Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2013 00:00
  • A-
  • A
  • A+

Bitki genetik ehtiyatları üzrə informasiya sisteminin yaradılması milli genbankın yüksək səviyyədə idarə olunmasında başlıca amildir

Bitki genetik ehtiyatları üzrə informasiya sisteminin yaradılması milli genbankın yüksək səviyyədə idarə olunmasında başlıca amildir

Azərbaycanda bitki genetik ehtiyatları (BGE) üzrə informasiya sistemi yaradılıb. Bu haqda AMEA Rəyasət Heyətinin iclasında AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoruZeynal Əkpərov bildirib. Z.Əkpərov Azərbaycanda BGE üzrə informasiya məkanının formalaşdırılması əsaslarının akademik Cəlal Əliyevin elmi rəhbərliyi ilə işlənib hazırlandığını söyləyib. İnstitut direktoru qeyd edib ki, yerli bitki müxtəlifliyinin təbliği, brend bitkilər üzərində ölkə hüquqlarının təsbiti informasiya sistemi olmadan mümkün deyil.

BGE üzrə informasiya sistemi bitki müxtəlifliyinin idarə olunması, məqsədyönlü toplanması, etibarlı mühafizəsi, hərtərəfli tədqiqi və səmərəli istifadəsinin təmin olunmasında əvəzsiz vasitədir.

Tədbirdə institutun şöbə müdiri Afiq Məmmədov “Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi” mövzusunda elmi məruzə ilə çıxış edib. “İnformasiya-kommunikasiya texnologiyaları bütün fəaliyyət sahələrinə nüfuz edir, artıq heç bir elm sahəsi, o cümlədən biologiya və aqrar elmləri qabaqcıl texnologiyaların tətbiqi olmadan inkişaf edə bilməz” – söyləyən A.Məmmədov qeyd edib ki, ərzaq təhlükəsizliyi və təbiəti mühafizənin əsasını təşkil edən BGE-nin müasir səviyyədə idarə və tədqiq olunması üçün informasiya sisteminın yaradılması mühüm amildir. “Təsadüfi deyil ki, 2011-ci ildə qəbul edilmiş “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunda məlumat bazalarının yaradılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur”.

Məruzəçi sistemin milli şəbəkədən, milli informasiya mübadiləsi mexanizmindən (MİMM), Mərkəzi Məlumat Bazasından (MMB) və digər proqram təminatı vasitələrindən ibarət olduğunu söyləyib: “MİMM ölkə institutları və ekspertlərinin şəbəkəsi olmaqla, həmçinin BGE üzrə biliklər bazasıdır. Onun əsas funksiyalarından biri BGE-nin idarəetmə sisteminin informasiya təminatını həyata keçirməkdir”.

Qeyd edək ki, informasiya sistemi çərçivəsində mədəni bitkilərin və onların yabanı əcdadlarının milli genetik fonduna daxil olan 118 fəsil, 432 cins və 847 növə aid 11000-ə qədər qiymətli bitki nümunəsi haqqında informasiya (pasport, morfoloji, botaniki, ekoloji və s. məlumat) MMB-də toplanaraq hərtərəfli təhlil edilmiş, toplanma və bərpa fəaliyyətləri üçün tövsiyələr hazırlanmışdır.

Milli kolleksiyaları daha yaxşı formalaşdırmaq, kolleksiya siyasətinə informasiya dəstəyi göstərmək, həmçinin bu sahədə metodoloji bazanı inkişaf etdirmək məqsədilə BGE-nin biocoğrafi tədqiqi aparılmış, mühafizəsi vacib olan müxtəliflik müəyyənləşdirilmişdir.

A.Məmmədov bildirib ki, BGE üzrə informasiya sisteminin yaradılması və təcrübədə tətbiqi istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında ABŞ, İtaliya, Türkiyə, Rusiya, Çexiya, Suriya, Özbəkistan və s. ölkələrdə keçirilən müxtəlif səviyyəli toplantılarda, beynəlxalq, regional və respublika miqyaslı elmi konfranslarda məruzələr edilmişdir. Tədqiqatların nəticələri müəlliflərin “Bioloji müxtəliflik” adlı monoqrafiyasında, 30-dan çox elmi əsərdə öz əksini tapmışdır. Məruzəçi BGE üzrə informasiya sisteminin inkişafı və səmərəli istifadəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edib.

Sonra məruzə ilə bağlı müxtəlif suallar səsləndirilib, fikir və rəylər bildirilib. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Əsəd Musayev, AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Cavid Abdullayev və başqaları çıxış edərək Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sisteminin inkişaf etdirilməsi üzrə aparılan elmi tədqiqatların daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.

AMEA Rəyasət Heyəti informasiya sisteminin digər müvafiq sistemlərlə inteqrasiyası əsasında ölkədə biomüxtəlifliyin etibarlı mühafizəsi və səmərəli istifadəsi məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AMEA Biologiya Elmləri Bölməsi ilə tam informasiya sisteminin və informasiya texnologiyalarının tətbiqi ilə mədəni bitkilərin və onların yabanı əcdadlarının biocoğrafi tədqiqi əsasında onların xəritələşdirilməsi - paylanma xüsusiyyətlərini əks etdirən üçölçülü interaktiv xəritələrin yaradılması istiqamətində birgə tədqiqatların aparılmasına dair qərar qəbul edib. Həmçinin respublikada bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının zəruriliyi qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: