8 Noyabr - Zəfər Günü münasibətilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) tədbir keçirilib.
Əvvəlcə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyevin, Azərbaycan Əfqan Veteranları İB-nin Lənkəran filialının sədri F.Hüseynovun, Qarabağ qaziləri və başqalarının qatıldığı tədbiri mərkəzin direktoru, professor Fərman Quliyev giriş sözü ilə açaraq müstəqillik uğrunda xalqımızın keçdiyi şərəfli yoldan danışıb. F.Quliyev tədbir iştirakçılarını Azərbaycanın tarixinin qızıl səhifəsi olan Zəfər Günü münasibətilə təbrik edib.
LREM-in Tarix və ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Mayis Cəfərov Zəfər Günü ilə bağlı geniş məruzə edib. O qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi istehkamları, ordusunu darmadağın edərək, milli birlik və döyüşçülərimizin igidliyi sayəsində böyük qələbə qazanıb. Bu böyük Zəfər, eyni zamanda, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, iqtidar-xalq birliyi sayəsində əldə edilib. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə hərb tariximizin qızıl səhifəsi oldu.
Məruzə ətrafında Əfqan Döyüşçüləri Lənkəran rayon təşkilatının sədri, t.ü.f.d. Fəxrəddin Hüseynov, LREM-in direktor müavini, b.ü.f.d. Sevinc Hüseynova, Milli Qəhrəman atası Hacı Ələkbər Əliyev ürək sözlərini söyləyiblər, möhtəşəm zəfərdə xalq-iqtidar birliyinin mühüm rolundan söz açıblar.
44 günlük Vətən müharibəsində bir səngərdə döyüşən Qarabağ qaziləri Rauf Salayev, Ağasəlim Camalov keçdikləri döyüş yolundan danışıblar.. Bildiriblər ki, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli strategiyası, vətən sevgisi onları daim irəliyə, qələbəyə doğru getməyə vadar edirdi. Əsgərlərimizdəki bu əzm və qətiyyət, qorxmazlıq qələbəmizin rəhni oldu.
Sonda tədbiri yekunlaşdıran professor Fərman Quliyev hamını Zəfər Günü münasibətilə təbrik edərək şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.