Gəncəvinin 880 illiyinə həsr edilmişdir. Məsələn, magistr və doktorantların III Beynəlxalq Konfransını buna örnək göstərə bilərik. Həmin konfrans haqqında informasiya qəzetin 8 iyun sayında öz əksini tapmışdır.

"Nizami ili"ndə dahi şairin ölməz irsinin təbliği üsullarından biri də uyğun sərgilərin təşkil edilməsi olmuşdur. Yuxarıda Milli Kitabxanada təşkil edilmiş əlyazma sərgisindən söhbət açmışdıq. Belə bir sanballı sərgi də Heydər Əliyev Mərkəzində açılmış "Nizaminin süjet və obrazları" adlı sərgi olmuşdur. İyulun 22-də açılmış bu sərgi haqqında məlumat qəzetin 24 iyul sayında verilmişdir.

Sərginin maraq doğuran cəhəti budur ki, onun əsas təşkilatçılarından biri Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi olmuş, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda təşkil edilmişdir. Sərgi həmin ilin mart ayında Moskva şəhərində nümayiş olunmuş və sonra Bakıya gətirilmişdir. Sərgidəki bütün eksponatlar Rusiya Federasiyasının müxtəlif muzey və saxlanclarından götürülmüşdür.

"Nizami ili"nin maraqlı tədbirləri sırasında Ümumrespublika "Xəmsə" Festivalını da yaddan çıxarmaq olmaz. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən festivalın Gəncədə baş tutan final mərhələsi haqqında məlumat "Azərbaycan" qəzetinin 5 oktyabr sayında öz dolğun əksini tapmışdır. Festivalın əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərimizə, klassik irsimizə maraq və məhəbbətin daha da gücləndirilməsi olmuşdur.

Bunun ardınca dahi şairin vətəni Gəncə şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin və İstanbul Universitetinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilmişdir ki, bu haqda məlumatı da yenə "Azərbaycan" qəzetinin 16 noyabr sayından alırıq.

"Nizami ili"nin ən möhtəşəm tədbirlərindən biri də Bakıda noyabrın 24-də öz işinə başlamış Nizami Gəncəvi Beynəlxalq Forumu olmuşdur. "Forum dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirib" ("Azərbaycan" qəzeti, 25 noyabr).

Əlbəttə, indinin özündə də bir sıra ölkələrdə dahi Azərbaycan şairinin İran şairi kimi qəbul edildiyi bir zamanda bu cür beynəlxalq forumların müntəzəm olaraq keçirilməsinin necə böyük önəm daşıdığını söyləmək artıqdır.

Bütün respublikanı, hətta bir sıra xarici ölkələri əhatə edən Nizami tədbirləri "Nizami ili"nin ta sonuna qədər davam etmiş, müxtəlifyönlü tədbirlərdə şairin yaradıcılığının qlobal əhəmiyyəti və aktuallığı xüsusi vurğulanmış, insan xislətinə xas olan naqisliklərin, vəhşi instinktlərin islahında onun humanist fikir və ideyalarının bu gün də faydalı olacağı qənaəti irəli sürülmüşdür. Dekabrın 7-də baş tutmuş Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumrespublika konfransında bu problemlər bir daha diqqət önünə çəkilmişdir ("Azərbaycan" qəzeti, 8 dekabr).

Müəlliflər arasında gənc tədqiqatçılara geniş yer verilməsi "Azərbaycan" qəzetinin rəhbərliyinin gənclərə qayğı və inamının təzahürü kimi qiymətləndirilə bilər. Özəlliklə dosent Təhminə xanım Bədəlovanın beş (!) sanballı məqaləsini, dosent Aygün xanım Bağırlının maraqlı yazılarını, filologiya üzrə elmlər doktoru Elnarə xanım Akimovanın məqaləsini qeyd etmək istərdim. 

Tanınmış tədqiqatçı, professor Əlizadə Əsgərlinin böyük şairimiz Xəlil Rzanın Nizami yaradıcılığından etdiyi tərcümələr barədəki məqaləsi də diqqətəlayiqdir. Eləcə də tarixçi alim Əzizağa Ələkbərovun Nizami yaradıcılığına fərqli yanaşması maraq doğurur.

İnformativ və elmi-publisistik materiallarla yanaşı, Nizami Gəncəvi irsindən verilən örnəkləri, şairin müdrik kəlamlarından seçmələri də illüstrativ material kimi qiymətləndirmək olar.

"Nizami ili" tarixə qovuşdu, 365 gün bitdi. Ancaq Nizamiyə maraq, Nizamiyə məhəbbət, Nizamidən öyrənmək, Nizami ilə fəxr etmək, qürur duymaq, Nizami dühasını yetirən qədim və mədəni xalqımıza ehtiram bəsləmək bitmədi. 

Teymur KƏRİMLİ, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik

“Azərbaycan” qəzeti

  • Paylaş: