Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Heydər Əliyevin siyasi dilinin lüğəti” əsəri çapdan çıxıb
11.12.2023 13:52
  • A-
  • A
  • A+

“Heydər Əliyevin siyasi dilinin lüğəti” əsəri çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri fil.ü.f.d., dos. Xədicə Heydərovanın “Heydər Əliyevin siyasi dilinin lüğəti” əsəri çapdan çıxıb.

Kitabın redaktoru və Ön sözün müəllifi Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Rəyçilər filologiya elmləri doktoru, professor Sayalı Sadıqova və filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlidir.

Yeni nəşr bütün ömrünü öz xalqına həsr etmiş Ulu Öndərin 100 illik yubileyinə həsr olunub. Bu lüğət dövlət xadiminin dilinə həsr olunma xüsusiyyətinə görə leksikoqrafiya sahə­sin­də ilk təcrübədir.

Lüğətin sözlüyünə Ulu Öndərin dilində işlənən polito­lo­giya elminə, diplomatiyaya və ölkədə mövcud müharibə ilə bağlı hərbiyə aid terminlər, siyasi təşkilatların qısaltmaları və eyni zamanda antroponimlər, toponimlər daxil edilib. Politologiya elminə aid terminlər Ulu Öndərin sovet dövründəki siyasi görüşlərini (məs., kommunist, bolşevik, beşil­lik, Ali Sovet və s.) və 90-cı illərdəki siyasi fəaliyyəti ilə bağlı işlətdiyi leksik vahidləri (məs., hüquqi cəmiyyət, beynəlxalq aləm, aparıcı qüvvələr, siyasi partiyalar və s.) əhatə edir. Heydər Əliyevin dilində antroponimlərdən şair və yazı­çı­ların, musiqiçilərin adları işlənsə də, lüğətə yalnız siyasi xadimlərin adları daxil edilib.

Bir elmi yenilik kimi təqdim edilən dövlət xadiminin dilinə həsr olunmuş bu lüğət Heydər Əliyevin siyasi baxışlarını, leksikasını əks etdirmək nöqteyi-nəzərindən çox maraqlıdır və burada terminoloji leksikadan əlavə, Ulu Öndərin nitq və çıxışlarında adlarını çəkdiyi siyasi xadimlər haqqında məlumatların, tarixi-coğrafi adların, hadisə və predmetlərin şərhinin verilməsi tarixi baxımdan olduqca əhəmiyyətlidir.

Mənbə olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Heydər Əliyev, Elektron sənədlər toplusu”na daxil olan 1969-1982, 1989-1993, 1993, 1994, 1995, 2000, 2003-cü illər üzrə toplanmış Heydər Əliyevin nitqləri, çıxışları, məruzələri, müsahibələri və bəyanatlarından istifadə olun­ub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: