Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forum çərçivəsində Gənc Alim və Mütəxəssislər Şurası qarşıya qoyduğu ilk məqsədi reallaşdırdı. Belə ki, Akademiyada, ümumiyyətlə elm aləmində ilk dəfə təşkil olunan “Akademik startaplar: nəyi nailiyyət hesab edək?", "Elmi tədqiqatlarda müxtəlif fondların rolu" və "İnnovativ ideyalar və perspektivlər" kimi aktual mövzuların müzakirəsinə həsr olunan bu tədbirin əsas məqsədi respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələrini, müvafiq nazirlikləri, elmin inkişafina dəstək verən fondları, sahibkarlıq subyektlərini və media nümayəndələrini bir araya gətirmək idi.
İnteraktiv müzakirələrdə olduqca aktual mövzular seçilmiş, həmin mövzulara uyğun yüksək səviyyəli ekspertlər dəvət olunmuşdu.
AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin moderatorluğu ilə baş tutan "Akademik startaplar: nəyi nailiyyət hesab edək?" müzakirəsində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova Forumun ilk iş günündə interaktiv müzakirə təşkil etməyin məqsədəuyğun hesab olunduğunu vurğulayıblar. Qeyd olunub ki, bu müzakirəyə ilk növbədə Akademiya gəncləri üçün maraq doğuran prioritet mövzular seçilib.
Ekspertlər daha çox proqram təminatı yönümlü elmi layihələrə üstünlük verdiklərini bildiriblər.
"Elmi tədqiqatlarda mövcud fondların rolu" adlı interaktiv müzakirədə gənclər böyük aktivliyi ilə seçilib. İctimai Televiziyanın aparıcısı Orxan Cabbarlının moderatorluq etdiyi bu bölümdə Fondların rəhbərləri ilə yanaşı, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev də iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, SOCAR Elm Fondunun nümayəndəsi məlumat verib ki, Fondların elan etdiyi müsabiqələrə gənc alimlərin göndərdikləri layihələr arasında uğurlu ola biləcək ideyalara rast gəlmək olur. Onlar Azərbaycanın gənc təşəbbüskarlarının artıq dünya bazarına çıxmağa hazır olduqlarına inam ifadə ediblər.
Üçüncü müzakirə mövzusu olaraq "İnnovativ ideyalar və perspektivlər" seçilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevin idarə etdiyi bu panel müzakirəsində AMEA-nın İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vüqar Bayramov və akademik Vaqif Abbasov iştirak edib. Onlar yeni formalaşmaqda olan innovasiyalı inkişaf, hökumətin bu sahənin inkişafına yönələn siyasəti, gənclərin innovativ ideyaları, onların reallaşdırılması imkanları, gələcək perspektivləri barədə ətraflı məlumat veriblər.
Ekspertlər bildiriblər ki, müasir dövrümüz dünya iqtisadiyyatının biliklər, texnologiyalar və innovasiyalar əsasında formalaşması və inkişaf etdirilməsi ilə xarakterizə olunur.
Müasir dünyada bütün innovasiya strukturlarının yeni növləri arasında elmi-texnoloji parklar özünün çoxfunksiyalılığı, həll etdiyi məsələlərin müxtəlifliyi ilə seçilir. Qeyd edilib ki, Azərbaycanda, xüsusən Akademiyada beynəlxalq təcrübəyə əsaslanaraq, yeni formalaşmağa başlayan innovasiya mərkəzlərində, texnoparklarda yüksək texnologiyaların istehsalı üçün bacarıqlı və həvəsi olan kadrlar potensialının, yetərli məlumat bazasının, maliyyə dəstəyinın proqramlı bir şəkildə aparılması olduqca vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir