Oktyabrın 23-də AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 133-cü ildönümü münasibətilə “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda respublika elmi konfransı keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA–nın vitse-prezidenti, akademik İsa Həbibbəyli böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, bütün zamanlar üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən, eləcə də ona göstərilən dövlət qayğısından söhbət açdı. Bildirildi ki, dərin fəlsəfi məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyan H.Cavidin lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.
İ.Həbibbəyli qeyd etdi ki, Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur. Azərbaycanda mütərəqqi romantizm onun adı ilə bağlıdır. Milli bədii düşüncə tarixini mövzu baxımından və bir–birindən parlaq xarakterlərlə zənginləşdirən Hüseyn Cavid keçmiş SSRİ dövründə “sosializm realizmi” yaradıcılıq metodu ilə yazmadığı və bu quruluşu vəsf etmədiyi üçün Sibirin qarlı-şaxtalı çöllərində faciəli şəkildə həlak olmuşdur.
Vurğulandı ki, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə 1937-ci il repressiyasının qurbanı olan, ağır sürgün həyatı yaşayan Hüseyn Cavidin nəşi uzaq Sibirdən Azərbaycana gətirilmiş, doğulduğu Naxçıvan torpağında dəfn olunmuş, məzarı üzərində möhtəşəm məqbərə ucaldılmışdır.
Sonra çıxış edən Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Azərbaycan ədəbiyyatının parlaq simalarından olan ədibin ömür yoluna nəzər saldı. Bildirdi ki, Cavidin irsi bütün dövrlərdə yaşayacaq, insanların ruhunu təmizləyəcək və onlara saflıq, ülvilik aşılayacaqdır.
Tədbirdə “Gənc nəslin mənəvi inkişafında Hüseyn Cavid yaradıcılığının yeri və rolu”, “Hüseyn Cavidin dini, fəlsəfi-əxlaqi, pedaqoji görüşləri yeni nəslin düşüncə konsepsiyası kimi”, “Hüseyn Cavidin ədəbi-bədii irsinin didaktik əhəmiyyəti”, “Hüseyn Cavid ideyaları milli tərbiyəvi idealın reallaşdırılması müstəvisində” və digər mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir