AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və Orta əsrlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev və Qafqaz tarixi şöbəsinin elmi işçisi Əli Tağıyev oktyabr ayında Türkiyə Cümhuriyyətinin Ankara şəhərində 15 günlük ezamiyyədə olublar.
Ezamiyyədən qayıdan tədqiqatçıları Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qəbul edib. Dosent İlhami Əliyev yığıncaqda ezamiyyə müddətində axtarış apardıqları arxivlər, əldə olunan sənədlər, həmin sənədlərin məzmun və mahiyyəti barədə ümumi məlumat verib. Tədqiqatçı bildirib ki, Türkiyə Cümhurbaşqanlığı arxivlərində, Türk Tarix Qurumu və Türkiyə Cümhuriyyəti Genel Qurmay Başqanlığı Hərb Tarixi və Strateji Araşdırmalar Başqanlığı Arxivində Naxçıvanla bağlı arxiv sənədlərinin toplanması məqsədi ilə aparılan axtarışlar nəticəsində 3000 səhifədən artıq 500-ə yaxın sənəd əldə olunub. Xarici işlər Nazirliyi Türk Diplomatik Arxivi, Dövlət Arxivləri Başqanlığı Cümhuriyyət Arxivi, Dövlət Arxivləri Başqanlığı Osmanlı Arxivi, Milli Müdafiə Nazirliyi Hərbi Tahrir Arxivinin fondlarında Naxçıvan tarixinin bütün dövrləri ilə bağlı toplanan materiallar Naxçıvanın tarixi, mədəniyyəti, müxtəlif tarixi dövrlərdəki sosial-iqtisadi həyatı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bu, yalnız sənədlər haqqında irəli sürülən ilkin fikirlərdir. Toplanan sənədlərin dəqiq və ciddi araşdırılması üçün bir qədər zamana və sahə üzrə mütəxəssislərə ehtiyac vardır.
Arxiv materialları üzərində çalışmağın böyük məsuliyyət, diqqət və səbir tələb etdiyini dilə gətirən bölmə sədri bildirib ki, AMEA Naxçıvan Bölməsində elmi-tədqiqatların daha dərindən və dəqiq aparılması üçün arxiv sənədləri ilə işləmək ənənəsi mövcuddur. Əlbəttə, tədqiqatçının hazırlıq səviyyəsi, araşdırdığı mövzuya hakimliyi müvəffəq nəticə qazanmağa şərait yaradır. Bölmənin bəzi əməkdaşlarının əvvəlki illərdə respublikamızla yanaşı İngiltərə, Rusiya və Gürcüstan arxivlərində araşdırma apardıqlarını xatırladan akademik bildirib ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdirilməli, axtarışların əhatə dairəsi genişləndirilməlidir.
İsmayıl Hacıyev söhbət əsnasında tədqiqatçılarla öz təcrübələrini bölüşüb, əməkdaşlara bəzi tövsiyələr verib.
Sonda İlhami Əliyev və Əli Tağıyev sənədlərlə bağlı onlara ünvanlanan sualları cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.