Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

11.12.2023 13:54
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3511 oblastındakı M5.5 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R1 və R2 səviyyəli radiosiqnalların kəsilməsi, həmçinin  qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində 8 ləkə qrupunda 120 ləkə və Tac dəlikləri müşahidə olunur.

AR Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 1398 pfu-ya kimi yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə  fon səviyyəsində qalmışdır.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti artaraq 666 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 20 nT, radial istiqamətdə isə  -8 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 443 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 3.35 nT, radial istiqamətdə isə  -0.47 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi qeyri-sabit və sakit səviyyələrdə olmuşdur. Hal-hazırda Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahəsi sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (11-17 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3511 və 3513 oblastlarındakı alışma ehtimallarına əsasən S1 (radiasiya qasırğası) səviyyəsinə yüksələ bilər.   

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyindən çıxan Yüksək Sürətli Axınların təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də müsbət qütblü Tac Dəliyindən çıxan Yüksək Sürətli Axınların təsiri ilə qeyri-sabit olacağı gözlənilir. Həmçinin son 9 dekabrda baş vermiş TKA-nın da təsiri ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: