Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.11.2023 10:12
  • A-
  • A
  • A+

AMEA əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Bolqarıstanda Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Universitetdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illiyi münasibətilə baş tutan tədbirin təşkilatçıları Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Klassik və Modern Filologiya fakültəsi, Türk və Altay Dilləri departamenti və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzidir. Konfransda Azərbaycanı AMEA, BSU, BDU və Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi təmsil ediblər. Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov tədbirə qatılaraq, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin strateji əhəmiyyətindən söz açıb.

Konfransda AMEA-nın Rəyasət Heyəti Elmi İrs şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva “Şəki-Ossika. Qafqaz Albaniyasının antik şəhəri”, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova “Nəsiminin Avropada yaradıcı qavrayışı”, Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Azərbaycan bədii-yaradıcı ziyalıları mədəniyyət vasitəsilə azərbaycançılıq ideologiyasının əsas daşıyıcılarıdır”, Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Azərbaycanda qadın identikliyi” mövzularında təqdimat-məruzə ilə çıxış ediblər. AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə konfransın işinə onlayn qatılaraq “Azərbaycanda qadın hərəkatının tarixi” mövzusunda məruzə edib.

Zemfira Hacıyeva Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə AMEA Rəyasət Heyəti Elmi İrs şöbəsinin nəşri olan 20 kitab və broşür hədiyyə edib.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: