Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.10.2023 16:34
  • A-
  • A
  • A+

Latviya Universitetinin professoru İnna Şteinbuka İqtisadiyyat İnstitutunun Fəxri doktoru adı verilib

Latviya Universitetinin professoru İnna Şteinbuka İqtisadiyyat İnstitutunun Fəxri doktoru adı verilib

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Latviya Universitetinin professoru İnna Şteinbuka ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov qonağı salamlayaraq bildirib ki, professor İnna Şteinbuka Latviya Elmlər Akademiyasının həqiqi üzvü, Latviya Fiskal İntizam Şurasının sədri, Latviya Universitetinin professoru, Latviya Universitetinin İdarə Heyətinin sədr müavini, Latviya Universitetinin Məhsuldarlığın Tədqiqi İnstitutunun direktoru və Asiya-Avropa Fondunda (Sinqapur) Latviya tərəfindən sədridir.

İ.Şteinbukanın fəaliyyət sferası zəngin, məhsuldar və çoxşaxəlidir. O, 2011-ci ilin sentyabr ayından etibarən Avropa Komissiyasının Riqa üzrə nümayəndəliyinə rəhbərlik edib. 2008-2011-ci illərdə Avropa Komissiyasında Sosial və İnformasiya Cəmiyyəti Statistikası bölməsinin, 2005-2008-ci illərdə İqtisadi və Regional Statistika qurumunun direktoru olub.

İ.Şteinbuka 2001-ci ildən 2005-ci ilədək elektrik enerjisi, qaz və telekommunikasiya bazarlarının, eləcə də dəmir yolu və poçt xidmətlərinin tənzimlənməsinə cavabdeh olan Latviya Kommunal Xidmətlər Komissiyasına sədrlik edib. 1999-2001-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunda icraçı direktorun baş məsləhətçisi işləyib. 1991-ci ildən 1999-cu ilədək Latviya Maliyyə Nazirliyinin İqtisadi təhlillər və fiskal siyasət departamentinin direktoru və Maliyyə nazirinin müşaviri kimi fəaliyyət göstərib. Latış, rus, ingilis, alman, fransız dillərini bilir. İ.Şteinbuka faydalı və məhsuldar fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. Belə ki, iqtisadi və maliyyə sektorunda müstəsna nailiyyətlərə görə 2008-ci ildə Latviyanın ən yüksək dövlət mükafatı olan Üç Ulduz Ordeni (3-cü dərəcəli) və ölkəsinin NATO-ya üzvlük danışıqlarında fəal iştirakına görə Latviya Respublikasının Müdafiə Nazirliyinin medalı ilə təltif olunub.

Sonra profesor İ.Şteinbuka Latviyada mütəqillik illərində iqtisadiyyatın inkişafı və elmin vəziyyəti barədə danışıb. Ölkəsinin NATO-nun, Avropa Birliyinin üzvü kimi avrozonaya daxil olduqdan sonra baş verən başlıca sosial-iqtisadi proseslər, dövlət büdcəsi, dövlətin maliyyə siyasəti, investisiyalar, xarici borclar problemi, əmək bazarındakı dəyişikliklər, yüksək infilyasiya barədə geniş məlumat verib. Rusiya-Ukrayna müharibəsinin Latviya iqtisadiyyatına mənfi təsirlərini qeyd edib. Professor Latviyada elmin maliyyələşdirilməsi təcrübəsi barədə bildirib ki, elmə dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılmaqla yanaşı, elmi-tədqiqat institutları yerli və xarici qrantlardan istifadə edirlər, müsabiqələrdə iştirak edirlər, habelə dövlət qurumlarının ödənişli sifarişlərini yerinə yetirirlər.   

Tədbirdə professor Nazim imanov bildirib ki, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə professor İnna Şteinbuka İqtisadiyyat İnstitutunun Fəxri doktoru adı verilib. Baş direktor İ.Şteinbuka müvafiq diplomu təqdim edib. Habelə xanım professora Azərbaycan kəlağayısı hədiyyə olunub.  

Qeyd edək ki, Azərbaycanda ADA Universiteti ilə əməkdaşlıq edən xanım İ.Şteinbuka xarici tədqiqatçı alim kimi İqtisadiyyat İnstitutunun Fəxri doktoru adını alan üçüncü alimdir. Onunla yanaşı, Çin Sosial Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun professoru Pei Çanhunqa və Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, iqtisad elmləri doktoru, professor Vladimer Papava da İqtisadiyyat İnstitutunun Fəxri doktorlarıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: