Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2015 16:20
  • A-
  • A
  • A+

“Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarə edilmənin elmi-metodik əsasları” mövzusunda araşdırmalar aparılıb

“Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarə edilmənin elmi-metodik əsasları” mövzusunda araşdırmalar aparılıb

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov AMEA Rəyasət Heyətinin iclasında elmi məruzə ilə çıxış edib. O, “Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarəedilmənin elmi-metodik əsasları” mövzusunda apardığı araşdırmaları təqdim edərək son illər ölkənin su ehtiyatlarının yaranma qanunauyğunluqlarının müəyyən edilməsi, ehtiyatların qiymətləndirilməsi və dayanıqlı idarə edilməsi, su təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar görülən işlərdən danışıb.

Məruzəçinin sözlərinə görə, Azərbaycan ərazisində su ehtiyatları ilə əlaqədar əsas problem istifadəyə yararlı suların məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmasıdır. Son illərin tədqiqatları bir sıra hallarda, ehtiyatların qiymətləndirilməsində istifadə edilən parametrlərin və su hövzələrinin ehtiyatlarının fərqli göstəricilərlə səciyyələndiyini, qiymətləndirmə metod və yanaşmalarında uyğunsuzluqların olduğunu göstərir. Alim və mütəxəssislər tərəfindən bu uyğunsuzluqlara aydınlıq gətirilir, ehtiyatların daha etibarlı qiymətləndirilməsi istiqamətində kompleks tədqiqatlar aparılır, təbii su sistemlərinin konseptual modelləri işlənilir.

A.Ələkbərov bildirib ki, XX əsrin 90-cı illərindən başlayaraq su ilə əlaqədar beynəlxalq təşkilatların konvensiyalarının, direktiv sənədlərin əsasını su ehtiyatlarından ətraf mühitə ziyan vurmadan ədalətli istifadənin təmin edilməsi prinsipi təşkil edir. Beynəlxalq təşkilatlar və elm mərkəzləri, dünyanın əksər ölkələri bu prinsipin həyata keçirilməsinin su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi (SEİİ) nəticəsində mümkün olacağı qənaətindədirlər. Ərazisinin böyük hissəsi transsərhəd Kür və Araz çaylarının hövzəsində yerləşən Azərbaycan üçün su ehtiyatlarının qorunması, problemlərin həll edilməsi, SEİİ-yə nail olunması mühüm əhəmiyyət kəsb edir.

Alim bu məqsədlə ölkənin bütün ərazisi üzrə yerüstü və yeraltı su obyektlərinin, transsərhəd suların kadastrı tərtib edilməsi, qiymətləndirilmiş ehtiyatlar haqqında mövcud məlumatlar, qiymətləndirmə metodlarının təhlil edilərək sistemləşdirilməsinin vacibliyini önə çəkib. Qeyd edib ki, istifadə sahələri üzrə tətbiq edilən sudan istifadə normaları araşdırılmalı və təhlil edilməli, normaların yetərliliyi və istifadə limitləri elmi-praktiki araşdırılmalarla dəyərləndirilməlidir. Sudan istifadənin strukturu təhlil edilərək proqnoz hədəfləri müəyyənləşdirilməlidir.

Məruzəçi SEİİ ilə əlaqədar yeni qanun və qaydaların hazırlanması, milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə implementasiyası istiqamətində təhlillərin aparılması və təkliflər hazırlanmasının da vacib məsələlərdən olduğunu vurğulayıb.

Qeyd edilənləri nəzərə alaraq, AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. AMEA Geologiya və Geofizika və Coğrafiya institutlarına aidiyyəti təşkilatlarla birlikdə su hövzələrinin konseptual modellərinin işlənilməsi, ehtiyatların qidalanma mənbələrinin qiymətləndirməsi ilə əlaqədar elmi-tədqiqatların proqramlarının hazırlanması və icra edilməsi tapşırılıb. Həmçinin Azərbaycan Dövlət Tibb Universitetinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müxtəlif tərkibli suların insan orqanizminə təsirinin müəyyənləşdirilməsi istiqamətində elmi-praktik tədqiqatların intensivləşdirilməsi tövsiyyə edilib.

İclasda, həmçinin Dilçilik İnstitutunun strukturunda dəyişiklik edilməsi, Riyaziyyat və Mexanika İnstitutunda Beynəlxalq əlaqələr və Optimal idarəetmə şöbələrinin yaradılması qərara alınıb.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: