Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.09.2023 11:25
  • A-
  • A
  • A+

“Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib

“Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Türk Dövlətləri Təşkilatının yaradılmasının türk dövlətlərinin birliyinin təmin olunması baxımından böyük siyasi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsini ölkəmizin prioritet istiqaməti kimi müəyyənləşdirdiyini bildirən AMEA prezidenti bugünkü beynəlxalq konfransın türk dövlətləri ilə elmi istiqamətdə əlaqələrin qurulması baxımından önəmini xüsusi olaraq qeyd edib.

Akademik İsa Həbibbəyli AMEA-nın türk dünyasının nüfuzlu elmi qurumları ilə əlaqələrindən də bəhs edərək Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın müvafiq elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini diqqətə çatdırıb. 

Bu gün Azərbaycanın özünün intibah dövrünü yaşadığını qeyd edən AMEA prezidenti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllərin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial-mədəni sahədə, elmi istiqamətdə Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirdiyini vurğulayıb.

AMEA rəhbəri Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan konfransın Türk birliyinin sənətşünaslıq baxımından elmi ifadəsi məsələlərinə həsr olunduğunu bildirib. O, tədbirin türk dünyası ilə elmi-mədəni əlaqələrimizin genişləndirməsinə imkan verəcəyini, yeni əməkdaşlıq nümunələrinin, ortaq layihələrin meydana çıxmasına şərait yaradacağını qeyd edib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Türkoloji sənətşünaslığın problemləri və metodları” mövzusunda məruzə ilə çıxış edib. O, institutda türkoloji sənətşünaslığa dair aparılan tədqiqatların nəticələrini təqdim edib, Azərbaycan incəsənətinin dövrləşdirilməsi konsepsiyasına dair elmi mülahizələrini nəzərə çatdırıb.

Tədbirdə, həmçinin professor Rəna Abdullayevanın “Türk kinosunda davranışın mədəni stereotipləri”, rusiyalı professor Mars Axmadullinin “Volqaboyu və Uralın türk xalqlarının çap kitabı sənəti”, professor Sevil Fərhadovanın “Tamlığın reallığı türk dünyasının mədəni strateji vektoru kimi”, s.ü.f.d., dos. Nərminə Ağayevanın “Azərbaycan və Türkiyə teatr əlaqələri”, s.ü.f.d., dos. Xəzər Zeynalovun “Azərbaycan təsviri sənətində Türkiyə mövzusu”, s.ü.f.d. Ramil Quliyevin “Türk dünyasının ortaq dili: xalça naxışları” və m.ü.f.d., dos. Sevinc Tangudurun “Cümhuriyyət dövrü İstanbul memarlığı” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: