Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

20 oktyabr Zəngilan Şəhəri Günüdür
20.10.2023 15:03
  • A-
  • A
  • A+

20 oktyabr Zəngilan Şəhəri Günüdür

“Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanında Zəngilan rayonu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilmişdir.

Zəngilan rayonunun ərazisi Oxçu çayının sahilində, dağ ətəyindədir. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının hər iki sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Qərbi Zəngəzurla, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.

Zəngilan rayonunun ərazisi orta və aşağı dağlıq sahədə yerləşir, mürəkkəb və parçalanmış səth quruluşuna malikdir. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri, Bəsitçay çayları keçir. Həkəri və Oxçu çayları rayonun cənub və şərq sərhədindən axan Araz hövzəsinə aiddir. Bəsitçayın dərəsində nadir çinar meşəsi (Bəsitçay qoruğu) mövcud olmuşdur.

Zəngilanın bir yaşayış məntəqəsi kimi təqribən 1400 ilə yaxın yaşı var. XX əsrin 60-70-ci illərində təsərrüfat işləri zamanı rayonun ərazisində tapılan küp qəbirlər (küp qəbirlər Şimali Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV-II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.

Zəngilan rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati-ərazi dəyişikliklərinə məruz qalmışdır. Çar Rusiyasının işğalınadək bölgə ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra aparılan ərazi-inzibati bölgüsü nəticəsində 1868-ci ildə Yelizavetpol (Gəncə) quberniyası, quberniyanın tərkibində Şuşa, Yelizavetpol (Gəncə) və Zəngəzur qəzaları yaradıldı. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edildi.

1925-ci ilə aid sənədlərdə Zəngilan bölgəsi Cəbrayıl qəzası tərkibində göstərilir. 1929-cu ildə Zəngilan rayonunun Nüvədi, Tuğut, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilib.

Zəngilan rayonu 1930-cu ildə təşkil edilmiş, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli Qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 14 mart 1933-cü il tarixli Qərarı ilə Qubadlı rayonu yenidən bərpa edilmiş və 18 kənd sovetliyi Zəngilan rayonundan alınaraq Qubadlı rayonuna birləşdirilmişdir. Rayon mərkəzi 1957-ci ilədək Pirçivan adlanmış, 1967-ci ildən onun adı dəyişdirilərək Zəngilan şəhəri adlandırılmışdır. İri yaşayış məntəqələri Zəngilan şəhəri və şəhər tipli Mincivan qəsəbəsidir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 1963-cü il 4 yanvar tarixli qərarı əsasında Qubadlı rayonu ləğv edilmiş və ərazisi Zəngilan rayonu tərkibinə verilmişdir. Lakin bu ləğv olunmadan qısa bir müddət sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur.

Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başlamışdı. Ermənilər dəmiryolunu bağlayaraq, qatarları saxlayır, azərbaycanlıları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrilmişdi. 1992-ci ilin yanvar ayının sonunda Ermənistan silahlı qüvvələrinin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Erməni quldurları Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər.  Aprelin 9-da Ermənistan Silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveys, Günqışlaq kəndlərinə soxulur. İki həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qalır. Ermənilər növbəti hücuma iyunun 29-da başlayır, iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur.  Qısa fasilədən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə 1992-ci ilin sonunda Zəngilan rayonunun 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur. 1993-cü ildə döyüşlər ara vermir. Yaz aylarında ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Gəyəli və Canbar kəndləri işğal olunur. İki gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında qalır. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilir. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilir. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək, daha 5 kilometr irəliləyir. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşür. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunur. Bununla da Zəngilan rayonunun mühasirəsi başa çatır.

Rayon işğal edilərkən Zəngilan 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşırlar.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. 27 ildən sonra - oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşməndən azad etdi.

Hazırda işğaldan azad olunmuş Zəngilanda böyük quruculuq işləri gedir. 27 il öncə doğma yurd-yuvasını odun-alovun içində qoyub gələn zəngilanlılar bu gün sevinc göz yaşlarına boğularaq evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Alı BALAYEV, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəklsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: