Milli Azərbaycan Tarixi Muzeyində Hindistanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüş keçirilib.
Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, səfir Sridharan Madhusudhanan, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və səfirliyin əməkdaşı Fatimə İsmayılova iştirak edib. Akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib və səfirə muzey haqqında ətraflı məlumat verib.
Akademik N.Vəlixanlı muzeyin həm mədəni, həm də elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərdiyini və digər ölkələrlərlə olduğu kimi Hindistan muzeyləri ilə də elmi, mədəni əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətlərin aparılmasını təklif edib.
Səfir Sridharan Madhusudhanan muzeylə tanışlıqdan öz məmnunluğunu bildirib və Azərbaycanın zəngin və qədim tarixə malik olduğunu vurğulayıb.
Hər iki ölkənin muzeyləri arasında birgə əməkdaşlıq istiqamətində gələcəkdə səyyar sərgilərin, konfransların, treninqlərin həyata keçirilməsi ilə bağlı planlar müzakirə edilib, müəssisələr arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərindən danışılıb.
Səmimi söhbətdən sonra səfirə muzeyin zəngin kolleksiyasına həsr olunmuş nəşrləri hədiyyə olunub. Akademik Nailə Vəlixanlı səfiri muzeyin fondlarında qorunan Hindistan tarixini əks etdirən eksponatlarla tanış edib. Səfir Sridharan Madhusudhanan da dəyərli hədiyyələrini akademik Nailə Vəlixanlıya təqdim edib və xatirə fotosu çəkilib.
Sonda məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət edən səfir Azərbaycan mədəniyyətinə və tarixinə heyranlığını ifadə edib və muzeyin rəylər kitabına ürək sözlərini yazıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.