Genetik Ehtiyatlar İnstitutunda (GEİ) bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Akademiyanın 70 illik yubiley tədbirlərində Belarus Milli Elmlər Akademiyasını (BMEA) təmsil edən tanınmış alim, BMEA-nın baş elmi katibi, akademik Aleksandr Vladimiroviç Kilçevski ilə görüşüb.
Z.Əkpərov qonağa institutun yaranma tarixi, strukturu, burada aparılan elmi tədqiqat işləri, institut alimlərinin elmin müvafiq ən müasir istiqamətlərində əldə etdiyi nailiyyətləri, Belarus institutları ilə birgə həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib. O, Azərbaycanda genetik ehtiyatlar sahəsində son dövrlər xüsusilə inkişaf etdirilmiş milli qanunvericilik, yeni idarəetmə sistemi və bu sistemə göstərilən dövlət dəstəyindən danışıb.
A.V.Kilçevski isə öz növbəsində səmimi qəbul və uzun illər davam edən birgə elmi əməkdaşlıq üçün minnətdarlığını bildirib, ümumən Belarus Respublikasının elmi tədqiqat müəssisələrində, xüsusən də 2004-2014-cü illərdə direktoru olduğu BMEA Genetika və Sitologiya İnstitutunda maddi-texniki bazanın təkmilləşdirilməsi, ən müasir laboratoriyaların qurulması və aparılan modern tədqiqatlar barədə məlumat verib. BMEA-nın institutlarında və GEİ-də oxşar mövzular üzrə, o cümlədən Yeni Nəsil Sekvenserlərindən istifadə etməklə tədqiqat işlərinin aparıldığı xüsusi vurğulanıb, genetik ehtiyatların həm kompleks və müqayisəli tədqiqi, həm də seleksiyada səmərəli istifadəsi sahələrində əməkdaşlıq imkanlarından danışılıb.
A.V.Kilçevski GEİ-nin alimləri ilə birgə yaradılmış və artıq Belarus Respublikasında rayonlaşdırılmış ilk Belarus-Azərbaycan pomidor sortunun sertifikatını Z.Əkpərova təqdim edib. Görüşdə iki ölkənin bitki nümunələrinin birgə öyrənilməsi və istifadəsi üzrə yeni layihələrin mövcud olduğu bildirilib. Qeyd edilib ki, bu layihələrdən biri Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna və Belarus Respublikasının Elm Fonduna təqdim edilmişdir.
Görüşdə, həmçinin GEİ ilə Belarus institutları arasında biotəhlükəsizlik, genetik modifikasiya olunmuş bitkilər, marker əsaslı seleksiya və genom texnologiyaları üzrə digər birgə layihələrin həyata keçirilməsi, genetik material, ədəbiyyat, alim heyəti və tədqiqat nəticələri ilə mübadilə, eləcə də kadr hazırlığı üzrə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsi qərara alınıb.
Qonaq Milli Genbank, GEİ-nin şöbə və laboratoriyaları, xüsusən də Biotexnologiya şöbəsinin imkanları ilə də yaxından tanış olub.
Akademik A.V.Kilçevski institutun akt zalında keçirilən seminarda “Belarus Respublikasında genom biotexnologiyasının inkişafı” mövzusunda məruzə ilə çıxış edib, çoxsaylı sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir